Məhkəmə qərarları › İş №2(006)-2642/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2642/2021

31.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2642/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 2677 №-li, 01.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı 1 (bir) ədəd “Changan CS35 AT” markalı, 2017-ci buraxılış ili, tipi universal, rəngi qızılı, dövlət qeydiyyat nişanı ** PK *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 38098 (otuz səkkiz min doxsan səkkiz) manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəf ilkin ödəniş 4558 manat ödəməklə, qalan 33540 manat məbləği 60 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 559 (beş yüz əlli doqquz) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 01.07.2022-ci il tarixini müəyyən etmişlər. 18.06.2020-cı il tarixdə cavabdeh ödənişlərdə gecikmələr etdiyinə görə cəmiyyətə müraciət edərək müqaviləni restrukturizasiya edərək müddətini 01.09.2022-ci il tarixinədək uzadaraq avtomobilin qalan dəyərini 17118 (on yeddi min yüz on səkkiz) manat məbləği 27 aya bölünərək aylıq 634 (altı yüz otuz dörd) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 19218 (on doqquz min iki yüz on səkkiz) manat ödəniş etmişdir. 18 iyun 2020-ci il tarixinədək 18065 (on səkkiz min altmış beş) manat, restrukturizasiya cədvəli üzrə cəmi 1153 (bir min yüz əlli üç) manat. O da ümumi 33 ay dövrü əhatə edir. (2017-ci ilin avqust - 2020-ci ilin mart ayları (32 ay) 2020-ci ilin iyul-avqust ayı (1.5 ay)). 2020-ci ilin sentyabr ayından etibarən cavabdeh İddiaçı MMC ödəniş üzrə borcu yaranmışdır və bununla da iddiaçıya 15965 (on beş min doqquz yüz altmış beş) manat əsas borcu qalmışdır. Cavabdeh 6 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 634 (altı yüz otuz dörd) manat məbləği, cəmi 3804 (üç min səkkiz yüz dörd) manatı ödəməmişdir. Eyni zamanda, cavabdeh həmin gecikdirilmiş məbləğə görə əlavə 1% hər gün üçün 180 günə görə 1141 (bir min yüz qırx bir) manat, cəmi 4945 (dörd min doqquz yüz qırx beş) manat ödəməlidir. Eyni zamanda, 2677 saylı, 01.07.2017-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh2 zamin durmuş, tərəflər arasında eyni tarixdə bağlanmış “zaminlik müqaviləsi”nə əsasən Cavabdeh1 “satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən “Zamin “Satıcı” qarşısında “Borcödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. İddiaçı müqavilələrin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.07.2017-ci il tarixli, 2677 №-li alqı- satqı müqaviləsinin (18.06.2020-ci il tarixli əlavəsi ilə) ləğv edilməsi, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3804 (üç min səkkiz yüz dörd) manat 6 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 180 günə görə 1141 (bir min yüz qırx bir) manat, cəmi 4945 (dörd min doqquz yüz qırx beş) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 iyul 2017-ci il tarixli, 2677 №-li müqavilədən görünür ki, İddiaçı MMC 38.098 manat dəyərində olan “Changan CS35 AT” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 01.07.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2017ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 iyul 2017-ci il tarixli, 2677 №-li müqaviləyə əsasən İddiaçı MMC 38.098 manat dəyərində olan “Changan CS35 AT” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 01.07.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər tərəfindən müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklər tam icra edilməmiş və nəticədə cavabdehlərin İddiaçı MMC-yə ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırki halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 01.07.2017-ci il tarixli, 2677 №-li alqı-satqı müqaviləsi (18.06.2020-cui il tarixli müqaviləyə əlavə ilə) ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3804 (üç min səkkiz yüz dörd) manat əsas borc, 100 (bir yüz) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3934 (üç min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 01.07.2017-ci il tarixli, 2677 №-li alqı-satqı müqaviləsi (18.06.2020-cui il tarixli müqaviləyə əlavə ilə) ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3804 (üç min səkkiz yüz dörd) manat əsas borc, 100 (bir yüz) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3934 (üç min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar