Məhkəmə qərarları › İş №2(006)-2614/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2614/2020

11.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2614/2020 11.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x3 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi x1 iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “xxxxxxx” ASC-nin Gəncə filialı ilə 11.04.2014-cü il tarixdə 1427tkGNDJ/14 və 15.05.2015-ci il tarixdə 3088nkGNDJ/15 saylı kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı hər ay vaxtında kredit borcunu ödəmiş, lakin məlum hadisədən, yəni devalvasiyadan sonra ABŞ dolları ilə olan kreditin ödənilməsində çətinlik çəkdiyi üçün ödəniş edə bilməmişdir. Bundan sonra bank iddiaçını məhkəməyə verib. 2018-ci ilin sentyabr ayında bank iddiaçını aldadaraq kredit müqaviləsinə imza etdirib, əvvəl faiz və cərimə ilə yığılmış borcunu da toplayaraq yenidən onunla kredit müqaviləsi bağlayıb. Müqavilədə qeyd olunur ki, guya bank iddiaçıya illik 12 faiz olmaqla, 1514 manat məbləğində kredit verib. Halbuki, bank əvvəl yazdığı faiz və cərimə borcunun üzərinə yenidən faiz gəlməklə iddiaçıya qanunsuz və əsassız müqaviləyə imza etdirmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə hesablanmış faiz və cərimələrin silinməsi tapşırılmışdır. İddiaçı krediti 2014 və 2015ci illərdə götürsə də, Prezidentin məlum Fərmanına düşməmişdir. İddiaçı müqaviləyə imza etsə də, ona pul verilməmişdir. İddiaçı qeyd edilən məbləği kassadan almamış, əgər alsaydı kassa məxaric orderi olardı. Göstərilənlərə əsasən “xxxxxxx” ASC ilə iddiaçı arasında bağlanmış 17.09.2018-ci il tarixli, 1339nkGNDJ/18 kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi x2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "xxxxxxx" KB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 1339nkGNDJ/18 saylı, 17.09.2018-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 12% olmaqla, 36 ay müddətinə 1514 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən verilmiş 11.06.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı «xxxxxxx» KB ASC-yə əsas borc üzrə 1308,37 manat, faiz borcu üzrə 128,97 manat, cərimə borcu üzrə 1 manat, cəmi 1438,34 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxxxxx" KB ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı həmin kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının Bank ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hərhansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi 1339nkGNDJ/18 saylı, 17.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə Banka olan borc tam ödənilməmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi mümkün deyil. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Göründüyü kimi İddiaçı cavabdeh "xxxxxxx" KB ASC ilə bağladığı 1339nkGNDJ/18 saylı, 17.09.2018-ci il tarixli kredit və bank hesabı müqaviləsi məlum Fərmanın təsiri dairəsinə düşməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar