Məhkəmə qərarları › İş №2(006)-2632/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2632/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2632/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 10.08.2007-ci il təvəllüdlü X1 üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17.10.2008-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 10.08.2007-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət sonra ailə münasibətləri pisləşmiş və nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(006)-1649/2020 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında nikah pozulmuş və 10.08.2007-ci il təvəllüdlü X4 onun himayəsinə verilmişdir. Həmin vaxtdan başlayaraq, Cavabdeh birgə nikahlarından doğulmuş 10.08.2007-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə cavabdehin müraciətini nəzərə alıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(006)-1649/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 17.10.2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 706 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10.08.2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 10.08.2007-ci il təvəllüdlü X4 adlı bir övladları vardır. İş materiallarına əlavə olunmuş 29.03.2022-ci il tarixli, MŞB/3-00420 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, mediasiya sessiyasının davam etdirilməsi barədə qərar qəbul edilməmişdir (Mediator: İ.Mehtiyev). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahlarından 10.08.2007-ci il təvəllüdlü X4 adlı övladlarının olması, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(006)-1649/2020 saylı qətnaməsi ilə pozulması və birgə nikahdan doğulmuş uşağın anasının yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, tərəflər arasında nikah pozularkən İddiaçı birgə nikahdan olan övladının saxlanılması üçün aliment tələbi irəli sürməmişdir. Hazırda iddiaçı 10.08.2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən alimentin tutularaq onun xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10.08.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.04.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasına dair qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10.08.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.04.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar