Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2562/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı Nürəddı̇ n oğlunun, Cavabdeh Seyfəddı̇ n qızının iştirakları ilə İddiaçı Nürəddı̇ n oğlunun Cavabdeh Seyfəddı̇ n qızına qarşı "mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Nürəddı̇ n oğlu Cavabdeh Seyfəddı̇ n qızına qarşı "mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nürəddı̇ n oğlu ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binada komendant köməkçisi işləyir. 15.11.2021-ci il tarixində, saat 10:34də komendant otağına Cavabdeh gələrək kommendant X1 ilə söhbət edib qurtardıqdan sonra İddiaçı Nürəddı̇ n oğluna nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. O, Cavabdeh etdiyi hərəkətləri telefona çəkdiyini bildirsə də, məhəl qoymadan öz nalayiq söyüşlərini ona deməkdə davam etmişdir. Cavabdeh əlindəki yağ qabı ilə ona vuracağını və ona xəsarət yetirəcəyini dedikdən sonra o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zərg vurub baş verən hadisə barədə məlumat vermişdir. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər. O, otaqda çəkilən kamera çəkilişlərini sahə inspektoru İlkin Həsənova təqdim etmiş, Cavabdeh inzibati xəta törətməsinə görə 101 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin onu təhqir etdiyi anlara X1 da şahid olmuşdur. Cavabdeh onu dəfələrlə təhqir edərək şərəf və ləyaqətimi alçaltmışdır. Belə ki, Sabunçu Rayon Məhkəməsində 28.03.2022-ci il tarixində məhkəmələri olan zaman yenə onu təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Bütün bu olanlar ucbatından mənəvi sarsıntı və iztirab yaşamışdır. Keçirdiyi stres və həyəcan, eləcə də təhqirə məruz qalmağı nəticəsində yaşadığı sarsıntılar ona çox pis təsir etmişdir. Olanları indiyə kimi unuda bilmir. İçində olan sarsıntı və həyəcan normal həyat yaşamağına mane olur. Yaşadığı bu çətinlikləri mənəvi zərər olaraq 1000 manat həçmində dəyərləndirir. Göstərilənlərə əsasən, vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh Seyfəddı̇ n qızından tutularaq İddiaçı Nürəddı̇ n oğlunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı Nürəddı̇ n oğlu iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh Seyfəddı̇ n qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən hadisəyə görə artıq bir dəfə polis bölməsində cərimə olunmuşdur. İddiaçı onun qonşusu olmuş və oğlu ilə birlikdə işləmişlər. Oğlu ilə aralarında mübahisə baş vermiş və həmin gündən bəri onları pis vəziyyətə salmağa çalışmışdır. Dəfələrlə ondan müxtəlif məbləğlərdə pul istəmiş və o, gəlinin qızıllarını sataraq ona 2300 manat pul vermişdir. Lakin İddiaçı Nürəddı̇ n oğlu bununla da kifayətlənməmiş və hələ də sarsıntılar keçirdiyini iddia edərək ondan pul qoparmaq niyyətindədir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Nə21-ci Polis Bölməsinin 02.03.2022-ci il tarixli, 085-13771/3M-3222 saylı məktubundan görünür ki, Cavabdeh Seyfəddı̇ n qızı barəsində AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməklə inzibati qaydada cərimə olunmuşdur.
7. Bundan əlavə, İddiaçı Nürəddı̇ n oğlu tərəfindən məhkəmyə DVD-R disk (səs və video yazıları) təqdim olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə iş üzrə müəyyən olunmuş faktiki hallardan və tərəflərin verdikləri izahatlardan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında mübahisə olmuş, nəticədə Cavabdeh Seyfəddı̇ n qızı AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməklə inzibati qaydada cərimə olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən təhqir olunduğunu və mənəvi sarsıntı keçirdiyini iddia edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
11. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
12. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
13. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
14. Məhkəmə İddiaçı Nürəddı̇ n oğlu tərəfindən məhkəmyə təqdim edilmiş DVD-R disk ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə diskdəki səs və video yazıları sübut kimi təqdim edilə bilməz.
15. Belə ki, Azərbaycan Respublikası MPM-in 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
16. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
17. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verildiyi müəyyən olunmuşdur. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçır hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
21. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
22. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Nürəddı̇ n oğlunun Cavabdeh Seyfəddı̇ n qızına qarşı "mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddiaları əsassız olduğuna görə təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Nürəddı̇ n oğlunun Cavabdeh Seyfəddı̇ n qızına qarşı "mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov