Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2516/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2nə (TƏBİB) və "Cəlilabad rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə ******* manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,Cavabdeh2 və "Cəlilabad rayon mərkəzi xəstəxanası" X10 müştərək qaydada ******* manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ehtiyatsızlıqdan bir nəfərin ölümünə və bir nəfərin də ehtiyyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, təqsirləndirilən şəxs X5 xx xxxxx 2018-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Privolnoye kənd həkim məntəqəsində mama işləyərkən həmkəndlisi X6 doğuş sancıları ilə əlaqədar işlədiyi həkim məntəqəsinə qəbul etdikdən sonra sonuncuda vizual, laborator və ultrasəs müayinələri əsasında anemiya və böyrəklərdə zəif iltihab əlamətləri və risk qrupun daxil edilən hamiləlik müəyyən edildiyi, risk qrupuna daxil edilən hamiləliyin “kesar kəsiyi” cərrahiyə əməliyyatı yolu ilə ixtisaslaşmış tibb müəssisəsində başa çatdırılmalı olduğu və doğuşu təkbaşına icra etməyə səlahiyyəti olmadığı halda, Vəfa Yusubovanın və doğulacaq uşağın həyat və sağlamlığına təhlükə yaratdığını qabaqcadan görsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxx 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq olunmuş “Normal doğuş üzrə protokolun” və xx xxxxxxxx 2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş “Mamanın nümunəvi vəzifə təlimatının” 6-9-cu bəndlərinin tələblərini pozmaqla hamiləlik vəziyyətini düzgün qiymətləndirməyərək kifayət qədər əsas olmadan mənfi nəticələrin qarşısını alacağını güman edib saat 08 radələrində Vəfa Yusubovanın doğuşunu təkbaşına icra etməyə başlamış, doğuş vaxtı dölün doğuş yollarından keçdiyi zaman yol verdiyi kobud texniki səhv nəticəsində ehtiyyatsızlıqdan yeni doğulmuş uşağa başının sağ təpə nahiyyəsinin kefalohematoması, sağ körpücük sümüyünün orta üçdə birinin yerdəyişməyən sınığı və iki tərəfli pnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan yeni doğulmuş uşağın sağlamlığına ağır zərər vurmuş, doğuş vaxtı və doğuşdan sonra tibbi yardımla bağlı yol verdiyi kobud texniki səhvlərlə əlaqədar ehtiyatsızlıqdan Vəfa Yusubovaya kəskin qanitirmə səbəbindən inkişaf etmiş posthemorragik şok nəticəsində ölümü ilə səbəbli əlaqə təşkil edən, uşaqlıq boyununda və uşaqlıq yolunda olan çoxsaylı natamam cırılmalarla müşayiət olunan xəsarətlər yetirməklə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxx 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokolun” tələblərini pozmaqla doğuşdan sonra sonuncunun kəskin qanitirmə əlamətləri olduğu halda, bunu aşkar etməyərək və müvafiq profilaktik tədbirlər görməyərək iki saat həkim məntəqəsində saxlayıb vaxtında daha ixtisaslı tibb məntəqəsinə göndərilməsini təmin etməməklə ehtiyatsızlıqdan X6 öldürmüşdür. Cəlilabad rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası CM-in 124.1 və 131.2-ci maddələri ilə təqsirli bilinmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 124.1 və 131.2-ci maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının - Cəlilabad rayonu Privolnoye kənd həkim məntəqəsində işləmiş şəxsin təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə əsasən X5 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət və yerli özünüidaretmə orqanlarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına, Azəraycan Respublikası CM-in 131.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarılarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 62.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X2 üzərində qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünüidaretmə orqanlarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində - dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasının saxlanılması hökm edilmişdir. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi və övladına həyatı üçün təhlükəli olan ağır zərər vurması ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın dənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum həyat yoldaşının ölümü və uşağın hal hazırki durumu, onun beyin iflici olması, gözümün önündən getməməsi, xəstə uşağıma və digər 2 uşağma təkbaşıma baxmağı, keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş 5.000.000 (beş milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Xəstəxananın əməkdaşı olmuş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1 və 131.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Sözügedən şəxs aralarında bağlanan əmək müqaviləsinə əsasən, işəgötürən qismində çıxış edən Xəstəxananın işçisi olmuşdur. Bu səbəbdən də mülki hüquq pozuntusu ilə bağlı iddia tələbi barədə işə iddiaçı tərəfindən cavabdeh qismində Xəstəxana və ya onun sözügedən əməkdaşı cəlb edilməli idi. Lakin hazırda iddiaçı tərəfindən qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyət göstərən Xəstəxananın, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx xxxxxx 2018-ci il tarixli, 418 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq təsisçisi qismində çıxış edən və Xəstəxananın fəaliyyəti ilə bağlı heç bir mülki məsuliyyət daşımayan TƏBİB işə cavabdeh qismində cəlb edilmişdir. Ümumiyyətlə, iddia tələbi ilə bağlı isə qeyd edirlər ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərin əvəzi olaraq cavabdehlərdən ******* manat məbləğində pulun tutulması ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut və əsaslandırılmış faktlar təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Şəhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx xxxxx 2018-ci il tarixli, 31/MEŞ nömrəli rəyinin təsdiq olunmuş surətindən görünür ki, 16 günlük Yusubov “Adsız” Famil oğlunun məhkəmə-tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsinin kefalohematoması (dölün doğuş kanalından keçərkən başının konfiqurasiyasının dəyişilməsi ilə əlaqədar təpə sümüklərinin bir-birinin üzərində məhdud sürüşməsi qramam həmin hissədə dərinin də sümüküstlüyü ilə birlikdə kobud yerdəyişməsi nəticəsində baş vermiş subperiostal qansızması), sağ körpücük sümüyünün orta üçdə-birinin (yaşıl budaq tipli) yerdəyişməyən sınığı və pleksiti, iki tərəfli vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İneksiya yerləri isə tibbi müdaxilə pnevmotoraks (doğuş prosesi zamanı) dölün doğuş yollarından keçərkən tibbi manipulyasiyalar zamanı yol verilmiş kobud texniki və ya taktiki səhv nəticəsində dölün almış olduğu zədələr akuşer taravmalara aiddir) xəsarətlər aşkar edilmişdir. Dərəcəsinə görə iki tərəfli pnevmotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(073)-96/2018 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X2 üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarının tibb müəssisələrində doğuşun həyata keçirilməsi ilə əlaqədar vəzifələr (peşələr) tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası saxlanması, əsas cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmənin əvvəlinin X2 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən Privolnoye həkim məntəqəsində tibb bacısı vəzifəsinə işə götürülmüşdür. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1-dən Cəlilabad rayon mərkəzi xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq “TƏBİB”in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmçinin, yuxarıda adı çəkilən qərarda qeyd olunmuşdur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(073)-96/2018 saylı hökmünə əsasən, Cəlilabad mərkəzi rayon xəstəxanasının əməkdaşı olmuş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1 və 131.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının həyat yoldaşı X3 doğuşdan sonra yaranmış kəskin qanitirmə mama tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. V.R.Yusubovada müəyyən edilən kəskin qanitirmə doğuş zamanı uşaqlıq boynunda və uşaqlıq yolunda olan çoxsaylı natamam cırılmalarla əlaqəlidir və buna da məsul şəxs zahının vəziyyətini düzgün qiymətləndirməyən, təbii doğuşu icra edən mama X.Hüseynovadır. V.R.Yusubovanm meyiti müayinə olunmuşdur və onun ölümünə səbəb təbii doğuşdan sonra uşaqlıq boynunda və uşaqlıq yolunda olan çox saylı natamam cırılmalarla əlaqədar kəskin qanitirmə nəticəsində yaranan posthemoragik şokun olduğu müəyyən edilmişdir ki, bu da təbii doğuşun kobud qüsurlu icrası ilə əlaqəlidir. V.R.Yusubovanm ölümü ilə təbii doğuşu başa çatdırılandan sonra vəziyyətinin ağırlaşması zamanı ona göstərilən (daha doğrusu göstərilməyən) tibbi yardım arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs doğuşu icra edən mama X.Hüseynovadır. V.R.Yusubovada doğuşdan sonra yaranan ağırlaşma düzgün qiymətləndirilərək vaxtında ixtisaslaşmış tibbi yardım göstəribsəydi onun ölümünün qarşısını almaq mümkün olardı. V.R.Yusubovanın xx.xx.2018-ci il tarixdə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına daxil olarkən onda artıq bioloji ölüm baş vermişdir və bu səbəbdən də ona hər hansı bir tibbi yardım göstərilməmişdir. V.R.Yusubovanın yeni doğulmuş uşağının məhkəmə-tibbi müayinəsi zamanı başın sağ təpə nahiyəsinin Kelalohematoması (dölün doğuş yollarından keçərkən başının konfiqurasiyasının dəyişilməsi ilə əlaqədar təpə sümüklərinin bir-birinin üzərində məhdud sürüşməsi zamanı həmin hissədə dərinin də sümüküstlüyü ilə birlikdə kobud yerdəyişməsi nəticəsində baş vermiş subperiostal qansızına), sağ körpücük sümüyünün orta 1/3-nin yerdəyişməyən sınığı və pleksiti, iki tərəfli pnevmotoraksın olduğu müəyyən edilmişdir ki, bu da doğuş vaxtı dölün doğuş yollarından keçərkən tibbi manipulyasiyalar aparılarkən yol verilmiş kobud texniki səhv nəticəsində dölün almış olduğu zədələrə (mama travmalarına) aiddir. V.R.Yusubovaya vaxtında cərrahi əməliyyat aparılsa idi, yenidoğulmuşda qeyd olunan ağırlaşmalar (xəsarətlər) olmazdı. Mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların 2018-ci il tarixdə aparılan cinayət işi üzrə keçirilmiş məhkəmə prosesləri zamanı tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını və Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündə təsdiqini tapmış faktları nəzərə alaraq məhkəmə hesab edir ki, Cəlilabad rayon mərkəzi xəstəxanası tərəfindən iddiaçının həyat yoldaşına və övladına göstərilmiş tibbi xidmət qüsurlu olmuşdur. Beləliklə, Cəlilabad rayon mərkəzi xəstəxanasının əməkdaşı X2 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində X7 vəfat etmiş, yeni doğulmuş körpənin isə sağlamlığına zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi və uşağının aldığı xəsarətlər ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı (xəstə övladına qulluq və s.) keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "Cəlilabad rayon mərkəzi xəstəxanası" X10 iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Cavabdeh2ndən mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1-dən Cəlilabad rayon mərkəzi xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı hər hansı öhdəliyin daşıyıcısı deyildir. Həmçinin nəzərə alınmalıdır ki, "Cəlilabad rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin təsisçisi hazırda "TƏBİB" olsa da, o da mübahisə üzrə öhdəlik daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. "Cavabdeh2” publik hüquqi şəxsin nizamnaməsində belə cavabdehlik nəzərdə tutulmadığından “TƏBİB” də iddia tələbi üzrə iddiaya cavab verməli şəxs deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "Cəlilabad rayon mərkəzi xəstəxanası" X10 İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pul tutulmalı, iddia digər hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin . "Cəlilabad rayon mərkəzi xəstəxanası" X10 İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pul tutulsun. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2516/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2516/2020
16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver