Məhkəmə qərarları › İş №2(006)-2545/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2545/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2545/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə Azərbaycan Ordusunda hərbi xidmətə çağrılmışdır. 2003-cü ilin yanvar ayından xəstələnmişdir. xx.xx.2003xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü ilədək 230 saylı hərbi hospitalda stasionar müalicə almışdır. Nəticədə HHK-nın qərarı ilə ona “xroniki qlomerulonefrit təcrid olunmuş sidik sindromu ilə” diaqnozu qoyularaq, “xəstəliyin hərbi xidmət dövründə alınması” müəyyən edilmişdir. HHK-nin hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və.s yararlılıq haqqında qərarına əsasən “Xəstəliklər cədvəlinin” 71 b maddəsinin İİ qrafasına və ƏTC-nə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yarasız müəyyən edilməklə təxris olunmuşdur. Həmin tarixdən hal-hazıra qədər müxtəlif müalicə müəssisələrində müalicəsini davam etdirmişdir. Lakin nəticəsi olmamışdır. Hazırda dializ xəstəsiyəm. xx.xx.2020-ci il tarixdə ona “xroniki Qlomerulonefrit-Xroniki böyrək çatışmamazlığı İİİ mərhələ” diaqnozu qoyularaq İ dərəcəli əlillik təyin edilmişdir. O, hərbi xidmət dövründə xəstələndiyinə və bunun nəticəsi olaraq İ dərəcəli əlil olduğuna görə sığorta məbləğim almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona sığorta məbləği verməkdən imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Yuxarıda qeyd etdiyi kimi 2003-cü ildən hal-hazıra qədər müxtəlif müalicə müəssisələrində müalicə alsa da, müalicə müsbət nəticə verməmiş, nəticədə o, dializ xəstəsi olmuş və ona İ dərəcəli əlillik təyin edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əlillik dərəcəsinin təyin edilməsi həkimlərin səlahiyyəti daxilindədir. Göstərilənlərə əsasən cavabdehin imtinasının əsassız hesab edilməsi, cavabdehdən Azərbaycan Respublikasının Ordusunda xidmət keçdiyi zaman xəstələnərək aldığı İ dərəcəli əlil kimi ona düşən sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İ qrup əlillik ilə əlaqdar ona ödənilməli olan 8800 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Biləsuvar RHK tərəfindən ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 1286 №-li Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıya “xroniki qlomerulonefrit təcrid olunmuş sidik sindromu ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzi tərəfindən verilmiş epikrizin surətindən görünür ki, iddiaçıya xroniki böyrək çatışmazlığı terminal mərhələ, Proqramlı hemodializ diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən görünür ki, iddiaçıya xroniki qlomerulonefrit ödemli-hipertonik forma diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Səhhətin müayinə aktının surətindən görünür ki, iddiaçıya xroniki qlomerulonefrit. Xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Səhhətin müayinə aktının surətindən görünür ki, iddiaçıya xroniki qlomerulonefrit. Xroniki böyrək xəstəliyi-4-cü mərhələ. Hipertoniya diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissisyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədinin surətindən görünür ki, iddiaçıya xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ terminal mərhələ. Digər anemiyalar, Renal anemiya. Böyrək çatmamazlığı ilə müşayət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlyi, nefrogen hipertoniya. Böyrək dializindən asılılıq. Dializ üçün arteriovenoz şunt olması. Proqramlı hemodializ. Həftədə üç dəfə 4 saat olmaqla hemodializ seansları alır. Xroniki obstruktiv pielonefrit, XR. Qlomerilonefrit. Dəqiqləşdirilməmiş büzülmüş böyrək, böyrəklərin büzüşməsi funksiyanın pozulması. Somatogen asteno nevrotik vəziyyət diaqnozu qoyulmuş və ona müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar əlillikdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 07-07-02 №-li məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin ““ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi Siz xx.xx.2003-cü il tarixdə hərbi xidmətdən xəstəliklə əlaqədar təxris olunmusunuz və bundan 17 ildən artıq müddət keçdikdən sonra, xx xxxxxxx 2020-ci ildə İ qrup əlillik dərəcəsi almısınız. Buna görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar