Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2703/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X1rşı «lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1rşı «lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X5 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2023-cü il tarixə 445 manat 54 qəpik gecikdirilmiş əsas borc, 403 manat 01 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 346 manat 64 qəpik dəbbə pulu, həmçinin lizinq obyekti olan «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.485 manat 44 qəpik olmaqla, ümumilikdə 3.680 manat 63 qəpik pul vəsaiti və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumunun cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13.928 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən lizinq alan illik 17,5 % hesablanmaqla 45 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 424,27 manat, ümumilikdə isə 19.092 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. X5 lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə lizinq alan tərəfindən İddiaçı MMC-yə heç bir ödəniş olunmamışdır. X3 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.485,44 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda X3 MAS-5513 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2023-cü iİ tarixə ümumilikdə 1.195,19 manat məbləğində gecikmə borcu yaranmışdır. «Daxili lizinq» müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləğ ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq müqaviləsinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesanlanmaqla cərimə ödəyir. «Daxılı lizinq» müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafıq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. «Daxili lizinq» müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. «Daxili lizinq» müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. «Daxili lizinq» müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyekti işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq odəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək və izahatında bildirdi ki, maşın icarəyə verdiyi şəxs tərəfindən yararsız hala salınmışdır. Hazırda bu vəsaiti ödəməyə maddi imkanı yoxdur. Şirkət tərəfindən avtomobilin təmir edilərək ona yeni şərtlərlə lizinqə verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - İddiaçı MMC ilə X5 arasında 21 oktyabr 2022-ci il tarixdə MAS-5513 saylı «Daxili lizinq müqaviləsi» bağlanmışdır; - 21 oktyabr 2022-ci il tarixdə MAS-5513 saylı «Daxili lizinq müqaviləsi»nə əsasən İddiaçı MMC X3 sifarişi ilə 2022-ci il buraxılışlı, «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13.928 manat məbləğinə almış, avtomobilin mülkiyyətçisi kimi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir; - «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən X5 illik 17,5 % hesablanmaqla 45 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 424,27 manat, ümumilikdə isə 19.092 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.092 manatın 13.928 manatı əsas məbləğ, 5.164 manat mükafat məbləğidir; - X3 müvəqqəti istifadəsinə verilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar SD» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.485,44 manat məbləğində ziyan dəymişdir; - Maliyyə arayışında X3 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2023-cü il tarixə 445 manat 54 qəpik gecikdirilmiş əsas borc, 403 manat 01 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 346 manat 64 qəpik dəbbə pulu, həmçinin lizinq obyekti olan «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.485 manat 44 qəpik olmaqla, ümumilikdə 3.680 manat 63 qəpik borcunun yarandığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 lizinq müqaviləsi üzrə İddiaçı MMCdən lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bundan başqa, avtomobilə ziyan da vurulmuşdur. Bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdeh X2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat 44 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə X5 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsi ləğv edilməli; 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2023-cü il tarixə 445 manat 54 qəpik gecikdirilmiş əsas borc, 403 manat 01 qəpik gecikdirilmiş mükafat və 20 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.485 manat 44 qəpik olmaqla, ümumilikdə 3353 manat 99 qəpik pul vəsaiti və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 20 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə X5 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 21 oktyabr 2022-ci il tarixli MAS-5513 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 yanvar 2023-cü il tarixə 445 manat 54 qəpik gecikdirilmiş əsas borc, 403 manat 01 qəpik gecikdirilmiş mükafat və 20 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan «Khazar SD» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2.485 manat 44 qəpik olmaqla, ümumilikdə 3353 manat 99 qəpik pul vəsaiti və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu cavabdeh X2 İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2703/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2703/2023
22.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver