Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2645/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə və “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” ASC arasında 20.12.2018-ci il tarixli, 419-LD/18 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında ümumilikdə 9600 manat dəyərində “Simmental” cinsli 2 baş iribuynuzlu (AT ********* və AT ********* invertar nömrəli) heyvanlar iddiaçıya lizinqə verilmişdir. Həmin müqaviləyə müvafiq olaraq “xxxx” ASC ilə iddiaçı arasında 20.12.2018-ci il tarixli “Sığorta haqqının ödənilməsi barədə” müqavilə bağlanmışdır və tərəfindən 816 manat sığorta haqqı ödənilmişdir. İddiaçı müqavilələr üzrə öhdəsinə götürdüyü bütün şərtlərə əməl etmiş, o cümlədən həmin iribuynuzlu heyvanları Qazax rayon baytarlıq İdarəsində qeydiyyata alınmasını təmin etmiş, lazımi qaydada heyvanların qidalanmasını, onlara qulluq edilməsini, standartlara cavab verən şəraitdə (tövlədə) saxlanmasını təmin etmişdir. Lakin buna baxmayaraq, həmin heyvanlardan biri, yəni AT ********* invertar nömrəli, “Simmental” cinsli heyvan 22 aprel 2020-ci il tarixdə tələf olmuşdur. Heyvanın ölümünün səbəbi olaraq “şişin daxilə nüfuz etməsi, patanatomik” yelinin daxili üst hissəsinin qarın boşluğuna nüfuz etmiş irinli qanlı şişin partlaması” diaqnozu qoyulmuşdur. Heyvanın xəstələnməsi, eləcə də sonradan tələf olarkən tələf olması barədə iddiaçı tərəfindən dərhal “xxxx” ASC-yə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidmətinin Qazax rayon Baytarlıq İdarəsinə məlumat verilmişdir. Qazax rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən heyvan yarılmış, bu barədə müvafiq akt və “Yarma Protokolu” tərtib olunmuşdur. Heyvanların Sığortası haqqında Şəhadətnamənin sığorta haqqı qrafasında 4800 manat qeyd edilmişdir. İddiaçının həmin sığorta haqqının ödənilməsi üçün “xxxx” ASC-yə və “xxxx” ASC-yə rəsmi qaydada müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək sığorta haqqı ödənilməmişdir. Əsas kimi, “Aktda heyvanın 9 aylıq boğaz olduğu bildirildiyi halda yarma protokolunda cinsiyyət orqanlarının normal göstərildiyi, obyektiv müayinə zamanı şişin lokalizasiyasının dəqiqləşdirilmədiyi, prosesin xarakterinə (iltihabi, infeksion, onkoloji və s. mənşəli olmasına) aydınlıq gətirilmədiyi, diaqnozu dəqiqləşdirmək üçün laborator müayinələr aparılmadığı, heyvan diri ikən dəqiq diaqnoz qoyulduğu, vaxtında müvafiq müalicə tədbirləri aparılmadığından heyvanın tələf olduğu, sənədlərdə heyvanın xəstəliyi barədə bir-birini təkzib edən natamam məlumatlar verildiyi, bununla da Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 3.2, 4.3-cü bəndlərinin tələblərinin pozulduğu göstərilmişdir. İddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsi tam əsassız və qanunsuzdur və həmin sığorta ödənişi iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı vaxtında heyvanın xəstələnməsi və ölməsi barədə məlumat vermişdir. Göstərilənlərə əsasən 20.12.2018-ci il tarixli, 419-LD/18 saylı lizinq müqaviləsinə əsasən İddiaçı lizinqə verilmiş damazlıq heyvanlardan tələf olmuş 1 başı üçün cəmi 2400 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbinə etirazını bildirərək, tələbin təmin edilməməsini, habelə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə cavabdeh «xxxx» ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli, 419-LD/18 saylı “dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə müqavilənin surətindən görünür ki, ümumilikdə 9600 manat dəyərində “Simmental” cinsli 2 baş iribuynuzlu (AT ********* və AT ********* invertar nömrəli) heyvanlar İddiaçı lizinqə verilmişdir. İşin materiallarında olan C-LİV-0007/19 saylı Sığorta şəhadətnaməsinin surətindən görünür ki, «xxxx» ASC ilə “xxxx” ASC arasında 02.04.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin şəhadətnamə üzrə AT ********* və AT ********* invertar nömrəli “Simmental” cinsli 2 baş iribuynuzlu heyvan 3 (üç) il müddətinə (02.04.2019- 01.04.2022-ci il) sığortalanmış, sığortanın dəyəri 73.440 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə üzrə faydalanan şəxs kimi “xxxx” ASC göstərilmişdir. İş materiallarında olan «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 20 dekabr 2018ci il tarixli, 419-LDS/18 saylı “sığorta haqqının ödənilməsi” barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq 4 il müddətinə damazlıq heyvanlar 20 dekabr 2018-ci il tarixli, 419-LD/İ8 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 816 manat olmaqla əlavə № 1-də göstərilən kimi sığortalanaraq lizinqə verilir. Lizinq alan 816 manat məbləğdə sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC və “xxxx” ASC arasında sonuncunun mülkiyyətində olan 180 baş Simmental cinsli iribuynuzlu düyənin sığortalanması ilə bağlı C-LİV-0007/19 saylı 02.04.2019 tarixli sığorta müqaviləsi imzalanmışdır. Daha sonra sığortalı “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə 1 ədəd Simmental cinsli AT161045138 birka nömrəli damazlıq düyənin tələf olması ilə bağlı sığorta ödənişi tələbi ünvanlanmışdır. Daxil olmuş müraciət sığorta şirkəti tərəfindən dərhal qeydiyyata alınmış müvafiq araşdırmalar aparılmışdır. Baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək məqsədilə aparılan araşdırma zamanı heyvanın saxlanılması və tələf olması ilə bağlı sənədlər toplanılmışdır. Aparılan araşdırma və toplanan sənədlər əsasında sığortalı “xxxx” ASC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.01.2007-ci il tarixli, 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydaları”-nın tələblərinə riayət edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs – icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Göstərilən Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmçinin, Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. İşdən göründüyü kimi mübahisəli tələf olunmuş iribuynuzlu heyvanların sığortalanması ilə bağlı C-LİV-0007/19 saylı 02.04.2019 tarixli sığorta müqaviləsi “xxxx” ASC ilə “xxxx” ASC arasında imzalanmışdır. Həmin sığorta şəhadətnaməsinə əsasən “xxxx” ASC faydalanan şəxs qismində çıxış etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı sığorta müqaviləsi üzrə tərəf olmadığından, eyni zamanda faydalanan şəxs qismində çıxış etmədiyindən, onun qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı sığorta müqaviləsi üzrə nə tərəf, nə də faydalanan şəxs olmadığından, onun sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər «xxxx» ASCyə və “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin verilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2645/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2645/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver