Məhkəmə qərarları › İş №2(006)-2578/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2578/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2578/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi üçüncü şəxs olmaqla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «avtomobilə dəymiş zərərin, mənəvi zərərin və sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi üçüncü şəxs olmaqla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «avtomobilə dəymiş zərərin, mənəvi zərərin və sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Audi Q7” markalı avtomobilə dəymiş 4000 (dörd min) manat dəyərində zərərin, ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin, həmçinin Mülki Məcəllənin 934.2-ci maddəsi ilə nəzərdə tutulmuş gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində saat təqribi 17-18:00 radələrində istifadəsində və mülkiyyətində olan ‘‘Audi Q7” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu ərazisində qanunverciliyin bütün tələblərinə riayət edərək geriyə dönmə əməliyyatını yerinə yetirərkən hərəkət etdiyi yolun əks istiqamətindən gələn X1 idarə etdiyi “Mercedes Ateco” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil, onun avtomobilinə dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi barədə dərhal hazırki iş üzrə cavabdehə məlumat verilmişdir. Yol nəqliyyat hadisəsini törətmiş X1 idarə etdiyi “Mercedes Ateco" markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmişdir. Hadisədən bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə o və Dünyamalıyev Elşad Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Binəqədi rayon Şöbəsinə yaxınlaşmışlar. Müvafiq şöbədə Dünyamalıyev Elşad özü etiraf edərək bildirmişdir ki, hadisənin baş verməsinin səbəbkarı odur, uzun zamandır işi ilə əlaqədar olaraq yatmaması hadisənin törədilməsinin əsas səbəbidir. DYP əməkdaşı hadisə sxemini çəkmiş və yol nəqliyyat hadisəsinin həqiqətən də Dünyamalıyev Elşad tərəfindən törədilməsini bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və hadisə nəticəsində dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq 025096 saylı arayış aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə dəymiş zərərin ödənilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yaxınlaşmış və zərərin əvəzinin ödənilməsinin pul vəsaitinin onun hesabına keçirilməsi ilə deyil avtomobilin şirkət tərəfindən təmir edilməsinə razılıq vermişdir. Cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı qiymətləndirilmə keçirilmiş və dəymiş zərər müəyyən edilmişdir. Avtomobil təmir edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə ‘'Volvo” Bakı mərkəzinə yönləndirilmişdir. Avtomobili təmir edilməyə başlanmış və təxminən 7 gün sonra servisdən ona zəng edilərək bildirilmişdir ki, Sığorta Şirkəti avtomobilin təmiri üçün nəzərdə tutulmuş ödənişi etməkdən boyun qaçırır və yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma yenidən açılaraq davam edir. Bundan sonra onun hazırkı iş üzrə cavabdehin ünvanına dəfələrlə yaxınlaşmağına və zəng etməyinə baxmayaraq, işin hələ də araşdırılması barədə ona konkret hər-hansı sübut təqdim edilməmişdir. Avtomobil uzun müddət sığorta şirkətinin səhlənkarlığı ucbatından “Volvo” Bakı mərkəzində təmir edilməmiş vəziyyətdə qalmışdır. Sonda məcburi halda borc-xərc edərək özü avtomobilini təmir etdirmişdir. Təmirə 4000 AZN məbləğində vəsait xərci çıxmışdır. Dəfələrlə Sığorta şirkətinə müraciətindən sonra ona bildirilmişdir ki, AR DİN DYP-nin yol nəqliyyat hadisəsi ilə bağlı qəbul etdiyi qərarı mübahisələndirilir və aidiyyəti üzrə DYP əməkdaşı barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Lakin hadisədən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq hazırki tarixədək ona dəymiş zərərin əvəzi ödənilməmiş və ya rəsmi qaydada dəymiş zərərin əvəzinin ödənilməsindən imtina edilməmişdir. Belə ki, avtomobil servisdə qaldığı müddət o, həm maddi həmçinin mənəvi zərərə məruz qalmışdır. Dəfələrlə servis mərkəzinə, cavabdeh təşkilatın ünvanına yaxınlaşması, telefon danışıqları aparmağı onun üçün ciddi problemlər yaşatmışdır. Əsəb sistemi kəskin şəkildə pozulmuş, dəfələrlə müxtəlif dərman vasitələrindən, hər dəfə sözügedən müəssisələrə yaxınlaşmağı üçün taksi xidmətindən istifadə etmişdir. Həmçinin avtomobili boş yerə servis mərkəzində təxmini 1 aydan artıq müddətinə qaldığı üçün işdən qalma halları dəfələrlə baş vermiş, bu isə öz növbəsində əmək haqqının müəyyən hissəsinin kəsilməsinə təsir göstərmişdir. Qeyd etdiyim səbəblərdən dolayı iş üzrə cavabdeh ona dəymiş maddi və mənəvi zərərə görə əlavə olaraq 500 AZN məbləğində vəsait ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın rədd edilməsini xahiş edərək bildirdi ki, iddia ərizəsində qeyd olunan dəymiş zərər düzgün hesablanmamış, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qüsur aktı tərtib edilməsi üçün Axundov Servis MMC-yə yönləndirilmiş, buna baxmayaraq Azərsığortanın müstəqil eksperti tərəfindən də xx.xx.2020-ci il tarixli İCR- 5548 saylı dəymiş zərərin hesablanmasına dair yeni qüsur aktı tərtib edilmişdir. İddiaçı tərəfindən ünvanlanan müraciətlərə cavab verilmədiyinə gəldikdə isə, o cavabdeh tərəfindən iş üzrə tərtib edilmiş protokol və qərarın mübahisələndirilməsini əsas gətirmişdir. Əlavə olaraq, cavabdehin nümayəndəsi verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən inzibati xəta ilə bağlı protokol və qərar mübahisələndirməsinə baxmayaraq heç bir dəyişiklik baş verməmiş və qərar qüvvədə qalmışdır. Bundan başqa cavabdehin nümayəndəsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli İCR-5548 saylı dəymiş zərərin hesablanmasına dair yeni qüsur aktının iddiaçıya təqdim edilmədiyini və yeni qüsur aktının həqiqətən də xx.xx.2020-ci il tarixində tərtib edilməsini təsdiq edən sübutların olmadığını qeyd etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Ateco” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli, PDS********** saylı müqavilə ilə icbari sığorta olunmuşdur. - Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətlərindən görünür ki, İddiaçı idarə etdiyi ‘‘Audi Q7” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Mercedes Ateco” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bununla əlaqədar olaraq X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tətbiq olunmuşdur. - xx.xx.2020-ci il tarixli, 025096 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə və xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışların surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Binəqədi rayonu, Natavan küçəsində X1 idarə etdiyi “Mercedes Ateco” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı idarə etdiyi ‘‘Audi Q7” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - xx.xx.2020-ci il tarixli, “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, ‘‘Audi Q7” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı bütün xərclər nəzərə alınmaqla 7845 AZN təşkil edir. - xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, ‘‘Audi Q7” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı bütün xərclər nəzərə alınmaqla 1500 AZN təşkil edir. - 19.10.2020-ci il tarixli, “X6” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, ‘‘Audi Q7” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4000 AZN təşkil edir. - 16.11.2020-ci il tarixli İddiaçı tərəfindən AR Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı cavabdehdən dəymiş zərəri tələb etmişdir. - 16.02.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə iclası zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli yeni qüsur aktını məhkəməyə təqdim edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməmişdir. Belə ki, cavabdeh tərəfindən qeyd olunan aktın iddiaçıya təqdim edilməsi, bu aktın nə vaxt və harada tərtib olunması barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan qüsur aktlarını, hadisə zamanı çəkilmiş avtomobilin foto şəkillərini və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, məhz cavabdehin təşəbbüsü ilə hadisədən sonra iddiaçının avtomobilinə dəymiş zərəri müəyyən etmək üçün «X6» tərəfindən verilmiş ilkin qüsur aktının mötəbərliyini və həqiqiliyini şübhə altına almağa əsaslar yoxdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, baş vermiş yolnəqliyyat hadisəsində məhz X1 təqsirli olması təsbit edilmiş, hadisə ilə bağlı tərtib edilmiş inzibati protokol və qərar mübahisələndirisə də dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, sığortaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini - 4000 (dörd min) AZN sığorta ödənişini ödəməli, habelə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi ilə əlaqədar olaraq gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, hadisənin baş verdiyi xx.xx.2020-ci il tarixdən sığortaçı tərəfindən sığorta ödənişininin verilməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildirişin təqdim edilməli olduğu 7 iş günü nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən hazırki qətnamənin çıxarıldığı xx.xx.2021-ci il tarixədək olan 150 günün hər günü üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. Ödənilməli olan sığorta ödənişinin məbləğinin 4000 AZN olduğu nəzərə alınaraq hər gün üçün 4 AZN olmaqla ümumilikdə 600 AZN məbləğində dəbbə pulu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “maddi və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına” dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən avtomobilə dəymiş 4000 (dörd min) manat dəyərində zərər və gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi həcmində hesablanmaqla ümumilikdə 600 manat məbləğində dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «Audi Q7» markalı avtomobilə dəymiş 4000 (dörd min) manat məbləğində zərər və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində 600 (altı yüz) manat dəbbə pulu cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar