Məhkəmə qərarları › İş №2(006)-2619/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2619/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2619/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçu kimi 4.400 manat məbləğində icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Əzizbəyov kəndində doğulmuşdur. xx.xx.1999-cu il tarixdən xx.xx.2000ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2000-ci il tarixli 651 saylı XHŞ-nin əsasında ehtiyata buraxılmışdır. O, hərbi xidmətdə olarkən skolioz xəstəliyinə tutulmuşdur. Dəfələrlə hərbi hospitalda müalicələrdə olmuşdur. Lakin o, sağalmamışdır və iş qabiliyyətini itirmişdir. Hazırda o, 3-cü qrup müddətsiz hərbi əlildir. Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olması qeyd edilmişdir. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Yəni sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət etmək qərarına gəlmişdir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti). Onun sağlamlığına ziyan dəymişdir. Bu gün də həmin xəstəlikdən əziyyət çəkir. Hesab edir ki, əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 4.400 manat məbləğində sığorta pulu verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, İddiaçı Fafir oğlu xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2000-ci il tarixli 651 saylı Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən İddiaçı Fafir oğlu hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar ehtiyyata buraxılmışdır. İş üzrə materiallara əlavə edilmiş 099798 saylı vəsiqədən məlum olur ki, İddiaçı Fafir oğluna xx.xx.2009-cu il tarixdə əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə Şirkətə müraciət edərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh Şirkət tərəfindən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası qanunun 5ci maddəsinin «ç» bəndinin tələbləri nəzərə alınaraq sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Həmin Qanunun 4-4-cü maddəsinə əsasən Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanlann və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müeyyen etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz: b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-60 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; d) sığorta olunan heqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Yuxarıda qeyd edilən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən ehtiyata və istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə allmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 (üç) il müddətinə sığorta olunanın əlilliyi müəyyən olunduqda sığorta ödənişi verilməldir. İddiaçı xəstəliklə bağlı ehtiyata buraxılsa da, həmin tarixdən qanunda nəzərdə tutulduğu kimi 3 (üç) il deyil, 9 il sonra əlillik dərəcəsi almışdır. Bu səbəbdən hesab edir ki, sığorta ödənişinin ödənilməsindən verilməsindən imtina əsassız deyildir. Eyni zamanda qeyd etmək zəruridir ki, bu tipli tələblərlə bağlı Ali Məhkəmənin qərarı vardır və həmin qərarlarda əlilliyin 3 ildən sonra alınması ilə bağlı sığorta ödənişindən imtina olunmasını düzgün qiymətləndirmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, İddiaçı Fafir oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə (bundan sonra Şirkət) qarşı «sığorta ödənişinin ödənilməsi ilə bağlı pul» tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (xx.xx.2031-ci il tarixədək qüvvədə olan şəxsiyyət vəsiqəsi, AO seriyalı ******* saylı hərbi bilet, 099798 saylı vəsiqə, xəstəlik haqqında 10 may 2000-ci il tarixli 651 saylı şəhadətnamə, xx.xx.2015-ci il tarixli Dövlət TSE və Reabilitasiya Xidmətinin arayışı, 28 fevral 2023-cü il tarixli arayış, cavabdehin iddiaçıya ünvanladığı 01 may 2023-cü il tarixli məktubu) göründüyü kimi, İddiaçı Fafir oğlu xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2000-ci il tarixli 651 saylı Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən İddiaçı Fafir oğlu hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar ehtiyyata buraxılmışdır. İş üzrə materiallara əlavə edilmiş 099798 saylı vəsiqədən məlum olur ki, İddiaçı Fafir oğluna xx.xx.2009-cu il tarixdə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbi baxımından sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd dedikdə sığorta olunana hərbi xidmət dövründə xəsarət alması, yaxud xəstələnməsinə görə əlilliyin təyin edilməsini təsdiq edən sənəd («Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti) başa düşülür. Bu sənəd isə Azərbaycan Respublikası ƏƏSMN yanında TSERA tərəfindən verilmiş arayışdır ki, həmin arayışda şəxsin əlilliyini hansı əsasla almış olması, habelə ona qoyulmuş diaqnoz bilavasitə qeyd olunur. Əgər arayışda qeyd olunan diaqnoz Azərbaycan Respublikası MNnin Mərkəzi hərbi həkim komissiyasının Qərarı ilə müəyyən olunmuş diaqnozla eynilik təşkil etməzsə, əlilliyin hərbi xidmət dövründə alınmış xəsarət, yaxud xəstəliklə bağlı olması səbəb əlaqəsi təsdiq olunmur ki, bu da sığorta hadisəsi hesab edilmədiyinə görə sığorta təminatına daxil edilmir. Sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. Əlilliyə əsas olan vəziyyətin yarandığı tarix şəxsin xəsarət aldığı tarixdir, əlilliyin müəyyən olunması isə qeyd olunan müddətdə həyata keçirilməlidir. Bu müddətin hansı səbəblərdən buraxılması, buraxılmışsa üzrlü hesab edilməsi və istisna edilməsi ilə əlaqədar sözügedən Qanunda, yaxud başqa qanunvericilik aktında hər hansı norma nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan Qanunun 5-ci maddəsinin müvafiq bəndindən aydın şəkildə görünür ki, Qanunla müəyyən olunmuş müddətin ötürülməsi birmənalı olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas verir. Qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. İş materiallarından göründüyü kimi, İddiaçı Fafir oğluna əlillik yalnız xx.xx.2009-cu il tarixdə təyin edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar