Məhkəmə qərarları › İş №2(006)-2727/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2727/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2727/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sığorta Kommersiya Şirkətində sığortalı olan **-JE-*** dövlət qeydiyyat nişanlı “Hyundai Conti” avtobus markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 2363 manat sığorta ödənişinin, ziyan aktının tərtib edilməsinə görə ödənilmiş 30 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 2423 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus “VAZ 21074” markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Quba şəhəri ərazisində idarə edərkən “Hyundai Conti” avtobus markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçının avtomobilinə 2363 manat məbləğində maddi zərər dəymişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin əvəzi olaraq 1405 manat məbləğində sığorta ödənişi ayrılmışdır. Dəfələrlə cavabdehə məxsus qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq cavabdehin əməkdaşları ilə danışmasına və ayrılmış məbləğin maşına dəyən zərəri ödəmədiyini bildirməsinə baxmayaraq, cavabdehin əməkdaşları sığorta ödənişinin artırılmayacağını qəti şəkildə ona bildirmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkət tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış X3 tərəfindən idarə olunan “Hyundai County avtobus” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən idarə olunan “VAZ 21074 minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş və hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 1405 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkən məbləğlə razılaşmadığından qarşılıqlı razılaşma əsasında müstəqil ekspert qismində Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan və sığorta sahəsində müstəqil ekspert hesab olunan “Bakı Ekspertiza Mərkəzi” seçilmişdir. Həmin ekspert qurumu tərəfindən müvafiq qiymətləndirmə fəaliyyəti həyata keçirilmiş və qurumun tərtib etdiyi xx.xx.2022-ci il tarixli zərər aktına əsasən, avtomobilə dəymiş ziyan 1680 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı bu qiymətlə də razılaşmamış və “Təbriz Firması” adlı ekspertiza mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə guya 2363 manat məbləğində zərər dəyməsi hesablanmışdır. Qeyd edilmişdir ki, “Təbriz Firması” adlı qurum sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi reyestrində qeydə alınmamışdır. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin qurumun qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə, iş üzrə əhəmiyyət kəsb edə bilməz. Həmin zərər aktı real hesab edilə bilməz, bu səbəbdən də məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbini 1680 manat hissəsində qəbul etmiş, iddianın həmin hissədə qismən təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iddianı qismən qəbul edib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehdin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və etirazı mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Quba RPŞ-nin DYPB-nə göndərilməsi, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ME0032/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, buraxılış ili 2008-ci il olan “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1680 manat müəyyən olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" Firması tərəfindən verilən xx.xx.2022-ci il tarixli 262 nömrəli ziyan aktından görünür ki, “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2008-ci il olan avtomobilə dəymiş ziyanın ümumi məbləği 2363 manat müəyyən olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunmasına görə İddiaçı tərəfindən "xxxx" Firmasına 30 manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vurulan maddi ziyanla bağlı Dövlət Sığorta Şirkəti tərəfindən 1405 manat sığorta ödənişi ayrılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4522-8/1604 nömrəli ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Quba şəhəri ərazisində cavabdeh tərəfindən sığortalanan “Hyundai County avtobus” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 təqsiri ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə İddiaçı tərəfindən idarə olunan “VAZ 21074 minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında avtomobilə dəyən maddi ziyanın məbləği barəsində narazılıq yaranmış, belə ki, iddiaçı avtomobilə dəyən zərərin 2363 manat məbləğində olmasını bildirərək, həmin məbləğin ödənilməsini iddiaçıdan tələb etsə də, cavabdeh avtomobilə dəymiş ziyan üçün 1405 məbləğində sığorta ödənişinin ayrılmasını bildirmiş, bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddia tələbini 1680 manat hissəsində qəbul edərək, iddianın həmin hissədə qismən təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə görə 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-922.2-ci maddələrinə müvafiq olaraq, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2 və 18.1-ci maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məkhəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4522-8/1604 nömrəli ekspert rəyinə əsasən, 2008-ci il buraxılışlı “VAZ 21074” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2163 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “2363 manat sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə qismən, yəni ekspert rəyinə müvafiq olaraq 2163 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ziyan aktının tərtib edilməsinə görə ödənilmiş 30 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən ziyan aktına görə 30 manat məbləğində ödəniş edilməsi müəyyən edildiyindən iddia bu hissədə təmin edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2163 manat məbləğində sığorta ödənişi və ziyan aktının tərtib edilməsinə görə 30 manat olmaqla, cəmi 2193 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 91 manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 9 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə ödənilmiş 44 manat dövlət rüsumunun 40 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, qalan 4 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2163 manat məbləğində sığorta ödənişi və ziyan aktının tərtib edilməsinə görə 30 manat olmaqla, cəmi 2193 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 44 manat dövlət rüsumunun 40 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin, qalan 4 manat hissəsi isə iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 91 (doxsan bir) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 9 (doqquz) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar