Məhkəmə qərarları › İş №2(006)-2515/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2515/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2515/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.400 manat məbləğində sığorta haqqının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-1994-cü illərdə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlərdə olan zaman bir neçə yerindən güllə yarası – xəsarət almışdır. Tərxis olunduqdan sonra, ona Qarabağ döyüşlərində aldığı yaralarla bağlı 3-cü qrup əlillik dərəcəsi təyin edilmiş, müharibə veteranı statusu verilmişdir. Döyüşlərdə sağlamlığını itirmişdir, işləmə qabiliyyəti aşağı düşmüşdür. Ailəsinin ehtiyaclarını ödəməyə çətinlik çəkir. Qanunvericiliyin tələbinə əsasən o, hərbi qulluqçu olaraq xidmətə getdiyi andan sığorta olunmuşdur və sağlamlığına dəymiş ziyana görə ona sığorta haqqı ödənilməlidir. Bu barədə cavabdeh orqana müraciət edərək, ona sığorta haqqı məbləğinin ödənilməsini xahiş etsə də, ərizəsinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın mövqeyi qanunsuz və əsassızdır, iddia təmin edilməlidir. Çünki, hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1975ci il tarixdə Ermənistan SSR Ararat rayonu İmrazlı kəndində doğulmuşdur. Bakı şəhəri Binəqədi RHK-dan həbi xidmətə çağırılmış İddiaçı öncə bir hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 137 saylı əmrinə əsasən şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq, sıravi hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin edilmişdir. Daha sonra digər hərbi hissəyə xidmətini davam etmək üçün getmiş, həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 241 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. Tərtər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmışdır, qulluq etdiyi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 113 saylı əmri ilə ştatdan kənar edilmişdir. Aldığı yaralara görə, uzun müddət müalicə almış, ona müvafiq TSEK tərəfindən İİİ qrup əlillik dərəcəsi təyin edilmiş, müharibə veteranı statusu almışdır. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən, yuxarıda qeyd edildiyi kimi, İddiaçı İİİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir (xx xxxxxx 1994-cü il tarixdə yaralanma ilə bağlı). Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmadır (yaralanmadır). İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı sığorta məbləğinin verilməsi haqqında xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, həmin Şirkətdən özünə çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli 07-07-27 saylı məktubundan görünür ki, İddiaçı səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə qeyri-məqbul cavab verilmişdir. İddiaçıya ərizəsində qeyd olunan məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanma (travma) ilə bağlı üçüncü qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İddiaçının İİİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar