Məhkəmə qərarları › İş №2(006)-2541/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2541/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2541/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluçu kimi 6.600 manat sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək hərbi hissədə xidmət etmişdir. Yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqlarımızı qorumuş və döyüşlərdə iştirak etmişdir. Döyüşə gedərkən komissiyalardan keçmiş və sağlam olmuşdur, lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır. Hazırda da, 2-ci qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt xidmətdə qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyanın qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olduğu qeyd olunmuşdur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, onun əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 6.600 manat məbləğində sığorta pulu verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1961ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuşdur. İddiaçı 1993-cü ildə Şirvan ŞHK tərəfindən hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə yaralanmışdır. «Hər iki ayaq pəncəsinin İİİ-İV dərəcəli donvurması. Sol pəncənin İ-İİ-İİİ barmaqlarının amputasiyasından sonrakı vəziyyət» diaqnozu və «Sol ayağın İ-İİ-İİİ barmaqlarının donvurmadan sonrakı İİ falanqa səviyyəsindən amputasiyon güdülü» diaqnozu ilə müalicə və müayinə olunmuşdur. Həmin yaralanmalar hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, İddiaçı «Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması. Aşağı ətrafların İİİ-İV dərəcəli donvurmadan sonrakı obliterasiyaedici endoartriti. İşemik mərhələ. Periferik damarların digər xəstəlikləri. Sol pəncə barmaqlarının amputasiyası. Aşağı ətrafların xroniki işemiyası. İİİ-İV mərhələ. Yerişin pozulması-fasiləli axsama» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 712 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1933-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissənin tərkibində Ağdərə rayonu, Varyaz kəndi uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.1993-cü il tarixdə hər iki ayaq pəncəsinin donvurmasına görə amputasiya ilə nəticələnən xəsarət almışdır. Bununla əlaqədar ARMN-nin 229 saylı hərbi hospitalında və keçmiş Əli Bayramlı şəhər Mərkəzi Xəstəxanasında müalicə almışdır. xx.xx.1995-ci il tarixdə hərbi hissə komandirinin N saylı əmri ilə şəxsi heyətin sırasından çıxarılmışdır. Halhazırda SHXÇDX-nin Şirvan şəhər şöbəsi üzrə Qarabağ müharibəsi əlillərinin qeydiyyatındadır. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli 254 saylı məktubundan görünür ki, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, Siz sığorta məbləğini almaq hüququna malik olursunuz. Lakin sənədlərdən göründüyü kimi, 1993-cü ildə hərbi xidmət zamanı xəsarət almış və bu hadisədən 27 ildən artıq müddət keçdikdən sonra, əlillik dərəcəsi təyin olunmuşdur. Ona görə də, Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür” cavabı verilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup müddətsiz əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar