Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2585/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X13 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Guseinov Gasanın iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X3 və İddiaçı arasında bağlanmış 18 mart 2024-cü il tarixli AZL-600 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən iddiaçı AZL-600 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri və lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə sahibliyinə qəbul etmişdir. Qeyd edilən avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növündə tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. 16 iyun 2024-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan, lakin “Daxili lizinq” müqaviləsi əsasında X6 istifadə və sahibliyinə verilmiş “Chevrolet Cobalt LTZ” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sahibliyində olan “Chevrolet Nexia SX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş ilkin qüsur aktına əsasən sahiblik etdiyi avtomobilə 3500 manat məbləğində zərər dəymişdir. Sığorta araşdırmasına başlamış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yol nəqliyyat hadisəsinin iştirakçıları olmuş **-PJ-*** və **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər ikisinin mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olduğunu əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd edilmişdir ki, Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olunmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri və ya hüquqi şəxslər, yaxud onların hüquqi varisləri üçüncü şəxs sayılırlar. Hər iki avtomobil "xxxx" MMC-yə məxsus olduğuna və hər iki sığorta müqaviləsi üzrə sığortalanan "xxxx" MMC olduğuna görə üçüncü şəxs mövcud deyildir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən istinad edilən normalar hazırki sığorta hadisəsi üçün əsas ola bilməz və sığorta ödənişindən imtina edilməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilən “Daxili lizinq” müqaviləsinin surətindən göründüyü kimi, lizinq obyekti olan avtomobil lizinq alanın sifarişi əsasında "xxxx" MMC-nin mülkiyyətinə alınmış və lizinq şərtləri ilə lizinq alanın (iddiaçının) sahiblik və istifadəsinə verilmişdir. Həmçinin, hadisənin digər iştirakçısı olan X14 da eyni qaydada onunla Lizinq Şirkəti arasında bağlanmış müqaviləyə əsasən **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüququ verilmişdir. Göründüyü kimi hər iki nəqliyyat vasitəsi lizinq alanların sifarişi əsasında "xxxx" MMC-nin mülkiyyətinə alınsa da, faktiki olaraq hər iki nəqliyyat vasitəsi ayrı-ayrı şəxslərin sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-6.4-cü maddəsində açıq-aydın qeyd edilmişdir ki, “Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır”. Lizinq alan olaraq hər iki tərəf öz məsuliyyətini qanunvericiliyin tələbinə uyğun olaraq sığortalamışdır. Sığorta Şirkəti isə avtomobillərin mülkiyyətçisinin eyni şəxs olduğunu əsas gətirərək ödənişin həyata keçirilməsindən imtina edir. Halbuki, faydalanan şəxs qismində "xxxx" MMC çıxış etsə də, faktiki olaraq hadisə nəticəsində maddi zərər sahiblik etdiyi nəqliyyat vasitəsinə, dolayısı ilə lizinq alan olaraq iddiaçıya dəymişdir. Son illər Respublikanın iqdisadiyyatının inkişafı nəzərə çarpacaq dərəcədə müşahidə edilməkdədir. İqdisadi inkişafda ölkə daxilində istehsal edilən avtomobillərin sərfəli lizinq şərtləri ilə vətəndaşların istifadə və sahibliyinə verilməsidir. Məhz bu faktın sayəsində ölkənin köhnəlmiş avtomobil parkı yenilənir, maliyyə vəsaitləri Respublikadan kənara çıxrmır. Məlumdur ki, ölkə daxilində istehsal edilən və lizinq şərtləri ilə vətəndaşların sahibliyinə verilən avtomobillər qanunvericiliyin tələbinə uyğun olaraq lizinq şirkətinin mülkiyyətində qalır, müqavilə üzrə öhdəlik icra edildikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. Respublikanın avtomobil yollarında idarə edilən avtomobillərin müəyyən bir hissəsi lizinq şərtləri ilə vətəndaşların sahibliyinə verilmiş avtomobillərdir. Təbii ki, arzuolunmaz olsa da, nəqliyyat hadisələri hər zaman baş verib və verməkdə davam edəcək. Təbii ki, həmin hadisələrdə toqquşan tərəflər arasında eyni MMC-nin mülkiyyətində olan, lakin ayrı-ayrı şəxslərin sahibliyinə verilən avtomobilər də olacaq. Həmin hadisələrdə sığorta şirkətinin üçüncü şəxsin mövcudluğuna məhz mülkiyyət hüququna əsaslanmaqla, müəyyən etməsi hesab edilir ki, lizinq alanların hüquqlarının pozulması ilə yanaşı, onların maliyyə itkisi ilə üzləşməsinə səbəb olur. Burada belə bir sual ortaya çıxır. Nə üçün lizinqə verilmiş avtomobili icbari qaydada sığortalamadıqda lizinq alan İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən cərimə olunur? Deməli lizinq obyektini sığortalamq vəzifəsi lizinq alanın üzərində olduğu kimi, sığorta hadisəsi zamanı da o tərəf olaraq çıxış etmək hüququna malik olmalıdır. Sığorta şirkəti üçüncü şəxsin mövcud olmaması səbəbindən sığorta ödənişinin verilməsindən imtina etməsi o zaman əsaslı olardı ki, hər iki nəqliyyat vasitəsi eyni şirkətin mülkiyyətində olmaqla yanaşı sürücülər də həmin şirkətin işçiləri olmuş olardı. Bu zaman Sığorta Şirkətinin sığorta ödənişindən imtina etməsi haradasa ağlabatan olardı. Hazırkı işdə isə hadisə iştirakçıları "xxxx" MMC-nin işçisi və sürücüsü deyildir. Onlar avtomobillərə lizinq müqaviləsi əsasında sahiblik edən şəxslərdilər. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3.500 (üç min beş yüz) manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla hesablanmış 910 (doqquz yüz on) manat dəbbə pulu, 64.10 manat dövlət rüsumunun, cəmi 4474.10 (dörd min dörd yüz yetmiş dörd manat, on qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmdən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq əmlakı təmir etdiyini təsdiq edən sübut olaraq kamera görüntülərinin mövcud olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etirazlarının əsasında hər iki avtomobilin eyni birinin sahibliyində olması və iddiaçının subyektiv hüququnun olmaması durur. Hadisə baş verdiyi zaman mülkiyyətçi "xxxx" MMC olmuşdur. Hazırda da mülkiyyətçi odur. AR Mülki Məcəlləsinə əsasən, əmlak sığortası üzrə faydalanan şəxs etibarnaməli idarəçidirsə, o zaman yalnız həmin avtomobilin təmiri və ya dəyişdirilməsi həyata keçirilə bilər. Yəni sığorta ödənişi ödənilməsi doğru deyildir. Əsas avtomobilin təmir olunmasıdır. Belə bir şəraitdə faydalanan şəxsin kim olması önəmli deyildir. Əsas avtomobilin təmir olunmasıdır. Əgər pul vəsaiti verilsə, sabah istifadəçi ilə mülkiyyətçi arasında maraq toqquşması yarana bilər. Onlar isə hazırda ləğv prosesində olduqları üçün təmir işləri həyata keçirilmir. Bunu da qeyd edir ki, ziyana görə pul ödənişi verilməsi və ya əmlakın təmir edilməsi sığortaçının öz seçimidir. "xxxx" MMCnin kasko sığortası olmadığına görə problemlər onlarda çox olur. İddiaçının əmlakın təmir etdiyini deməsi sadəcə ifadədədir, bu, təsdiqini tapmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Guseinov Gasan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə praktikada onlara dəyən ziyanı sığorta şirkətindən lizinq alanın özü istədiyini, özlərinin iddia qaldırmasına bir əsas görmədiyini, belə ki, zərərin "xxxx" MMC-yə dəymədiyini, zərərin lizinq alana dəydiyini, onun da avtomobili təmir etdirdiyini, mülkiyyətçi onlar olsalar da, ziyanın onlar üçün artıq aradan götürülmüş olduğunu, bu zaman ziyanın lizinq alana dəydiyini, sahiblik hüququnun lizinq alanda olduğunu bildirmişdir. 6.Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan “Kia Motors” tərəfindən tərtib edilən ilkin baxış qüsur aktından görünür ki, “Chevrolet” model, **-PJ-*** nömrə nişanlı avtomobilin təmirbərpa işlərinin qiyməti xidmət haqqına 10% endirim 0,00 manat, ehtiyat hissə-endirim dəyəri 2.580,00 manat, xidmət haqqı-endirim dəyəri 920,00 manat olmaqla, ümumilikdə 3,500 manat təşkil etmişdir. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən "xxxx" MMC-yə göndərilən xx.xx.2024cü il tarixli, 05/00359 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “Chevrolet Nexia SX minik” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Chevrolet Cobalt LTZ minik” markalı, ** YD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsinə dair Şirkətə edilən sığorta ödənişinin verilməsi ilə bağlı müraciətləri araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, iş üzrə təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, zərərvuran və zərərçəkən avtomobillərin mülkiyyətçisi "xxxx" MMC-dir. Beləliklə, “İcbari Sığortalar haqqında” Qanunun 6.4 və 7-ci maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" MMC müvafiq sığorta şəhadətnaməsi üzrə üçüncü şəxs hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina olunur. 9.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol və TP ******* nömrəli İnzibati tənbehvermə haqqında Qərardan görünür ki, həmin tarixdə “Chevrolet Cobalt LTZ” minik markalı, 77YD580 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 10.Mülki işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, "xxxx" MMC-yə məxsus Chevrolet Cobolt LTZ markalı, 77YD580 dövlət qeydiyyat nişanlı avtomobilin (sürücüsü X15) qabaq sağ hissəsi, "xxxx" MMC-yə məxsus “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilin (sürücüsü X5) isə qabaq sol hissəsi zədələnmişdir. 11.Mülki işin materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, Chevrolet Cobolt LTZ markalı, 77YD580 dövlət qeydiyyat nişanlı və “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçisi "xxxx" MMC-dir. 12.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 64.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə "xxxx" MMC tərəfindən X2 "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-600 saylı “daxili lizinq müqaviləsi” əsasında verilmiş “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə "xxxx" MMC tərəfindən X10 "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-1177 saylı “daxili lizinq müqaviləsi” əsasında verilmiş Chevrolet Cobolt LTZ markalı, 77YD580 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir. 15.Mülki işin materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasına ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq-pretenziya məktubundan görünür ki, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3500 manat məbləğində sığorta ödənişinin verilməsinin 5 gün ərzində təmin edilməsini xahiş etmiş, əks təqdirdə sığorta ödənişi və sığorta ödənişinin vaxtında ödənilmədiyi üçün hesablanmış dəbbə pulunun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir. 16.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" Şirkətinə ünvanlanan 04 iyul 2024-cü il tarixli, 712 nömrəli məktubdan görünür ki, onlara məxsus “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəniləcək 3500 manat ödənişin qeyd edilən rekvizitlər üzrə ödənilməsi xahiş edilmişdir. 17.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, AZL-600 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X16 arasında bağlanan müqaviləyə əsasən lizinqverən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürürlər. 18.Mülki işin materiallarında olan "xxxx" MMC, X4 və İddiaçı arasında bağlanan xx.xx.2024-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, öhdəlikləri ötürən MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edənə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir. 19.Mülki işin materiallarına həmçinin, "xxxx" MMC tərəfindən X2 verilən etibarnamələr və "xxxx" MMC tərəfindən verilən X11 dair hesabdan çıxarış əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 20.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı, "xxxx" MMC və digər üçüncü şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-600 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən iddiaçı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri, o cümlədən lizinq obyekti olan məxsus “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti sahiblik və istifadəsinə qəbul etmişdir. 16 iyun 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində AZL-600 saylı daxili lizinq müqaviləsinə əsasən müvafiq etibarnamə əsasında X1 müvəqqəti istifadəsi üçün verilmiş “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC ilə bağlanmış başqa bir lizinq müqaviləsinə əsasən müvafiq etibarnamə əsasında X7 müvəqqəti istifadəsi üçün verilmiş Chevrolet Cobolt LTZ markalı, 77YD580 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 21.Bundan sonra “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalandığı sığorta şirkətinə, yəni cavabdehə müvafiq sığorta ödənişinin verilməsi ilə bağlı müraciət edilsə də, cavabdeh sığorta ödənişinin verilməsindən xx.xx.2024-cü il tarixli məktubla imtina etmişdir. İmtinanın əsası kimi isə hər iki avtomobilin "xxxx" MMC-yə məxsus olduğunu, üçüncü şəxsin olmadığını əsas göstərmişdir. 22.Hazırda iddiaçı lizinq alan olaraq müvafiq müqavilə əsasında onun sahiblik və istifadəsinə verilən “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 3500 manat məbləğində sığorta ödənişi, sığorta ödənişinin verilməsi gecikdirildiyi üçün gündəlik 0.1% olmaqla hesablanmış 910 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. 24.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 25.Hazırki iş üzrə 16 iyun 2024-cü il tarixdə avtonəqliyyat hadisəsinin baş verməsi və hadisə nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia SX” markalı, 77PJ373 və Chevrolet Cobolt LTZ markalı, 77YD580 dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan vurulması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı odur ki, "xxxx" MMC-nin mülkiyyətində olan, lakin müvafiq lizinq müqaviləsi əsasında iddiaçının sahiblik və istifadəsinə verilən “Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində ziyan dəydiyi üçün müvafiq sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi “İcbari Sığortalar haqqında” Qanunun 7-ci maddəsinə istinad edilərək, zərərvuran və zərərçəkən avtomobillərin hər ikisinin mülkiyyətçisinin "xxxx" MMC olması, nəticədə sığorta hadisəsi nəticəsində faydalanan üçüncü şəxsin olmaması qeyd edilmişdir. 26.Məhkəmə ilk növbədə işin müəyyən edilən hallarına əsasən cavabdehin sığorta ödənişinin verilməsindən imtina etməsini əsassız hesab edərək qeyd edir ki, qanunvericilikdə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Sığorta şirkəti isə təkcə yol-nəqliyyat hadisəsinin törədildiyi hər iki avtomobilin mülkiyyətçisinin "xxxx" MMC olmasını əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. 27.”İcbari Sığortalar haqqında” Qanunun 7-ci maddəsində qeyd edilir ki, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 28.Qarşı tərəfin mövqeyinə əsasən baş vermiş hadisə nəticəsində Lizinq şirkəti faydalanan şəxs hesab edilmir, çünki hər iki avtomobilin mülkiyyətçisi odur. 29.Bununla bağlı məhkəmə onu qeyd edir ki, qanunvericilikdə Lizinq şirkətinin mülkiyyətində bir neçə avtomobilin olması qadağan edilməmişdir. Hazırki iş üzrə baş verən yol-nəqliyyat hadisəsinin hər iki iştirakçısı "xxxx" MMC-nin mülkiyyətində olan avtomobillər olsa da, işin araşdırılan hallarından göründüyü kimi avtomobilləri həmin an idarə edən sürücülər başqa-başqa şəxslər olmuşdur (müvafiq etibarnamələr əsasında onların müvəqqəti istifadəsinə verilmişdir) və həmin avtomobillər cavabdeh sığorta şirkətində mülki məsuliyyətin icbari sığortası növündə sığortalanmışdır. Məhkəmə qeyd edir ki, qarşı tərəfin mövqeyi o zaman əsaslı hesab edilərdi ki, avtomobillər eyni şəxsin sahibliyində və istifadəsində olmuş olardı. Halbuki, sığorta şirkətinin qeyd etdiyi kimi avtomobillər "xxxx" MMC-nin mülkiyyətində olsa da, müvafiq lizinq müqavilələri əsasında hər iki avtomobil lizinq alanların, yəni hazırki iş üzrə İddiaçı və X14 adlı digər şəxsin sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi cavabdehin ”İcbari Sığortalar haqqında” Qanunun 7-ci maddəsini hazırki iş üzrə tətbiq edərək sığorta ödənişinin verilməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur. Yəni qanunvericilik əslində normasının imperativliyi bu kimi hadisəyə deyil, iki nəqliyyat vasitəsinin mülkiyyətçisinin eyni olması halında (həm də sahibliyində) nəzərdə tutmuşdur. Çünki burada qanunvericinin ruhu eyni mülkiyyətçi olduğu təqdirdə qəsdən sığorta hadisəsi yaradaraq sui istifadə nəticəsində gəlir əldə edilməsinin qarşısı almaq olmuşdur. Lakin bu hal istisna olmaqla bir-biri ilə əlaqədar olmayan və sahibiyini həyata keçirən şəxslər olmuşlar. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-2.2-cü maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748.6.4-cü maddəsinə əsasən lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 31.”N.Qədirovun şikayəti üzrə Azərbaycan respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il tarixli Qərarı: ...Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: hüquq mənasında sahibliyin müdafiəsi; - fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. 32.Məhkəmə eyni zamanda qarşı tərəfin iddiaçının hazırki iş üzrə subyektiv iddiaçı olmaması mövqeyinə münasibətdə qeyd edir ki, qanunvericiliyin qeyd edilən müddəalarının hazırki işə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki vəziyyətdə İddiaçı AZL-600 saylı “daxili lizinq müqaviləsi” əsasında lizinq alan olaraq Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibidir. Necə ki, qanunvericilikdə lizinq predmeti olan avtomobilə zərər dəyməsi ilə bağlı əmlak risklərini lizinq alan daşıyırsa, eləcə də sözügedən əmlaka dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da elə lizinq alana məxsusdur. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı haqlı olaraq avtomobilə dair sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Nəticədə, iddiaçının qanunvericilikdən irəli gələn hüquqları pozulmuş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 33.Məhkəmə iddia tələbinin “3.500 manat məbləğində sığorta ödənişinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qüsur aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində Chevrolet Nexia SX” markalı, 77PJ373 dövlət qeydiyyat nişanlı avtomobilə 3.500 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı həmin məbləğ mübahisələndirilmədiyi və qüsur aktının mötəbərliliyini şübhə altına salan hansısa bir hal aşkar edilmədiyi üçün 3.500 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 34.Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün 910 manat dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 35.Belə ki, Mülki Məcəllənin 934-cü maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 36.Məhkəmə qeyd edir ki, sığorta ödənişinin ödənilməsinə dair sığortaçıya müraciət edilmiş, sığortaçı tərəfindən xx.xx.2024-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin tarixdən məhkəməyə müraciət edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək (246 gün) gecikdirilmiş sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutulmalıdır. 37.Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 861 manat (3500x0.1%=3.5; 3.5 x 246=861) manat dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. 38.Məhkəmə son olaraq iddia tələbinin 64.10 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyi üçün iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 63.61 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçının özünə aid edilməlidir. 41.Beləliklə də məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3.500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi, sığorta ödənişinin gecikdirildiyi hər gün üçün hesablanmış 861 (səkkiz yüz altmış bir) manat dəbbə pulu olmaqla ümumilikdə 4.361 (dörd min üç yüz altmış bir) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 63.61 (altmış üç manat, altmış bir qəpik) manatı tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 42.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3.500 (üç min beş yüz) manat məbləğində sığorta ödənişi, sığorta ödənişinin gecikdirildiyi hər gün üçün hesablanmış 861 (səkkiz yüz altmış bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 4.361 (dörd min üç yüz altmış bir) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 63.61 (altmış üç manat, altmış bir qəpik) manatı tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2585/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2585/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver