Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2713/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək qanunsuz olaraq 8 aya yaxın müddətdə həbsdə saxlanılmasına görə ona vurulmuş fiziki və mənəvi zərərin əvəzi olaraq 80000 manat (səksən min) pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, 14 avqust 2023-cü il tarixdən 05 aprel 2024cü il tarixinə qədər qanunsuz olaraq 8 aya yaxın müddətində həbsdə və ev dustaqlığında saxlanılmasına görə iddiaçıya vurulmuş fiziki və mənəvi ziyanın əvəzi olaraq 80000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilərək “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə, saxlama, daşıma”-da şübhələnilərək xx.xx.2023-cü il tarixdə polis tərəfindən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Məmmədağa Əhmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Elə həmin gün də Bakı İstintaq Təcridxanasına etap edilmişdir. İbtidai istintaqı dövründə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Ədliyyə Nazirliyi Müalicə Müəssisəsində həbsdə qalmışdır. Daha sonra iki dəfə ev dustaqlığına buraxılması barədə tərəfindən vəsatət verilmiş və Xətai Rayon Məhkəməsinin qərarları ilə vəsatətləri rədd edilmişdir. O, dəfələrlə müalicə müəssisəsində uğursuz əməliyyat olunduğundan və əməliyyatın yerinə piy qatı və sair çirk yığıldığından qarnı həddindən artıq şişmiş və təcili ixtisaslı əməliyyata ehtiyacı olduğundan ev dustaqlığına dair yenidən vəsatət vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2412/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilmiş və əməliyyat olunmağı ilə bağlı ev dustaqlığına buraxılmışdır. Məhkəməyə də məlum olduğu kimi o, 4 aya yaxın Bakı İstintaq Təcridxanasında (həmçinin Ədliyyə Nazirliyi Müalicə Müəssisəsində) və 4 aya yaxın isə ev dustaqlığı dövründə həbsdə qalmışdır. Cəmi 8 aya yaxın həbs həyatı yaşamış və istintaq orqanının təqsiri ucbatından sağlamlığını itirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1063/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilən itthamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və həmin tarixdən məhkəmə iclas zalından azad edilmişdir. İş üzrə ittiham tərəfi apellyasiya protesti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1253/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(101)-1063/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə ittiham tərəfi kassasiya protesti verilmiş, Ali Məhkəmənin 1(102)-2105/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət təqibi üzrə icraat aparan orqanların səhvi nəticəsində o, 8 aya yaxın həbsdə qalmış, bütün gəlir-qazancından məhrum olmuş, maddi məhrumiyyətə məruz qalmış, mənəvi sarsıntı keçirmiş və fiziki sağlamlığını itirmişdie. İstintaq orqanlarının etdiyi səhv nəticəsində ona vurulmuş maddi və mənəvi zərər aşağıdakılardan ibarətdir: 1) qanunsuz olaraq 8 ay həbsdə saxlanılmaqla ailə üzvlərindən uzaq qalmış və daimi mənəvi iztirab çəkmiş və sarsıntı keçirmişdir; 2) həbsdə olarkən ailəsi mənəvi sarsıntıyla üzləşmiş, narkoman ailəsi damğası ilə yaşamaq məcburiyyətində qalmışlar; 3) qanunuz həbs və ardınca da narkoman damğası onun şəxsiyyətinə və qüruruna elə zərbə vurmuşdur ki, indiyə kimi dostları və qohumları onunla məsafə saxlamağa çalışırlar; 4) qanunsuz həbs nəticəsində onun bütün gəlirlərindən məhrum olmuş, ailəsinin yeganə qazanc gətirəni olduğundan ailəsi də dolanışıq çətinliyi iə üzləşmişdir; 5) hökmdən də aydın olduğu kimi o öz təqsirsizliyini diqqətə çatdırmaq xatirinə dəfələrlə özünə qəsd etmişdir. Həbsdə saxlanılan zaman o, Bakı İstintaq Təcridxanasından “həzm traktının matel yad cismi” diaqnozu ilə Müalicə Müəssinə köçürülmüşdür. O, kliniki, laborotor, instrumental müayinələrdən keçirilmişdir. Qarın boşluğu orqanlarının rentgenoloji müayinəsi zamanı həzm traktatında bir ədəd yad cisin – qaşıq izlənmişdir. Xəstə üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Uğursuz əməliyyatlar nəticəsində o, sağlamlığını itirmişdir. Hökmdə də qeyd edildiyi kimi “Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən verilmiş 2661/23 saylı çıxarışdan görünür ki, İddiaçı, 19 avqust 2023-cü il tarixdə ağrı şikayəti ilə müraciət etmiş, sonuncunun üzərində laporotomiya, qastronomiya, metal yad cismin xarış edilməsi, ventral yırtığın ləğvi əməliyyatı icra edilmişdir. Cinayət işinin materiallarında olan “Xəzər” Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı sözlərinə görə 5 ay əvvəl mədəsində yad cismə görə laporatomiya əməliyyatı keçirib, yad cismin çıxarılmasından 3 ay sonra əməliyyatdan sonrakı çapıq proyeksiyasında şişkinliyin olması, tez-tez tutan güclü sancışəkilli ağrılar, ürək bulanma və ümumi zəiflik şikayətləri əmələ gəlib. İddiaçı üzərində herniotomiya, bitişmələrin ayrılması, yırtığın alloplastika üsulu ilə ləğvi əməliyyatları icra edilib.” Faktiki olaraq o Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2412/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə və dustaqlığına buraxıldıqdan sonra Xəzər klinikasında bir daha əməliyyat keçirmiş və müəyyən qədər sağlamlığı bərpa olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya vurulmuş fiziki və mənəvi ziyana görə 80000 (səksən min) Azərbaycan manatı cavabdehdən tutularaq ona ödənilməlidir. Qanunsuz həbslə bağlı onun mənəvi sarsıntı keçirməsi, maddi məhrumiyyətlərə uğraması, ailəsinin dolanışıq çətinliyinin olması, həmçinin şəxsin sağlamlığını itirməsi mübahisəsizdir və o, həbs olunduqdan sonra baş verən proseslər zamanı stressləri, əzab və əziyyətləri, məhrumiyyətləri ilə bağlı vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda fiziki və mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan onun 80000 (səksən min) manat həcmində təzminat və ya kompensasiya tələb etməsi düzgündür. Nəzərə alınmalıdır ki, bəraət hökmündə də qeyd edildiyi kimi xəstə (o) üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Bu əməliyyatın onun həyatına çox ciddi yan təsirləri olmuşdur. O fərdi əmək qabiliyyətini itirmişdir. Faktiki olaraq sağlamlığı bərpa edilməz dərəcədə zədələnmişdir. O, saxlanılan zaman ona fiziki təzyiqlər edilmiş, döyülmüş və etmədiyi cinayəti boynun almaq üçün sair təzyiqlər edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1063/2024 saylı, 05.042024-cü il tarixli hökmündən də göründüyü kimi “Bakı İstintaq Təcridxanasının tibbisanitar hissəsində müayinədən keçirilən zaman İddiaçı sol bazunun içəri səthində tündbənövşəyi rəngıi qançır izləri, sağ çiyin nahiyəsində, sağ biləyin arxa tərəfində və sol kürək nahiyəsində isə qərtməkli yara xəsarətlərinin aşkar olunması barədə daxil olmuş məlumata əsasən Xətai Rayon Prokurorluğunun müstəntiqi Aqil Əşrəov tərəfindən aparılmış araşdırma üzrə təqsirləndirilən şəxs İddiaçı, əməliyyat müvəkkilləri İltifat Bayramov və Rüfət Rəhimovun ifadəsi alınmış, qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan aman sonuncu məhkəmə iclas zalında olarkən polislərin önündə anidən baş və bədənin müxtəlif nahiyələrinə küt xəsarətlər yetirmişdir, İddiaçı ifadəsində göstərdiyi xüsusatlat – polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması və işgəncə görməsi öz təsdiqini tapmadığından 07 sentyabr 2023-cü il tarixli qərarla 420-C-23 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.” Xətai Rayon Prokurorluğu fiziki təzyiqlər edilməsi və xəsarətlər yetirilməsi faktına səthi yanaşsa da Bakı Ağır Cinayətlər Məhkəməsi ədalət mühakiməsini həyata keçirərək onun barəsində bəraətverici hökm çıxarmışdır. Mülki işə məhkəmədə baxıldığı dövrdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 80000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk olaraq İddiaçı eyni iddia tələbi ilə artıq Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və hakim Nail Abbasovun icraatında olan 2(006)-2943/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli yekun məhkəmə aktı çıxarılaraq mənəvi zərərə görə iddiaçıya 8000 manat ödənilməsi təmin edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli e21353/2025-5-34 məktubuna uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən 8000 (səkkiz min) manat vəsaitin İddiaçı bank hesabına köşürülməsi 18 fevral 2025-ci il tarixdə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, həmin iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Aərbaycan Respublikasının qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunveriicliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikcə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərəbilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəs haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərə çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqında Əsasnamə”-yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarının (kredit sərəncamlarını) yalnız onların vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanamsı xərcləridir (Nazirliyin mərkəzi aparatı işçiərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələbərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə müki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toölanmasını və istifadəsini təmin etməkdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandıırlması üçün isə məhkəmə tərəfinən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialalrı əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərər məruz almasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər aarsında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddi tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf ö tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 76-cı maddəsinə əsaəsən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlat hesab olunur. Qanunvericiliyə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, həmin iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında müdafiə etdiyi şəxsin əvvəl məhkum edildiyi hökm üzrə deyil, yeni bəraət hökmünə əsasən dəymiş mənəvi zərərin ödənilməsini tələb etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)- 2412/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri 7 Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməsi, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan ,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində seçilmiş “həbs” qətimkan qədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, təqsirləndirilən şəxs İddiaçı məhkəmədə işə baxıldığı zamanı yaşadığı ünvan 1 ünvanından axşam saat 22:00-dan səhər saat 06:00-dək kənara çıxmasına ümumiyyətlə Bakı şəhəri və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməsinə, habelə cinayət işi üzrə digər şəxslərə və onların qohumları ilə əlaqə saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə qadağa qoyulması və məhkəmənin çağırışlarına şəxsən və təxirə salınadan gəlmək vəzifəsinin həvalə edilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-1063/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1253/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək, Bakı Ağır Cinayətlər məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(101)-1063/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardad dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməyərək, Bakı Ağır Cinayətlər məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökm ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 799/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməklə ona bəraət verilməsinin hökm edildiyi, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 799/2023 saylı hökmünün dəyişdirilmədən saxlanıldığı müəyyən edilərək, iddia tələbi qismən təmin edilməklə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 8000 manat məbləğində mənəvi zərərin ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5313/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə sadalanmış olan məhkəmə aktları ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək (təxminən 4 ay) əsassız olaraq həbsdə saxlanıldığı və həmin tarixdən xx.xx.2024-cü il tarixədək (təxminən 4 ay) əsasız olaraq ev dustaqlığında saxlanıldığı müəyyən edilir. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə olan etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından göründüyü kimi iddiaçı barəsində müxtəlif tarixlərdə iki dəfə bəraət hökmü çıxarılmışdır. Bununla da məhkəmə hesab edir ki, hazırki iddia tələbi MPM-nin tələblərinə uyğun verildiyindən mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 6000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edir ki, təyin edilən mənəvi zərərin məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-1308/2022 nömrəli, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-4616/2021 nömrəli, iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-4106/2021 nömrəli, iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)- 6602/2021 nömrəli qərarları) uyğundur. Qeyd olunan qərarlarda həbsdə saxlanan aylar üzrə 1.000 manat və ev dustaqlığı növündə qətimkan təbrinin tətbiq edildiyi aylar üzrə 500 manat məbləğdə ödəniş edilməsi qərara alınmışdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 6000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 6000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2713/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2713/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver