Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2665/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 4.702,26 manat məbləğində sığorta ödənişinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla ilə QSC "Bank Standard" KB arasında 12 dekabr 2014-cü il tarixdə bağlanmış 1xx/xx/2431/14 saylı "Kredit müqaviləsi"nin 1.1 və 1.3-cü bəndlərinə əsasən "Kreditor" bu müqavilənin şərtlərinə uyğun olaraq "Borc alan"a məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 46.900,00 (qırx altı min doqquz yüz) manat məbləğində 360 (üç yüz altmış) ay müddətinə "Borc alan"a ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə kredit verilmiş, alqı-satqı və ipoteka müqaviləsinə əsasən alınmış mənzil kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və MAP-176469 nömrəli, 20 dekabr 2017-ci il tarixli "Həyat Sığortası Şəhadətnaməsi”nə əsasən ipoteka krediti üzrə onun yəni borc alanın həyatı sığortalanmışdır. Belə ki, hərbi qulluqçu olaraq o, 2016-cı ilin "Aprel" döyüşlərində iştirak edərək yaralanmışdır, bunun nəticəsi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 03 sentyabr 2019-cu il tarixli arayışına əsasən ona 05 avqust 2019-cu il tarixdə "Partlayış yaralanması (xx.xx.2016 aprel döyüşü zamanı) keçirilmiş qapalı kəllə beyin travması və baş beyin travması və baş beynin sillkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri travmadan sonrakı postravmatik ensefolopatiya İİİ mərhələ, kəllə daxili hipertenziya, sol tərəfli piramid çatmamazlığı və hərəki koordinator pozğunluğu. QKB travm. Sonra qıcolma tutmaları (ayda 6-7 dəfə). Baş beynin funksiyasının mühüm pozulması. Döş qəfəsinin sol plevra boşluğuna nüfuz edən qəlpə yaralanması. Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfüz edən kor qəlpə yaralanması hemopnevmotoroksa görə aparılmış cərrahı əməliyyatdan sonrakı vəziyyət Sol plevra boşluğunun Bilau üsulu ilə drenaj edilməsi. Sol ağciyərin yuxarı payının yad cisminə (metal qəlpə) görə aparılmış torokotomiya, yad cisminə (metal qəlpə), plevra boşluğun drenajı əməliyyatlarından sonrakı dərin bərkimiş dəri çapıqları, xarici tənəffüz funksiyasının pozulması diaqnozu qoyulmuş, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar olaraq, 05 avqust 2024-cü il tarixədək ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar almış olduğu yaralanma nəticəsində ikinci qrup əlillik dərəcəsi nəzərə almmaqla cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti sığorta məbləğinin 60%-i miqdarında yəni 05 avqust 2019-cu il tarixdən 05 avqust 2024-cü il tarixədək aylıq 134,34 (bir yüz otuz dörd manat, 34 qəpik) manat, ümumilikdə 8.060,76 (səkkiz min altmış manat, 76 qəpik) manat sığorta ödənişi ons hesablanmış, həmin aylıq sığorta ödənişi 2019-cu ilin avqustdan başlayaraq 2021-ci ilin oktyabr ayına kimi ödənilməsi davam etmişdir. Cavabdeh ümumilikdə ona 3.358,50 (üç min üç yüz əlli səkkiz manat, 50 qəpik) manat məbləğində sığorta ödənişi ödəmiş, qalan 4.702,26 (dörd min yeddi yüz iki manat, 26 qəpik) manat sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, onun Bank qarşısında olan kredit öhdəliyini tanışlarının vasitəsi ilə tam bağlanmasını cavabdeh əsas götürərək sonrakı müddət üçün nəzərdə tutulmuş sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, iş materiallarından da görünür ki, iddiaçı S.D,Salmanov ipoteka kreditləri üzrə borcalanların həyat sığortası üzrə 20 dekabr 2017-ci il tarixli MAP-176469 saylı “Həyat" Sığorta Şəhadətnaməsi (bundan sonra “sığorta müqaviləsi” adlandırılacaq) əsasında sığorta olunmuş və ona 05 avqust 2019-ci il tarixində 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. MAP-176469 saylı Sığorta müqaviləsi ilə sığorta məbləğinin azalan olması və növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilməsi, sığorta hadisəsinin bas vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində olması, habelə ikinci qrup əlillik halında sığorta məbləğinin 60%-i hissəsində sığorta ödənişinin verilməsi razılaşdırılmışdır. Sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın (bundan sonra ’’Qaydalar”) 16.2-ci maddəsinə əsasən, Sığorta müqaviləsində bu Qaydaların 13.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir: 16.2.1. Sığorta olunan öldüyü halda qalıq borc məbləğində; 16.2.2. Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində. Belə ki, Qaydaların 16.2.2-ci maddəsinin tələblərindən də görünür ki, Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində sığorta ödənişi həyata keçirilir. Baxılan halda, iddiaçıya 05 avqust 2019-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuş və əlilliyin təyin olunduğu 5 illik dövr üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq qalıq borc kimi 8060.76 manat hesablanmışdır. Təkrar maliyyələşdirilmədən sonra faydalanan şəxs olan AR ipoteka və Kredit Zəmanət Fondunun 09 dekabr 2019-cu il tarixli məktubu nəzərə alınaraq sözügedən qalıq borc məbləğinin aylıq əsasla iddiaçının hesabına köçürülməsinə başlanılmışdır. Bundan əlavə isə, müqavilə üzrə faydalanan şəxs olan "xxxx" ASC-nin M/03-9799 saylı 22 dekabr 2021-ci il saylı məktubu ilə təsdiq olunmuşdur ki, iddiaçının ipoteka krediti üzrə borcu tam olaraq silinmişdir və heç bir faiz və ya əsas borcu yoxdur. İddiaçı ipoteka krediti üzrə borcu tam olaraq silinmişdirsə və heç bir faiz və ya əsas borcu yoxdursa, deməli qalıq borc 0 məbləğə bərabərdir və müvafiq olaraq 5 il müddəti üçün qalıq borca uyğun hesablanmış aylıq ödənişin verilməsi əsası aradan qalxmış olur. Müqavilə üzrə sığorta məbləği azalan olub növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilirsə, bu isə onu deməyə əsas verir ki, qalıq borc 0 məbləğ olduğundan müqavilə üzrə sığorta ödənişi 0-a bərabər olacaqdır. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/2431/14 saylı kredit sazişinə əsasən bank borc alana-iddiaçıya 360 ay müddətinə illik 4% dərəcəsi ilə 46.900 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli, MAP-176469 saylı ipoteka götürən şəxslər üçün “Həyat sığortası” şəhadətnaməsinə əsasən İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2044-cü il tarixədək sığortalanmışdır. Şəhadətnaməyə əsasən “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 4.4-cü maddəsində qeyd olunan hallarda sığorta ödənişinin verilməsinə təminat vermişdir. Sığorta müqaviləsi “Qaydalar”da əks olunmiş şərtlərlə bağlanmışdır. Sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunan kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində faydalanan şəxs "xxxx" ASC Baş ofis filialı, təkrar maliyyələşdirilmədən sonra isə Azərbaycan İpoteka Fondudur. ƏƏSMN yanında DSMF Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 035290 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Dərviş oğluna ikinci qrup əllilik evrilmişdir (xx.xx.2024-cü il tarixədək). "xxxx" Sığorta Şirkəti ASC-nin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə heyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkətində MAP-176469 saylı ipoteka kreditləri üzrə borclanaların həyat sığortası şəhadətnaməsi (bundan sonra – Sığorta Şəhadətnaməsi) üzrə sığorta olunmuş İddiaçı Dərviş oğlu xx.xx.2019-cu il tarixdən “Partlayış yaralanması (xx.xx.2016-cı il Aprel döyüşləri zamanı) diaqnozu ilə 5 il müddətinə İİ dərəcəli əlillik almışdır. Qeyd olunan hadisə ilə əlaqədar xx.xx.2019-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 134 manat (ümumi 8.060,76 AZN) məbləğində sığorta ödənişinin verilməsi barədə qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ödənişin köçürülmə üsulu barədə "xxxx" Sığorta Şirkətinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun faydalanan şəxs qismində çıxış etdiyi xx.xx.2017-ci il tarixli MAP-176469 nömrəli sığorta şəhadətnaməsi üzrə İddiaçı Dərviş oğlunun xx.xx.2019-cu il tarixindən 5 il müddətinə 2-ci dərəcəli əlillik alması ilə əlaqədar olaraq aylıq 134.34 (bir yüz otuz dörd manat, otuz dörd qəpik) manat (cəmi 8060.76 AZN) məbləğində sığorta ödənişinin sığortalıya ödənilməsini təmin edilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Atəşgah Həyat” Sığorta Şirkətininə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Dərviş oğluna xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən AR İKZF-nın vəsaiti hesabına 46 900 (qırx altı min doqquz yüz) manat məbləğində ipoteka krediti verilmişdir. xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq bildirilir ki, İddiaçı Dərviş oğlunun yuxarıda qeyd olunan ipoteka krediti üzrə borcu tam olaraq silinmişdir və bu günə heç bir faiz və ya əsas borcu yoxdur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı Dərviş oğlu xx.xx.2016-cı il tarixdə Aprel döyüşləri zamanı yaralanmış və nəticədə ona xx.xx.2024-cü il tarixədək ikinci qrup əlillik təyin olunmuşdur. Baş vermiş hadisə xx.xx.2017-ci il tarixli, MAP-176469 saylı ipoteka götürən şəxslər üçün “Həyat sığortası” şəhadətnaməsinə əsasən sığorta hadisəsi kimi qiymətləndirilmiş, qeyd olunan hadisə ilə əlaqədar xx.xx.2019-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 134 manat (ümumi 8.060,76 manat) məbləğində sığorta ödənişinin verilməsi barədə qərar qəbul olunmuş, bu barədə xx.xx.2017-ci il tarixli MAP-176469 nömrəli sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna məlumat verilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən isə öz İddiaçı Dərviş oğlunun xx.xx.2019-cu il tarixindən 5 il müddətinə 2-ci dərəcəli əlillik alması ilə əlaqədar olaraq aylıq 134.34 manat (ümumi 8.060,76 manat) məbləğində sığorta ödənişinin sığortalıya ödənilməsinin təmin edilməsi cavabdehdən xahiş edilmişdir. İşin hallarından həmçinin görünür ki, İddiaçı Dərviş oğlunun yuxarıda qeyd olunan ipoteka krediti üzrə borcu tam olaraq silinmiş və bu tarixə onun heç bir faiz və ya əsas borcu qalmamışdır. Hazırda iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-dən 4.702,26 (dörd min yeddi yüz iki manat, 26 qəpik) manat məbləğində sığorta ödənişinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə müqavilə üzrə sığorta məbləğinin azalan olması, sığorta ödənişlərin növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilməsi, İddiaçı Dərviş oğlunun qeyd olunan ipoteka krediti üzrə borcun olmaması ilə əlaqədar məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının sığorta ödənişini tələb etməsinə hüquqi ixtiyarı yoxdur. Belə ki, Mülki Məcəllənin 884-cü maddəsinə görə faydalanan şəxs sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu əldə edir, sığortaçı - sığorta ödənişini ödəmək vəzifəsini həyata keçirməli olurlar. Sığortalı isə sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Dərviş oğlu (sığortalı) sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində tanınmamış və bununla da müqavilə üzrə sığorta ödənişini tələb etmək hüququnun ona məxsus olması faktı istisna edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçı sığorta ödənişinin verilməsini tələb etmək üzrə subyektiv hüquqa malik olduğu təqdirdə belə, hazırki iddianın rədd edilməsi qənaətinə gəlinməli idi. Belə ki, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 13.6-cı bəndinə görə sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir: kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində; kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində. Qaydaların 16.2.2-ci yarımbəndinə görə sığorta müqaviləsində bu Qaydaların 13.6.2ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərində öz əksini tapan maddələrin mənasından isə görünür ki, müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını yalnız müqavilə ilə üzərinə öhdəlik götürmüş şəxsdən tələb edilməli, öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyan şəxs – müqavilə üzrə mükəlləfiyyətli tərəfdir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Mülki Məcəllənin sadalanan maddələrin məzmunundan göründüyü kimi borclu özünün risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli, MAP-176469 saylı ipoteka götürən şəxslər üçün “Həyat sığortası” şəhadətnaməsinə əsasən tərəflər sığorta ödənişinin sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borcu məbləği həcmində faydalanan şəxsə ("xxxx" ASC-yə, təkrar maliyyələşdirilmədən sonra isə Azərbaycan İpoteka Fonduna) ödənilməsinə dair razılığa gəlmişlər. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 13.6-cı bəndinə görə sığorta müqaviləsi üzrə sığorta ödənişinin kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində həyata keçirilməsi sığortaçı ilə sığortalının razılığı əsasında mümkündür. Göründüyü kimi cavabdeh, İddiaçı Dərviş oğlunun tərəf olduğu kredit müqaviləsi üzrə borcu tam silindiyindən və sığorta müqaviləsi üzrə sığorta ödənişinin kredit müqaviləsindəki qalıq borca mütənasib şəkildə hesablanmalı olduğundan sığorta şirkəti sığorta ödənişlərini həyata keçirməkdən imtina etməklə qanunvericiliyə və xx.xx.2017-ci il tarixli, MAP-176469 saylı “Həyat sığortası” şəhadətnaməsinə uyğun olaraq hərəkət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən öhdəliyin pozulmasına səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçının, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən sığorta ödənişinin ödənilməsinə dair tələbi əsassız olduğundan, iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2665/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2665/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver