Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-271/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən maddi zərər 6000 manat və 80 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 7000 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanındakı ev mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin ev "xxxx" Sığorta ASC tərəfindən sığortalanıb. xx.xx.2023-cü ildə Naftalanda leysan yağışı nəticəsində evin 1-ci mərtəbəsinə su dolmuşdur. Evin parketi və tavanı zərər görmüşdür. Bundan sonra o, ödəniş almaq üçün sığorta şirkətinə müraciət etmiş, cavabdeh qurum tərəfindən qiymətləndirmə aparılmış, ona İxtiyar adlı ekspertin nümayəndəsi Samir və parket ustası Həşimov Məhyəddin 6600 AZN qiymətləndirmə etsə də, rəsmi 1340 AZN pul ödəyə biləcəklərini bildirmişlər. O, şifahi deyilən 6000 AZN məbləğlə razıdır, ancaq 1340 AZN heç həmin zərərin material qiyməti deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron məhkəm informasiya sistemindən çıxarılmış əmlak məlumatlarına əsasən Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanındakı ev İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanındakı ev "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək sığortalanmışdır. Sığorta məbləği 15000 manat, azadolma məbləği 150 manat təşkil edir. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən ünvanlanan SMS xəbərdarlıqdan görünür ki, əmlaka dəymiş ziyanın miqdarı 1340 manat dəyərində qiymətləndirilmişdir. Müstəqil ekspert İxtiyar Quliyevin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka dəymiş zərərin həcmi 1340 manat təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3139/2024 saylı qərardadı ilə mülki iş üzrə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizanın aparılmasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3- 10/6209 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanınna (tavanı, divarı, döşəməsi və s.) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarları və tavanı üzərinə vurulmuş boya qatına və döşəməsinə vurulmuş parket materiallarına su sızma nəticəsində ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyən təqribən 6113,0 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 933.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinin; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədin; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 38. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsinəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Maddə 39.3.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir. Maddə 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Mməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 2, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini cavabdeh "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək sığorta etdirmişdir. Sığorta məbləği 15.000 manat, sığorta haqqı 30 manat, azadolma məbləği 150 manat təşkil etmişdir. Naftalan şəhəri ərazisində leysan yağışları yağması nəticəsində sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka su sızması) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus yaşayış sahəsinə 7000 manat ziyan dəydiyini iddia edir, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 1340 manat təşkil etdiyini bildirir. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, həmin rəyə əsasən ünvan ünvan 2 divarları və tavanı üzərinə vurulmuş boya qatına və döşəməsinə vurulmuş parket materiallarına su sızma nəticəsində ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyən təqribən 6113 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinə iddiaçının iddia etdiyi kimi 7000 manat deyil, 6113 manat ziyan dəymişdir. Məhkəmə rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehdən sığorta müqaviləsi üzrə 150 manat azadolma məbləği çıxılmaqla 5963 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayır. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir Belə ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili də nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə cavabdehin, ekspert rəyinin həqiqəti əks etdirməməsi, sığorta şirkətinin müstəqil eksperti – Mərkəzi Bankın sığorta sahəsində müstəqil ekspertlərə dair müvafiq reyestrində adı əks olunmuş İxtiyar Quliyev tərəfindən qiymətləndirilməklə 1340 manat zərər dəyməsini müəyyən etməsinə dair mövqeyinə münasibətdə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında İddiaçı İxtiyar adlı ekspertin onun evinə gəlmədiyini, zərəri qiymətləndirən şəxsin Şahid olduğunu bildirmiş, həmin iclasda iştirak edən cavabdehin nümayəndəsi isə bu halı təkzib etməmiş və ya bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, evə dəymiş zərərin hesablanmasında faktiki iştirak etməyən ekspertin tərtib etdiyi rəyin mötəbərliyi sübhə doğurur. Beləliklə də məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi daha obyektiv və mötəbər hesab edildiyindən həmin ekspert rəyi əsas götürülməklə, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 2, 3 nömrəli evin təmir-bərpa xərcinin 6113,0 manat məbləğində olduğu müəyyən edilməli və həmin məbləğdən 150 manat azadolma məbləği çıxılmaqla 5963 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 70 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 70 manatı cavabdehdən, 30 manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 5963 (beş min doqquz yüz altmış üç) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 70 (yetmiş) manatı cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manatı isə İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-271/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-271/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver