Məhkəmə qərarları › İş №2(006)-2568/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2568/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2568/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı və tərcüməçi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8800 (səkkiz min səkkiz yüz) manat sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əri Məmmədov Qəzənfər Yunus oğlu (ehtiyatda olan polkovnik leytenant) 1992-ci il tarixdən 1996-cı il tarixə kimi Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Mərkəzi Xəstəxanasında müalicə almış və 1996-cı il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası alır. 2011-ci il tarixdən səhhəti ağır olduğu üçün onun iki ayağı kəsilmiş və İ qrup əlil statusu almışdır. 2016-cı ilin iyul ayında həyat yoldaşı yenidən müayinədən keçmiş və Kəlbəcər rayonu Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizinə əsasən Müdafiə Nazirliyinin MHHK-nın həkimi mütəxəssisinin rəyi ilə xəsarətin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir. Bundan başqa İddiaçı xx.xx.2018-ci il tarixdə əri Məmmədov Qəzənfər Yunus oğlunun vəfat etdiyini və hal-hazırda ailə başçısını itirdiyinə görə əmək pensiyası aldığını qeyd etmişdir. İddiaçı məhkəmə iclasında tərcüməçi X2 tərcüməsi ilə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.1963-cü il tarixli, İİ PЯ seriyalı, 025975 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Qəzənfər Yunus oğlu ilə X1 arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 №-ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə «Məmmədov», arvada isə «Məmmədova» soyadı verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DTSERX tərəfindən verilmiş, 1D2W5LM0001 saylı, xx.xx.2016-cı il tarixli elektron çıxarışdan görünür ki, Məmmədov Qəzənfər Yunus oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq müddətsiz İ qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 32 saylı qərarının surətindən görünür ki, Məmmədov Qəzənfər Yunus oğlu xx.xx.1992-ci il tarixdə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xəsarət almışdır. Azərbaycan Respublikası ƏƏSMN Nizami rayon şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, 060774 saylı vəsiqənin surətindən görünür ki, Məmmədov Qəzənfər Yunus oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İ qrup əlildir. Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmiş, ББ seriyalı, 148870 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X3 Qarabağda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 932511 saylı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Qəzənfər Yunus oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 409 №-ilə akt qeydi tərtib olunmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, reyesterdə 2V-719 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Məmmədov Qəzənfər Yunus oğlunun vərəsələri İddiaçı və Məmmədov Elmar Qəzənfər oğludur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019 tarixli, 08/M-533 saylı, xx.xx.2020-ci il tarixli, 07-07-438 saylı və xx.xx.2020-ci il tarixli, 07-07-556 saylı məktublardan görünür ki, Məmmədov Qəzənfər Yunus oğlunun sığorta ödənişi ilə əlaqədar edilmiş müraciətə imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə M-2298 nömrə ilə daxil olmuş ərizədən görünür ki, Məmmədov Qəzənfər Yunus oğlunun qanun üzrə vərəsəsi Məmmədov Elmar Qəzənfər oğlu sığorta məbləğinin anası İddiaçı tərəfindən alınmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 7-ci maddəsinə görə sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı əri Məmmədov Qəzənfər Yunus oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. Bundan başqa iş materiallarından və iddiaçının izahatlarından göründüyu kimi, İddiaçı əri Məmmədov Qəzənfər Yunus oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsələri qismində arvadı İddiaçı və oğlu E.Q.Məmmədov tanınmışlar. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını, sadalanan xüsusatları, iddiaçının izahatını və Məmmədov Qəzənfər Yunus oğlunun digər qanun üzrə vərəsəsi Məmmədov Elmar Qəzənfər oğlunun anası İddiaçı xeyrinə sığorta ödənişinin ödənilməsi tələbindən imtina etməsi barədə ərizəsini əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat Məmmədov Qəzənfər Yunus oğlunun qanun üzrə vərəsəsi İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar