Məhkəmə qərarları › İş №2(006)-275/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-275/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-275/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X3rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cərrahiyyə əməliyyatı zamanı “Bakı Sağlamlıq Mərkəzi” X6 tərəfindən sağlamlığına vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat miqdarında pul kompensasiyasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Akademik M.Topçubaşov adına Eimi-Cərrahiyyə Mərkəzində hər iki ayağını müayinə etdirən zaman məlum olmuşdur ki, ayaq damarlarında tutulma gedir. Qeyd edilən tibb müəssisəsində anjio və kompyuter tomoqrafiyası müayinəsindən keçmək üçün Bakı Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. Bakı Sağlamlıq Mərkəzində anjio və kompyuter tomoqrafiyası müayinəsindən sonra bildirildi ki, mərkəzin həkimi olan Cavid Əhmədov onu müayinə etməlidir. Həkim onu müayinə etdikdən və müayinələrin nəticələrinə baxaraq bildirdi ki, səhhətində olan problem ciddi deyil, damarlarda olan tutulma cüzidir və müalicə olunandır. Lakin, o, tibbi sığorta ilə əməliyyat olduğundan mərkəzdə qeyd edilən işlərin rəsmiləşdirilməsini aparan Çiçək adlı əməkdaşın yanına göndərildi. Çiçək adlı xanım ona bildirdi ki, əməliyyat üçün lazım olan dərman aptekdə 350 manat qiymətindədır. Lakin, onlar dərman firması ilə işlədiklərindən həmin dərmanı 250 manata gətirə bilərlər. O da cavabında bildirdi ki, məgər əməliyyat üçün lazım olan dərmanlar sığorta tərəfindən qarşılanmır? Bunu eşitdikdən sonra Çiçək adlı xanım Cavid Əhmədovla əlaqə saxlayacağını bildirdi. Onların nə barədə danışmağını bilmədi. Lakin, bir neçə dəqiqədən sonra xanım ona bildirdi ki, o, həkimlə danışıb, dərmanlar üçün pul verməyəcəkdir. Ancaq sizdən kim soruşsa, desin ki, o da dərmana pulu vermişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixində əməliyyat üçün gəlməlidir. xx.xx.2022-ci il tarxində mərkəz onu qəbul etdi və xx.xx.2022-ci il tarixində onu əməliyyat masasına yerləşdirdilər. Əməliyyatı narkozsuz, yerli ağrıkəsici vasitəsi ilə həyata keçirilərək başladı. O, əməliyyat masasında baş verənləri eşidir və görürdü. Əməliyyat başlayan zaman əməliyyatı aparacaq həkim yerində deyildi və ilkin prosedurlar tibb bacısı tərəfindən başladı. İlk saniyələrdə açıq-aydın xırçıltı səsi eşitdi və damarından çıxar qan üstünə çəkilən plastik örtünün üstünə töküldü. O, həmin tibb işçisinin üzündəki həyəcan və panikanı açıq gördü. İkinci dəfə əməliiyyat üçün deşik açıldıqdan sonra həkimin başqa otaqdan “hazırdır? gəlim?” çağırışına tibb işçisi" gəl” cavabı verdi. Təəccüblüdür ki, əməliyyat heç 3 dəqiqə çəkmədi və o, əməliyyatın bu qədər tez bitməsində şübhələndi. Belə ki, o, əvvəllər də əməliyyatlar keçirmişdir. Əməliyyata sərf edilən qədər kiçik vaxt adətən bir infeksiyanın bədənə daxil edilməsinə sərf edilən vaxt olur. Cərrahiyyə əməliyyatı masasında həyata keçirilən tibbi müdaxilə və prosesudurlar bu qədər tez bitə bilməz. Nəticə etibarilə həkim bildirdi ki, “bağlayın” özü isə çıxıb getdi. Əməliyyat sonrası palataya yerləşdirildi və ağrıları dözülməz dərəcədə şiddətləndi. İş o yerə gəlib çatdı ki, ağrının şiddətindən o, həkimlərə yalvarırdı ki, heç olmasa ona bır ağrıkəsici vursunlar. Cavab da bu olurdu ki, heç nə olmaz narahat olma keçib gedəcək. İş o yerə gəlib çatdı ki, o, yaxınlarından xahiş etdi ki, bu xəstəxanada insana insan münasibəti göstərilmir. Xəstələrin müqəddəratı həkimlər üçün maraqlı deyil. Həkimlər həkim kimi deyil, xəstələrlə qəssab kimi davranır və həkim andına sadiq deyillər. Xüsusən də tibbi sığorta ilə əməliyyat olunub, dərman pulu verməyənlərə. Çünki, həmin xəstələr həkimlər üçün gəlir mənbəyi deyil, vaxt itkisidir. Məhz bu səbəbdən əməliyyatlar səthi və tələm-tələsik keçirilir. Evə gəldikdən sonra ağrıları daha da artdı və məcbur olaraq başqa xəstəxanaya müraciət etmək məcburiyyətində qaldı. Qohumları onu Hərbi Hospitala apardılar və bəlli oldu ki, səhhəti ağırdır və dərhal müalicəyə başlanılmalıdır. Çünki, əməliyyat edildiyi zaman çoxlu miqdarda qan itirmişdir. Daha doğrusu, ondan çoxlu həcmdə qan çıxarılaraq axıdılıb. Bəllidir ki, əməliyyatı cərrahi ləvazimatlarla kəsilərək deyil, deşilərək aparılıb və bu qədər qanın itkisi mümkün deyil. Hərbi hospitalda ona qan köçürüldü və həkim tərəfindən “Posthernorragik anemiya ağır dərəcə” diaqnozu qoyuldu. Beləliklə, o, müalicəni evdə davam etdirmək məcburiyyətində qaldı. Sonradan “Bakı Sağlam Mərkəzi”ndən əməliyyatının videoyazısını tələb etdi. Çətinliklə də olsa, həmin videoyazıları əldə edə bildi. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, xəstənin üzərinə heç bir müayinə aparılmayıb. İddiada haqlıdırlar. Tibbi sığorta ilə əməliyyat olunub. Sağalmaq əvəzinə vəziyyəti daha da pisləşib. Başqa xəstəxanaya müalicəyə getdikdə fəsadın hələ də qaldığı bildirilib. Əməliyyatın videoyazısı hələ də məhkəməyə təqdim edilməyib. Əməliyyat 3-4 dəqiqə çəkib. İşin nəticəsi sağ ayaqdadır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, əməliyyat onda aparılmayıb. Ekspertiza rəy verir ki, əməliyyat uğurlu aparılıb. O, 2 ədəd disk əldə etmişdir. Diskdə balon görüntüsü yoxdur. Ora öz ayağı ilə getmişdir. Cavid həkim əməliyyatı etmədi. Orada köməkçi ona iynə vurdu. Əməliyyat iyulun 2-si olub. 2-3 gün orada qalmışdır. Ayın 4-ü həkim onu evə buraxmışdır. Avqust ayında da, bu ayda da yoxlanışa getmişdir. 45-50% fəsad vardır. Odur ki, iddia tələbinin əsaslı olduğunu qeyd edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, izahatında qeyd etmişdir ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, həkim Cavid Əhmədov tərəfindən balon angioplastika əməliyyatı həyata keçirilməmiş, damarlara sadəcə məhlul yeridilmiş, habelə sinir zədələnməsi baş verməmişdir. Hesab edir ki, iddia əsassızdır, belə ki, həkim Cavid Əhmədov tərəfindən xəstə üzərində keçiriləcək tibbi müdaxilə barədə əməliyyat öncəsi pasiyentə təfsilatı ilə məlumat verilmişdir. Pasiyent imza atmaqla əməliyyata razılıq vermişdir. Belə ki, mövcud ciddi damar darlıqları əməliyyat zamanı açılmışdır. Əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edilməsi tibbi ekspert tərəfindən də təsdiq edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan “Bakı Sağlamlıq Mərkəzi” X6 tərəfindən verilən İddiaçı məxsus Epikrizdən görünür ki, əsas xəstəlik -170.2-ətraf arteriyalarının aterosklerozu, diaqnoz qeydi: sağ ATA və PTA-da okklüziyalar mövcuddur. Yanaşı xəstəliklər-E10.5-İnsulindən asılı şəkərli diabet periferik qan dövranın pozğunluğu ilə, diaqnoz qeydi:Şəkərli diabet ikinci tip, insulin tələbli olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “”Posthemorragik anemiya ağır dərəcə” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş X1 bölməsində ambulator müalicədə olmuşdur. Mülki işin materiallarında olan AR Silahlı Qüvvələrin Baş X5-Damar Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli yumşaq toxumaların USM-sindən görünür ki, sol tərəfdə qasıq və budun proksimal nahiyyəsində dərialtı minimal hematomaya və reaktiv limfa düyünlərinə aid görünüş izlənmiş olub, psevdoanevrizma kisəsinə aid görünüş izlənməmişdir. Sol tərəf retroperitoneal sahədə psoas əzələsi altında geniş həcmli orqanizasiya olunmuş hematom diqqəti çəkmişdir. Qarın sağ aşağı kvadratında bağırsaq ilgəkləri arasında-50 ml sərbəst maye izlənmişdir. Rektovezikal sahədə maye toplanması izlənməmişdir. Mülki işin materiallarında olan AR Silahlı Qüvvələrin Baş X5-Damar Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli yumşaq toxumaların USM-sindən görünür ki, sol tərəfdə retroperitoneal sahədə böyrəyin alt qütbü səviyyəsinə kimi uzanan psoas əzələsi qonşuluğunda -13x7.5x6 sm orqanizasiya olunmuş hematom daha əvvəl olduğu kimi izlənmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 610/KEŞ saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı hal-hazırda “Ətraf arteriyalarının aterosklerozu” xəstəliyindən əziyyət çəkir və təyin edilmiş diaqnoz aparılmış müvafiq insturmental müayinə tədqiqatlarında öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində sağ aşağı ətrafı üzərində agioplastika əməliyyatı icra edilmişdir. Bu əməliyyatın texniki icrasına əsas mövcud olan damarlarda ciddi darlıqların balon vasitəsi ilə açılması nəzərdə tutulur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə müvafiq təyinatlar verilmiş və xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı təkrar aparılmış sağ aşağı ətrafın doppler müayinəsində onda arteriyalarda müxtəlif dərəcədə stenozlar qeyd edilmişdir. Bu patoloji dəyişikliklər mövcud olan aterosklerotik xəstəliyinin kliniki gedişi ilə bağlı olmuş, icra edilmiş angioplastika əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 73/KEŞ saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı instrumental müayinəsi zamanı onda sol aşağı ətrafda balon angioplastika əməliyyatının keçirilməsini zəruri edən damar tutulması qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə öz əksini tapmış sol qasıq nahiyəsində hematomalar həkim təyinatın yerinə yetirilməməsi, kompression sarğının tez açılması və vaxtından qabaq aktivləşmə prosesi nəticəsində yarana bilərdi. Tibbi sənədlərdə göstərilənlərə əsasən, invaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ətraf arteriyalarının aterosklerozu xəstəliyindən əziyyət çəkir, xx.xx.2022-ci il tarixdə onun üzərində cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X6 tərəfindən sağ aşağı ətrafı üzərində angioplastika əməliyyatı icra edilmiş, xx.xx.2022-ci il tarixdə o, kafi vəziyyətdə evə yazılmışdır. Sonradan təkrar aparılmış sağ aşağı ətrafın doppler müayinəsində iddiaçıda arteriyalarda müxtəlif dərəcədə stenozlar qeyd edilmişdir. Hazırda iddiaçı əməliyyat zamanı ona angioplastika əməliyyatının icra edilmədiyini, əməliyyatdan sonrakı dövrdə ağrılarının daha da çoxaldığını iddia edərək, cavabdehdən onun sağlamlığına vurulmuş mənəvi zərərə görə pul kompensasiyasının cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh tərəf isə əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edildiyini qeyd edərək iddia tələbini rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda “Ətraf arteriyalarının aterosklerozu” xəstəliyindən əziyyət çəkir və təyin edilmiş diaqnoz aparılmış müvafiq instrumental müayinə tədqiqatlarında öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində sağ aşağı ətrafı üzərində agioplastika əməliyyatı icra edilmişdir. Bu əməliyyatın texniki icrasına əsas mövcud olan damarlarda ciddi darlıqların balon vasitəsi ilə açılması nəzərdə tutulur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə müvafiq təyinatlar verilmiş və xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı təkrar aparılmış sağ aşağı ətrafın doppler müayinəsində onda arteriyalarda müxtəlif dərəcədə stenozlar qeyd edilmişdir. Bu patoloji dəyişikliklər mövcud olan aterosklerotik xəstəliyinin kliniki gedişi ilə bağlı olmuş, icra edilmiş angioplastika əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Sol qasıq nahiyəsində hematomalar həkim təyinatın yerinə yetirilməməsi, kompression sarğının tez açılması və vaxtından qabaq aktivləşmə prosesi nəticəsində yarana bilərdi. İnvaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas verir. Beləliklə, müəyyən edilmişdi ki, Bakı Sağlamlıq Mərkəzinin həkimi olan Cavid Əhmədov tərəfindən iddiaçının üzərində xx.xx.2022-ci il tarixdə keçirilən əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdi. Eyni zamanda, sol aşağı ətrafda balon angioplastika əməliyyatının keçirilməsini zəruri edən damar tutulması qeyd edilməmişdir. İnvaziv müdaxilə sol bud arteriyasından ilk cəhddən damar mənfəzinə daxil edilmiş və bu da tibbi alətin damara düzgün yeridilməsinə əsas vermişdir. Göründüyü kimi, cavabdehə məxsus klinika tərəfindən iddiaçıda “Ətraf arteriyalarının aterosklerozu” xəstəliyi ilə əlaqədar onun damarında aparılmış müayinə və əməliyyat düzgün aparılmış, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə müvafiq təyinatlar verilmiş və o, xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, hazırki halda cavabdehin baş vermiş hadisədə təqsiri hər hansı sübutla təsdiq olunmadığından, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X3rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Bakı Sağlamlıq Mərkəzi” X3rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar