Məhkəmə qərarları › İş №2(006)-2668/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2668/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2668/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və övladının xəstəliyi ilə əlaqədar əlavə olaraq 300 manat məbləğində hər ay pulun, eyni zamanda məhkəmə xərclərinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə 31 may 2022-ci il tarixində 5 saylı Bakı “Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 31 may 2022-ci il təvəllüdlü X2 adlı bir oğlulları vardır. Ailə qurduqları ilk günlərdən həyat yoldaşı ilə münasibətləri normal olmamışdır. Uşaq xəstəxanada doğularkən və 40 günlüyündən sonra K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya xəstəxanasında səhhətində yaranmış narahatçılıqla bağlı 2 həftə müalicə aldığı müddətdə də atası onunla nə maddi, nədə mənəvi dəstək olaraq maraqlanmamışdır. Cavabdeh ata kimi uşağına sahib çıxmır, övlad kimi onu qəbul etmir. 2023-cü ilin fevral ayına qədər cavabdeh hərdən zənglər edərək uşağı ilə maraqlanmışdır, lakin fevral ayından artıq bu günə kimi uşağın atası ilə əlaqə tamam kəsilmişdir. Aralarında rəsmi nikah bağlanmış olsada, uşaq doğulduğu gündən bu günə kimi ayrı-ayrı evlərdə yaşayırlar. Hal-hazırda atası evində qalır. Faktiki olaraq ayrılmış sayılırlar. Ayrı yaşadıqları müddətdə uşaq onunla yaşayır cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik göstərilmir. Bu müddət ərzində övladının maddi ehtiyacları onun tərəfdən ödənilmişdir. Azərbaycan Respublikasının Ailə qanunvericiliyində, eləcə də, uşaq hüquqlarının müdafiəsi və üstünlüyünə dair digər qanunvericilik aktlarında valideynlərin uşaqlara dair hüquqları ilə bərabər vəzifələri də, təsbit edilmişdir. Hal-hazırda uşağın saxlanılması üçün tələb olunan maddi vəsaitin ödənilməsində çətinliklər yaranır. Bu səbəbdən onun əvvəlki təminatlarının səviyyəsinin təmin edilməsi məqsədi ilə Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməyə məcburdur. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, övladları X2 raxit, “displaziya" xəstəliyi ilə doğulmuşdur. Uşaqda sümük çatışmazlığı bud sümüyünün başında anadangəlmə şarik olmayıb. Eyni zamanda döş qəfəsinin sümüyündə də qabarma var. Uşaq iki aylığından mütəmadi olaraq hər ay tez-tez həkim müayinəsində olur fizioterapiya müalicəsi alır. Bu müalicələr uşağın 6 yaşına qədər davam edəcəkdir. Onun maddi xərcləri daha yüksəkdir və bu isə xərclərin təkcə onun tərəfindən qarşılanmasını daha da, çətinləşdirir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etməklə iddia tələbini etiraf etməmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, iddiaçı onun yanında qalmış olsaydı övladı ilə yaxından maraqlanmış olardı, lakin, iddiaçı uşağı götürüb valideynlərinin yanına getmişdir. Uşağı həkimə müayinəyə apardıqda iddiaçının yanında olmuş, sadəcə işdən çıxdığına görə müayinə xərclərini qarşılamaq iqtidarında olmamış, dərmanları ala bilməmişdir. Artıq 6 aydır işdən çıxmışdır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 466799 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 760496 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər hazırda nikahdadırlar, onların birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 hazırda iddiaçının yanındadır və tərəflər arasında uşağın saxlanılması ilə bağlı razılıq mövcüd deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, iddia tələbində göstərilən məbləğdə alimentin tutulması üçün cavabdehin maddi və ailə vəziyyəti barədə hər hansı sübutun təqdim edilməməsini, bununla yanaşı isə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla qismən təmin edilməlidir. Cavabdehin fərdi əməklə məşğul olmaqla qazancının az olması səbəbindən tələb olunan məbləğdə alimenti ödəyə bilməməsi dəlilinə münasibətdə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, uşağın müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, uşağın artan tələbatlarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması onun mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2640 (220x12=2640) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar