Məhkəmə qərarları › İş №2(006)-2715/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2715/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2715/2020 04.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 30 oktyabr 2001-ci ildə rəsmi qaydada nikaha daxil olmuşdur. İddiaçı Cavabdehlə evlənən vaxtdan onun atasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, ev 50-yə gəlin köçmüşdür. Cavabdeh ilə iddiaçının birgə nikahından 21.03.2004-cü il tarixdə x2 və 19.11.2012-ci il tarixdə x5 doğulmuşlar.Nəsimi Rayon Məhkəməsinin 2(006)-5004/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçının arasında olan nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlaı iddiaçının yanında saxlanılmışdır. İddiaçının maddi imkanı çox aşağıdır. Cavabdehlə birgə nikahından doğulmuş uşaqların sosial xərclərini qarşılamaqda çətinlik çəkir. Buna görə də, cavabdehlə birgə nikahdan doğulmuş 21.03.2004-cü il təvəllüdlü x1 və 19.11.2012-ci il təvəllüdlü x4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək cavabdehlə birgə nikahdan doğulmuş 21.03.2004-cü il təvəllüdlü x1 və 19.11.2012-ci il təvəllüdlü x4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən bir uşağa görə hər ay 75 (yetmiş beş) manat, cəmi 150 (bir yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək iddia tələbinin təmin edilməsi və hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi 150 (bir yüz əlli) manat alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZE 12991906 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x3 21.03.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Tanrıverdiyeva Mənzərədir. İş materiallarında olan AZE 19070103 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x5 19.11.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Tanrıverdiyeva Mənzərədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5004/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Tanrıverdiya Mənzərə Rövşən qızı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 30 oktyabr 2001-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 533 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 21.03.2004-cü il təvəllüdlü x3 və 19.11.2012-ci il təvəllüdlü x5 anaları Tanrıverdiyeva Mənzərə Rövşən qızının yanında qalması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 30 oktyabr 2001-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuşdur, aralarındakı nikah məhkəmə qaydasında pozulmuş və uşaqların iddiaçının (ananın) yanında qalmaları müəyyən edilmişdir, hazırda iddiaçı uşaqların saxlanılmasında maddi çətinliklərlə üzləşdiyindən sabit pul məbləğində aliment tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini etiraf edir. Məhkəmə iddianı hüquqi cəhətdən əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hazırki vəziyyətdə iddiaçı hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində aliment tutulmasını tələb etməsi qanunvericilikdə müəyyən edilmiş hüququdur, cavabdeh isə qanunla müəyyən edilmiş qaydada uşaqlarını saxlamağa borcludur və iddia tələbini qəbul edir, odur ki, iddia təmin edilməlidir. Belə olan halda, məhkəmə qeyd olunanları nəzərə alaraq, hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, ayda cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni 02.03.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02.03.2020-ci il tarixdən başlayaraq, 21 mart 2004-cü il təvəllüdlü x3 və 19 noyabr 2012-ci il təvəllüdlü x4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tanrıverdiyeva Mənzərə Rövşən qızına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02 mart 2020-ci il tarixdən başlayaraq, 21 mart 2004-cü il təvəllüdlü x3 və 19 noyabr 2012-ci il təvəllüdlü x4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tanrıverdiyeva Mənzərə Rövşən qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar