Məhkəmə qərarları › İş №2(006)-2569/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2569/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2569/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan azyaşlı 29 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək 100 manat maddi yardımın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə faktiki nikahlarından 29 sentyabr 2020-ci ildə bir uşaqları - X3 anadan olmuşdur. Onların el adət-ənənəsinə uyğun toyları olmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Rəsmi nikahları olmadığı üçün 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 233 saylı atalığın müəyyən olunması barədə şəhadətnamə verilmişdir. Onlar bir müddət normal ailə münasibətlərində yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Hal-hazırda onlar ayrı yaşayırlar. Uşaq isə onun himayəsindədir. Onun həmçinin əvvəki rəsmi nikahından da iki azyaşlı uşağı vardır. O, üç azyaşlı uşaqları ilə birlikdə tək başına Pirşağı qəsəbəsi, yeni yaşayış massivində kirayədə yaşayır. Onların maddi vəziyyəti olduqca pisdir. Cavabdeh körpə övladı ilə onu tərk edib getmiş, bircə dəfə də olsun övladı ilə maraqlanmamışdır. Övladı Hüseyn azyaşlı olduğu üçün o, işləyə bilmir. Digər övladları üçün o, aliment alır və həmin aliment pulu ilə oğlu Hüseynin də təlabatlarını ödəməyə çalışır. Cavabdeh bütün bunları bildiyi halda ona maddi cəhətdən heç bir köməklik göstərmir. Bu məsələnin Mediyasiya Şurasında həll edilməsindən ötrü ilkin mediyasiya sessiyasında iştirak etmələri üçün dəvət almışlar. Lakin ilkin mediyasiya sessiyasından sonra prossesi davam etdirmək barədə qərar qəbul olunmadığından ona bu barədə xx.xx.2022-ci il tarixli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim olunmuş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmir. Uşağın diqqətəlayiq mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki o, uşaqlıqdan 2-ci qrup əlildir və 130 manat pensiya alır. O, əmək qabiliyyətsizdir və xəstə olduğundan işləyə bilmir. Onun başqa gəlir yeri olmadığından 193 manat məbləğində alimenti ödəməyə maddi imkanı çatmır, lakin 50 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 404638 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə doğulmuş, X2 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 233 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 516793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-0 seriyalı, 530340 saylı arayışın surətindən görünür ki, Cavabdeh uşaqlıqdan ikinci qrup əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsizdir. Əlilliyin verilməsi üçün əsas 58 nömrəli, xx.xx.2003-cü il tarixli müayinə aktıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi ƏSMM tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 25934 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh uşaqlıqdan 2-ci qrup əlildir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əsasən alimentin ödənilməsi vəzifəsi üzərinə qoyulan Cavabdeh sağlamlığında problemlərin mövcud olması halı müəyyən edilmişdir. Halbuki məhkəmələr tərəfindən alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsi ilə yanaşı, konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün iş üzrə müəyyən edilən halları ağlabatan həddə nəzərə almaqla hesab edir ki, cavabdehdən tutulmalı olan aliment 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin iddianın “xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə 100 manat məbləğində alimentin Cavabdeh tutularaq xeyrinə ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, AM-nin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaq üç yaşına çatanadək 100 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, arvadın hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Beləliklə məhkəmə iddiaçı tərəfin cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq iddianın bu hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 24 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar