Məhkəmə qərarları › İş №2(006)-2722/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2722/2025

30.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2722/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "aliment və digər xərclər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2023-cü ildə məhkəmənin qətnaməsi ilə rəsmi şəkildə ayrılmışdır. Birgə nikahlarından bir uşaqları var və onlar iddiaçının himayəsinə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4013/2023 saylı qətnaməsi ilə aralarında rəsmi boşanma olmuşdur. Həmin vaxt uşağa aliment təyin edilməmişdir. Cavabdeh üzərinə götürmüşdür ki, uşaqların erkən inkişaf xərclərini ödəyəcəkdir. Həqiqətən də təxminən 14 ay müddətində hər ay 450 manat uşağın erkən inkişaf pulunu normal şəkildə vaxtlı-vaxtında ödəmişdir. Lakin son 4 aydır ki, bir manat belə ödəmə etmir. Bildirmişdir ki, məhkəmə rəsmi nə təyin edəcəksə, onu ödəyəcəkdir. Hal-hazırda uşaq yenə də X9 Mərkəzinə getməkdədir. Göstərilənlərə əsasən Cavabdeh hər ay övladlarının saxlanılması üçün 246 manat sabit pul məbləğində alimentin və uşağın fərdi inkişafı üçün bağlanmış müqavilənin dəyərinin yarısının alınıb ona verilməsinin və o cümlədən alimentin illik minimum əmək haqqına nisbətdə indeksasiyası barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd olunmuş uşağın fərdi inkişafı üçün bağlanmış müqavilənin dəyərinin yarısının alınıb ona verilməsi hissəsində tələbini geri götürdüyünü bildirmişdir. 4.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və ondan hər ay övladının saxlanılması üçün 246 manat sabit pul məbləğində alimentin tutulmasına etirazının olmadığını bildirmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı birgə nikahdan olan uşağın saxlanılması üçün aylıq 246 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(006)-4013/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X4 arasında 15 aprel 2017-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 800 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və xx.xx.2019cu il təvəllüdlü X1 anası cavabdeh X2 yanında qalması qət edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/6-00328 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək, 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 11.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən AZ-İ seriyalı, 484647 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 557 nömrə ilə qeyd edilmişdir. 12.Mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 14.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 15.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 16.“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 17.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-cü il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 18.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 19.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, cavabdehin aliment tələbini qəbul etdiyini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (246:400≈0.61) sabit pul məbləğində aliment tutularaq İddiaçı Nizami qızına ödənilməlidir. 20.Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə bağlı mediasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. 21.Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 22.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 23.Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 24.Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeydşərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 25.Göründüyü kimi cavabdehə artıq xx.xx.2025-ci il tarixdə iddiaçının alimentin ödənilməsi tələbi ilə bağlı niyyəti məlum olmuşdur. 26.Məhkəmə həm mülki prosessual qanunvericiliyin, həm də “Mediasiya haqqında” qanunun tələblərini nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prossedur olmuş və prossedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir. Bu fakt da onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan hallar, yəni aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır. 27.Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan olan 10 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 28.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Birgə nikahdan olan 10 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar