Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2503/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 xidmət etmiş və Sabunçu RPİ PPXB-də polis nəfəri işlədiyi dövrdə, yəni 19 iyul 2018-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi “Fiat Doblo” markalı patrul avtomobili ilə qəzaya uğramış və nəticədə başından xəsarət almışdır. Belə ki, iddiaçının xidməti vəzifəsini yerinə yetirməsi zamanı aldığı xəsarət ilə əlaqədar Sabuçu RPİ tərəfindən aparılmış xidməti araşdırmanın nəticəsinə dair 13 sentyabr 2018-ci il tarixli rəy tərtib edilmişdir. İddiaçı aldığı xəsarətə görə həmin gün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış, üz və baş nahiyəsindən xəsarət aldığından ona ilkin tibbi yardım göstərilmişdir. İddiaçı sonradan DİN-nin 2 saylı Poliklinikasına müraciət etmiş, 21 iyul 2018-ci il tarixdən 31 iyul 2018-ci il tarixədək DİN-nin Respublika Hospitalında “böyük beynin paylarından və mədəciklərindən başqa baş beynin İ dərəcəli törəməsi” diaqnozu ilə stasionar müalicə almışdır. Daha sonra iddiaçı Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən xəstəxanada müalicə almış, 16 avqust 2018-ci il tarixdə Türkiyə Respublikasında başından əməliyyat olunmuşdur. 20 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində müayinə keçdikdən sonra DİO-da gələcək xidmətə yararlılığının təyini üçün Xüsusi Həkim Komissiyasına, həmin komissiyasının göndərişi ilə DİN-nin Respublika Hospitalına göndərilmişdir. İddiaçı 25 fevral 2019-cu il tarixdən 07 mart 2019-cu il tarixədək “stasionar müalicə” almış, müalicəsi ilə əlaqədar ona “beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Asteno-nevrotik vəziyyət, Tectal qliomanın çıxarılması əməliyyatından sonrakı vəziyyət, sağ böyrəyin daşı, Xroniki kalkulyoz pielonerit” diaqnozu qoyulmuşdur. Bundan sonra Xüsusi Həkim Komissiyasının 13 mart 2019-cu il tarixli 58 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı DİO-da xidmətə yararsız hesab edilmişdir. Bununla əlaqədar iddiaçı 20 oktyabr 2023-cü il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, ona xidməti vəzifəsinin icrası ilə bağlı xəsarət alması və əlilliyinin müəyyən edilməsi səbəbindən sığorta ödənişinin verilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinə cavab verərək, sığorta ödənişini ödəməkdən imtina etmişdir. Cavabdehin imtinasından iddiaçının verdiyi şikayət üzrə Mərkəzi Bankın müdaxiləsindən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödəniləcəyi bildirilməsinə baxmayaraq, ödəniş yenə də gecikdirilmiş, iddiaçının müxtəlif şikayətlərindən sonra cavabdeh 08 fevral 2024-cü il tarixdə, yəni müraciətindən 109 gün sonra iddiaçıya sığorta ödənişi qismində 19.364 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh iddiaçıya sığorta ödənişini sonuncu bu barədə müraciət etdiyi gündən ən gec 10 gün ərzində ödəməli olmasına baxmayaraq, bu ödənişi gecikdirmiş, bu üzdən iddiaçının həmin ödənişin gecikdirilməsinə görə cavabdehdən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb etmək hüququ yaranmışdır. Belə ki, iddiaçıya ödənilməmiş sığorta ödənişi məbləğinin 19364 manat olması nəzərə alınarsa, həmin məbləğin 0,1 faizi hər gün üçün hesablanıb iddiaçıya ödənilməlidir. Qanunvericilik Sığortaçıya sığorta ödənişinin hesablanıb sığortalıya ödənilməsi üçün 10 gün vaxt müəyyən etmiş və bu vaxtdan sonra sığortalının gecikən hər gün üçün dəbbə pulu tələb etmək hüququ yaranır, yəni iddiaçı cavabdehə sığorta üçün 20 oktyabr 2023-cü il tarixdə müraciət etdiyi üçün, o, ən geci 30 oktyabr 2023-cü il tarixədək sığorta ödənişini iddiaçıya ödəməli olduğuna görə, həmin gündən sonra ödənilməyən hər gün üçün cavabdehdən dəbbə pulu tələb edir. Beləliklə, 30 oktyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinə dair etiraz verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan sığorta hadisəsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun əvvəlki redaksiyası ilə tənzimlənir. Çünki, sığorta hadisəsi əvvəlki redaksiya qüvvədə olduğu müddətdə baş vermişdir. Həmçinin, Şirkət həmin qanunun əvvəlki redaksiyası ilə hadisələri tənzimləyir, çünki yeni redaksiyada bu sığorta növünün həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Qanunun həmin redaksiyasında olan müvafiq maddəyə əsasən, sığortaçı, yaxud ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Tələb olunan sənədlər siyahısına əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti də daxildir. Qeyd olunan arayışın surəti iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə notariat qaydasında təsdiq etdirilmiş və xx.xx.2024-cü il tarixdə Şirkətə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Sabunçu RPİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, aparılmış xidməti təhqiqatın nəticəsinə əsasən Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı xəsarətinin xidməti vəzifəsinin icrası zamanı almasının nəzərə alınması təklif edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində əlillik haqqında arayışdan görünür ki, İddiaçı AR DİN-nin XHK-nın 58 №-li qərarına əsasən “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulduğundan, ona xx.xx.2019-cu ildən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir (arayış xx.xx.2024-cü il tarixdə notariat qaydasında təsdiq edilmişdir). DSMF Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 023574 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək 2 (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, sabiq polis əməkdaşı İddiaçı xidməti davam etdirməsinə imkan verməyən xəstəliyinin xidməti vəzifəsinin icrası ilə əlaqədar yarandığının nəzərə alınması təklif edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyun tarixli 1718 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlərin tarixi 2021-ci ilin yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir,”. Fərmanın 3cü bəndinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır. “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlərin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirimliş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 17 oktyabr 2023-cü il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, İddiaçı sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. DİN-nin 17 oktyabr 2023-cü il tarixli Rəyində baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci ilin yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. xx.xx.2019-cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən İddiaçı dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun müraciəti Şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 oktyabr 2023-cü il tarixli rəyində sabiq polis nəfəri İddiaçı səhhətində yaranmış xəstəliyin baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqəsi olmadığı, hadisədən bir müddət sonra əmələ gəldiyi və bu səbəbdən 2019-cu ilin mart ayında xidmətdən xaric edildiyi barədə etiraf etdiyi qeyd edilmişdir. Həmçinin, sözügedən Rəyin 3-cü səhifəsində DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda İddiaçı xəstəliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə DİN-nin müvafiq xidmətinin Rəyinin tələb olunduğu və bu hadisə ilə bağlı həmin idarəyə məlumat olmadığı qeyd edilmişdir. Habelə, Rəyin 4-cü səhifəsində İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin 023574 saylı vəsiqəsinə əsasən xx.xx.2020-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi təyin edildiyi qeyd edilir, lakin Şirkətə təqdim olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının arayışından əlilliyin təyinat tarixi xx.xx.2019-cu il qeyd edildiyi görünür. Bu da sözügedən hadisədə anlaşılmazlığa səbəb olur. Həmçinin, Rəyin 4-cü səhifəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumatında xx.xx.2023-cü il tarixli qiymətləndirmə zamanı İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu əsasında 5 il müddətində ikinci dərəcəli əlillik müəyyən edilməsi göstərilmişdir. Daxili İşlər Nazirliyinin Rəyində DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-27/2-4002/2023 nömrəli məktubuna istinadən sabiq polis əməkdaşı İddiaçı xəsarət almasının xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə rəyin təsdiq edilmiş surətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli, 09/Q- 441/1/2024 nömrəli məktubuna əsasən zəruri sənədlər sığortaçıya təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçiriləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli 76569 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı hesabına “2-ci qrup əlilliklə əlaqədar (Ser. № 0********)” 19364 (on doqquz yüz min üç yüz altmış dörd) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Sabunçu RPİ-nin PPXB-də işləyərkən xidməti vəzifəsinin icrası zamanı xəsarət almış, AR DİN-in XHK-nın 58 №-li qərarına əsasən ona “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyularaq xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, DSMF Sabunçu rayon şöbəsi tərəfindən 023574 nömrəli vəsiqə verilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla ona sığorta ödənişini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunduğundan, iddiaçı bu dəfə də Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2019-cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən iddiaçıya dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun deyil, Şirkətin səlahiyyətlərinə aid olması ona bildirilmişdir. İki qurum arasında olan fikir ayrılığı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həll olunmuş, belə ki, xx.xx.2024-cü il tarixli məktubla zəruri sənədlər sığortaçıya təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçiriləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. Nəhayət, xx.xx.2024-cü il tarixdə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bank hesabına köçürmə yolu ilə iddiaçıya 19.364 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı sığorta ödənişinin verilməsi məqsədilə xx.xx.2023-cü ildə cavabdeh şirkətə müraciət etdiyini, qanunvericiliyə görə cavabdeh şirkətin xx.xx.2023-cü ildə ona ödəniş etməli olmasına baxmayaraq, ödənişi gecikdirərək xx.xx.2024-cü ildə verməsini mübahisələndirərək, gecikdirilmiş hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir; cavabdeh isə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sənədləri gec – xx.xx.2024-cü ildə verməsi səbəbindən ona sığorta ödənişinin gec verildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin və etirazın dəlillərini müqayisəli şəkildə tədqiq edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildə cavabdehə müraciət etməsi, cavabdehin isə ona əsassız olaraq Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsini tövsiyə etməsinə dair cavab məktubunu xx.xx.2023-cü ildə verməsi, buna görə iddiaçının müvafiq olaraq Fonda müraciət etməsi, lakin əvvəlcə Fondun, sonra isə Mərkəzi Bankın məsələnin cavabdehə aidiyyəti olmasını bildirməsindən sonra nəhayət xx.xx.2024-cü ildə cavabdehin iddiaçıya sığorta ödənişini ödəməsi – yəni sığorta ödənişini gecikdirməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Halbuki, sığorta ödənişini qanunla müəyyən olunmuş müddətdə ödəmək sığortaçının birbaşa qanundan irəli gələn vəzifəsidir. Mülki qanunvericiliyin sığorta haqqında müddəalarına, habelə sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq cavabdehin sığorta ödənişini əsassız olaraq qanunla müəyyən olunmuş müddətdə ödəməməsi faktı öz təsdiqini tapdığından, məhkəmənin qənaətinə görə hazırda iddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb etməkdə haqlıdır. Cavabdehin “iddiaçının tələb olunan sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini gec verməsi səbəbindən ona ödənişin gec ödənilməsinə dair” dəlilini məhkəmə ona görə əsassız hesab edir ki, birincisi, iddiaçının sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman qüvvədə olan qanunun müvafiq normasında belə bir tələb olmamış (17 dekabr 2013-cü il tarixli 846-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmış, 3 dekabr 2021-ci il tarixli 419-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 7-ci maddə yeni redaksiyada verilmişdir), ikincisi isə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müvafiq məktubda ona imtinanın verilməsi əsası həmin sənədin vaxtında təqdim edilməməsi deyil, məhz ödənişin kim tərəfindən edilməli olmasına dair cavabdehlə müvafiq qurum arasındakı ziddiyyətli fikirlər olmuşdur. Hazırda da cavabdeh bu dəlilə istinad edərək, iddianın təmin edilməməsini tələb edir. Bu isə öz növbəsində ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 934-cü maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə qeyd edir ki, bu məsələyə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, yəni cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 39,55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1 və 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.3-cü maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür; Mülki Prosessual Məcəllənin: 119.1-119.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu alınaraq İddiaçı verilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 39,55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2503/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2503/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver