Məhkəmə qərarları › İş №2(006)-2554/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2554/2023

18.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2554/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-09/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC, X4 və İddiaçı Xəlulla qızından cəmi 206.662,49 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Tələb borclu X2 mülkiyyətində olan Hacıqabul Rayon Qarasu kəndində yerləşən əmlak kompleksinə İddiaçı məxsus Sabirabad rayon Xəlfəli kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinə yönəlməlidir. İpoteka ilə yüklü Hacıqabul Rayon Qarasu kəndində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 700.000 (yeddi yüz min) manat və Sabirabad rayon Xəlfəli kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinin ilkin satış qiyməti 750 (yeddi yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh1 icraatına daxil olmuşdur. İpoteka ilə yüklü edilmiş əmlaklar açıq hərrac vasitəsi Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə sifariş edilmişdir. Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli, 01/849 saylı məktubuna əsasən hərrac keçirilmiş və icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Həmin məhkəmə qərarında qeyd olunan əmlak kompleksini borc əvəzi götürülməsi üçün tələbkar təşkilata xx.xx.2022-ci il tarixdə təklif olunsa da, müsbət cavab verməmişdir. Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi xx.xx.2021-ci il tarixində Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna əmlakları götürməyi təklif etsə də, əmlak komplekslərini nə özününküləşdirməyib, nə də ki borcluya qaytarmayıb. Buna baxmayaraq Cavabdeh1 əməkdaşları icra vərəqəsini qanuna nəzərdə tutulan vaxtda düzgün icra etmədikləri, yalnız iddiaçının şifahi tələbindən sonra icra edilməyən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası İcra haqqında Qanunun 53.3-cü maddəsinə əsasən həmin əmlak tələbkar götürməkdən imtina edirsə, əmlak borcunun özünə qaytarılır. Bu hal onun əmlakına da şamil edilməlidir. Qeyd edilənlərə əsasən, Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən İddiaçı mülkiyyət hüququna əsasən məxsus olan torpaq sahəsi və əmlak kompleksi üzərində Cavabdeh2 ASC-nin ləğvedicisinin (Əmanətlərin Sığortalanması Fondunun) ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-271/2023 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2791/2023 saylı qərardadı ilə mülki işin ərazi aidiyyətinə dair fikir ayrılığının həll edilməsi üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3353/2023 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz etdiyini bildirərək izahatında qeyd etmişdir ki, hazırda əsas öhdəlik üzrə borclular "xxxx" MMC, X4 və İddiaçı Xəlulla qızının ləğv prosesində olan Cavabdeh2 ASC-yə pul borcunun olması yekun məhkəmə aktları ilə öz təsdiqini tapır. Yəni, əsas öhdəlik icra olunmamışdır. Belə ki, ipoteka öhdəliyi əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir və yalnız borc öhdəliyi aradan qalxdığı halda əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. İpoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Bu səbəbdən də İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, 0370189№-li Çıxarışdan görünür ki, Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən 0.50 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi xx.xx.2012-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, 2204-14№-li Kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC-nin direktoru X4 arasında müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən kreditor borcalana 200.000 manat məbləğində kredit verilmiş, X2 mülkiyyətində olan Hacıqabul rayonu, Qarasu kəndində 0,2255 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və İddiaçı məxsus Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən 0,50 ha torpaq sahəsində yerləşən əmlak kompleksi girova qoyulmuşdur. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-09/2019 saylı qətnaməsindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(056)-402/2016 nömrəli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC, X4 və İddiaçı Xəlulla qızından 195.115,45 manat əsas kredit borcu, 1447,04 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 206.662,49 manat borc məbləğində borcun tutularaq iddiaçı Cavabdeh2 ASC-yə verilməsi, tutmanın X2 mülkiyyətində olan Hacıqabul rayonu, Qarasu kəndində 0,2255 ha torpaq sahəsində yerləşən ipoteka predmeti olan əmlak kompleksinə və İddiaçı məxsus Sabirabad rayonunun Xəlfəli kəndində yerləşən 0,50 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlak komplekslərinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd ediməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Sabirabad Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilərək, ipoteka ilə yüklü edilmiş Hacıqabul rayonu, Qarasu kəndində 0,2255 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 700.000 manat və Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən 0,50 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 750.000 manat məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6669/2019 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)- 09/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/1355№-li və xx.xx.2021-ci il tarixli, 01/1637№-li Açıq hərracın keçirilməsinə dair bildirişlərlə Hacıqabul rayonu, Qarasu kəndində 0,2255 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən 0,50 ha torpaq sahəsində yerləşən əmlak kompleksi açıq hərraca çıxarılmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/1849№-li ipoteka predmetinin əldə olunmasına dair Təkliflə ipoteka predmetlərinin alınması ipotekasaxlayana təklif olunmuşdur. Mülki işin materiallarında olan LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ipoteka predmeti olan əmlak komplekslərinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 446.250 manata və 478.125 manata ləğv prosesində olan Cavabdeh2 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alğısatqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna “üzərinə həbs qoyulmuş borcluya məxsus əmlakın tələbkara təklif olunması haqqında” xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, İddiaçı məxsus Sabirabad rayon, Xəlfəli kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksi Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təklif olunmuşdur. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən qəbul edilən 07 dekabr 2022ci il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” Qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-09/2019 saylı icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksi X1 adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi X3 tərəfindən xx.xx.2012-ci il tarixli, 4Ə-1-56 nömrəli “Əmlak kompleksini bağışlama” müqaviləsi ilə İddiaçı bağışlanılmışdır. Müvafiq olaraq, sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə İddiaçı adına qeydiyyata alınmışdır.xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququ Cavabdeh2 ASC Sabirabad filialı xeyrinə ipoteka ilə yüklü edilməklə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0486281№-li Çıxarışdan görünür ki, Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən əmlak kompleksi mülkiyyətində olan 0.50 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdən Cavabdeh2 ASC-nin Sabirabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunan işin mübahisəsiz halları ondan ibarətdir ki, 2014-cü il tarixdə İddiaçı məxsus Sabirabad rayonunun Xəlfəli kəndində yerləşən əmlak kompleksi 0.50 ha torpaq sahəsi ilə birlikdə LPO Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Əsas borclu tərəfindən borc ödənilmədiyindən Bank məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi qərara alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası İcra Haqqında Qanunun 53.3-cü maddəsinə istinad edərək, cavabdeh tərəfindən ipoteka müqaviləsinə xitam verilməsini və əmlakın girovdan çıxarılmasını məhkəmədən tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir, belə ki, cavabdeh tərəf bildirir ki, hal-hazırda iddiaçının və digər borcluların borcu mövcud olduğundan və əsas öhdəlik icra olunmadığından hazırki iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ipoteka öhdəliyi əsas öhdəliklə bağlı əlavə öhdəlik sayılır. Yalnız borc öhdəliyinin aradan qalxması halında əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi hal-hazırda əsas öhdəlik borclu tərəfindən icra edilmədiyindən (əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) əsas öhdəliyə əlavə olaraq bağlanan ipoteka müqaviləsinə xitam verilə bilməz. Digər tərəfdən, iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası İcra Haqqında Qanunun 53.3-cü maddəsinə istinad edir. Həmin maddəyə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, əmlak hərraca çıxarıldıqdan sonra, tələbkar olan LPO "xxxx" ASC-yə təklif edilmiş, Bank isə xx.xx.2021ci il tarixli məktubla ipoteka predmeti olan əmlakların əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Hazırda da əsas öhdəlik icra edilmədiyindən İddiaçı məxsus olan Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən əmlak kompleksi mülkiyyətində olan 0.50 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdən Cavabdeh2 ASC-nin Sabirabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 və Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar