Məhkəmə qərarları › İş №2(006)-2665/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2665/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2665/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən İddiaçı xeyrinə 944 manat sığorta məbləğində pul və 30 manat dövlət rüsumu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 2020-ci il noyabrın 06-da saat 20:00 radələrində özünə məxsus “HYUNDAİ SONATA” markalı **-ZN-*** dövlət qeydiyyat nişalı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonunun ərazisində Əliağa Kürçaylı küçəsi ilə 145 saylı məktəbdən “Qara Qarayev” metrostaniyasına doğru istiqamətdə 2-ci dərəcəli yolla hərəkət edərkən X3 özünə məxsus və idarə etdiyi “Vaz 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı yolda əks istiqamətdə saxlamaqla götürmək istədiyi müştəri sağ arxa qapısını açan zaman onun avtomobilinin sol hissəsinə toxunmaqla hər iki qapını və qabaq sol dəstəyini zədələməklə ona ziyan vurrnuşdur. Hadisə ilə bağlı cavabdehə dərhal məlumat verilmiş, sonuncunun nümayəndəsi hadisə yerinə gəlmiş və fotoşəkillər çəkmişdir. Törətdiyi inzibati xətaya görə “Vaz 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X3 Azərbaycan Respublikası İXM- 327.1-ci ilə maddəsi ilə təqsirli bilinməklə barəsində həmin tarixdə inzibatin protokol tərtib olunmuşdur. X2 məxsus “Vaz 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 2020-ci il aprelin 15-də icbari Sığorta olunmuş və bu barədə İcbari Sığorta müqaviləsi verilmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını nəzərə alıb, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətinin 18 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, hadisə zamanı Sizə məxsus Hyundai Sonata markalı ** ZN *** dövlət nömrə nişanlı minik avtomobilinə Vaz 21074 markalı 14BC842 dövlət nömrə nişanlı minik avtomobilinin sərnişini arxa sağ qapını açaraq maddi zərər vurmuşdur. Bu səbəbdən 06 noyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zaman Sizə məxsus Hyundai Sonata markalı ** ZN *** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərər üzrə sığorta şirkətinin öhdəliyi yaranmamışdır. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, 06.11.2020-ci il tarixli inzibati protokoldan görünür ki, törətdiyi inzibati xətaya görə “Vaz 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X3 Azərbaycan Respublikası İXM-327.1-ci ilə maddəsi ilə təqsirli bilinməklə barəsində həmin tarixdə inzibatin protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 15.04.2020-ci il tarixli İcbari Sığorta müqaviləsindən görünür ki, X2 məxsus “Vaz 21074” markalı **-BC-*** dövlət diyyat nişanlı avtomobil 2020-ci il aprelin 15-də icbari Sığorta olunmuş və bu barədə İcbari Sığorta müqaviləsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3642 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC-nin 20.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2015-ci il buraxılışlı Hyundai Sonata markalı ** ZN *** dövlət nömrə nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3642 saylı ekspert rəyindən göründüyü kimi iş materiallarında olan "xxxx" MMC-nin 20.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2015-ci il buraxılışlı Hyundai Sonata markalı ** ZN *** dövlət nömrə nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700,0 manat müəyyən edilir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən İddiaçı xeyrinə 700 manat sığorta məbləğində pul və 30 manat dövlət rüsumu ödənilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən tutulub Dövlət büdcəsinə köçürülməlidir. Şərh edilənlərə əsasən vəAzərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən İddiaçı xeyrinə 700 manat sığorta məbləğində pul və 30 manat dövlət rüsumu ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar