Məhkəmə qərarları › İş №2(006)-2667/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2667/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2667/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq İİ qrup əlillik dərəcəsi almağı ilə əlaqədar ona ödənilməsi olan 6600 manat sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, 1991-ci ildə könüllük olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Azərbaycanın gedən döyüşlərə qatılmış, 1991-ci ildə Ağdam rayonunda özünü müdafiə dəstələrində Güllücə kəndinin müdafiəsində iştirak etmişdir. Döyüşlərdə yüngül yaralansa da müalicə aldıqdan sonra yenə döyüş bölgəsinə qayıtmışdır. Xocavənd (Martuni) rayonu istiqamətində yerləşən Muğanlı, Kuropatkin, Əmrahlar kəndlərinin müdafiəsində iştirak etmişdir. Milli Ordu yarandıqdan sonra 1992-ci ildə N () saylı hərbi hissənin İV rotanın şəxsi heyətinin siyahısına qəbul edilərək Füzuli rayonu Hadrut istiqamətində yerləşən Saracıq, Qarakollu və Yeni Günəşli kəndlərinin müdafiəsində iştirak etmişdir. 1993-cü ildə həmin rayonun Məlikcan yüksəkliyi uğrunda gedən döyüşdə baş, bel və ayaq nahiyəsindən ağır yaralanmışdır. Bununla əlaqədar ona İİ qrup əlillik dərəcəsi verilmişdir. O, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən ona ödənilməli olan sığorta ödənişinin alınması üçün sığorta orqanına müraciətlər etmiş, lakin ona heç bir sığorta ödənişi ediıməmişdir. Cavabdeh onun müraciətindən imtina edərək, hərbi qulluqçulara sığorta ödənişi qaydasının və şərtlərinin müəyyən edilməməsini göstərmişdir. O, cavabdehin bu imtinası ilə razı deyil və belə hesab edirə ki, hərbi xidmət dövründə yaralanaraq əlillik dərəcəsi aldığına görə ona qanunla nəzərdə tutulmuş məbləğdə səğorta ödənişi ödənilməlidir. Həmin sığorta ödənişinin ödənilməsi qaydasının müəyyən edilməməsi isə ona sığorta ödənişi edilməsindən imtina edilməsi üçün əsas deyildir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 702(848) saylı hərbi hissə komandirinin xx xxxxxxx 1992-ci il tarixli 354 nömrəli əmrilə (əsas: sıra-1) hərbi hissənin İV-cü rotanın şəxsi heyətin siyahısına qəbul edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1998-ci il və iyul-sentyabr 2000-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunmağı barədə məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N saylı hərbi hissənin “702 saylı hərbi hissəyə aid olan, qayıtmaz itkinlərinin, itkin düşənlərinin və yaralananlarının adbaad siyahılarında” (əsas: sıra-139) N saylı hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək yaralananların qeydiyyatı siyahısında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyasının 812450 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin arayışından görünür ki, 1993-cü ildə Füzuli rayonu ərazisində döyüşlər zamanı yaralanmış və Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmiş, vaxtında hərbi xidmətdən tərxis olunmamış, İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3/3-2567 saylı xx xxxxxxx 1998-ci il tarixli sərəncamına əsasən hərbi xidmətdən tərxis olunmuş və sərəncamın surəti Fizuli RHK-da göndərilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(011)- 1658/2016 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı 1991-ci il tarixdən 1993-cü il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, DSMF Xətai rayon Şöbəsi tərəfindən İddiaçı xx xxxxxx 2019-cu ildə 034623 saylı İİ qrup əlili kimi müddətsiz vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə səhhətiniz ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı müharibə veteranı kimi xx xxx 2017-ci ildə 059198 saylı vəsiqə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar