Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2751/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, «xxxx» ASC-də iş icraçısı vəzifəsində işlədiyi vaxt, yəni xx xxxx 2018-ci il tarixdə əmək vəzifəsini yerinə yetirərkən ağır tonnajlı tırtıllı ekskavator sağ ayağının üstündən keçmişdir. Nəticədə istehsalat xarakterli bədbəxt hadisə baş vermişdir. Sağ ayağının dizdən aşağı daban sümüyü, vətərlər sıradan çıxmış, daban sümüyü amputasiya olunmuşdur. Sağ ayağı sol ayağından qısadır. Yerimə qabiliyyətini tamamilə itirmişdir. Kənar şəxsin köməyi ilə gəzir. X1 Xidmətinin əmri ilə komissiya yaradılmış və Komissiya tərəfindən xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə təhqiq edilmiş, hadisə istehsalat xarakterli hesab edilərək İZ formalı aktla rəsmiləşdirilmiş və «xxxx» ASC-də uçota alınmışdır. Beləliklə, istehsalat qəzası əmək qabliyyətsiz hesab olunmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya əlillik səbəbi əmək zədəsi, əmək qabiliyyətinin itirilmə dərəcəsi 80 faiz olmaqla ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. «xxxx» ASC ilə «xxxx» ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Lakin iddiaçıya sığorta məbləği tam ödənilməmişdir. Göstərilənlərə əsasən, iddiaçıya ödənilməli olan sığorta ödənişinin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İcbari sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununa uyğun olaraq hesablanaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ona hesablanmış məbləğin az olduğunu qeyd edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçıya hesablanmış məbləğ düzgündür. Belə ki, ona orta aylıq əmək haqqı ilə məbləğ hesablanmışdır ki, bu qanunun tələbidir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam həcmdə rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz ərizəsinə ünvanlamışdır. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası xxxx ASC və “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0320/18 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallardan icbari sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan 003 nömrəli əlavəsinə əsasən iddiaçı, cavabdeh tərəfindən icbari qaydada sığortalanmışdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. İcbari Qanunun 10.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt və müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı sığorta hadisəsinin müəyyən olunması əsasları kimi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması bədbəxt hadisə faktının araşdırılması üçün X1 Xidmətinin əmri ilə yaradılan komissiyanın yekun aktı və işəgötürən təşkilat olan ‘'xxxx ” ASC tərəfindən tərtib edilən İZ formalı aktla təsdiqlənmişdir. İstehsalat zədəsi ilə əlaqədar iddiaçının əlilliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qiymətləndirilmiş və ona 5 il müddətinə (xx.xx.2020-xx.xx.2025) əmək zədəsi səbəbindən əmək qabiliyyətinin 80 faiz itirilməsilə nəticələnmiş ikinci dərəcəli əlillik təyin edilmişdir. Aylıq sığorta ödənişinin məbləğinin hesablanması üçün iddiaçının əməkdaşı olduğu “xxxx” ASC-dən onun orta aylıq əmək haqqı məbləği haqqında arayış əldə edilmiş və məlum olmuşdur ki, bu məbləğ 831.82 manat təşkil edir. Qeyd olunduğu kimi aylıq sığorta ödənişinin məbləği sığorta olunanın orta aylıq əmək haqqının peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edildiyindən Sığorta şirkəti olaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən başlayaraq əlillik müddəti ərzində hər ay 665.46 manat aylıq sığorta ödənişinin verilməsi barədə xx.xx.2020-ci il tarixli, **********00015 nömrəli sığorta aktı tərtib edilmişdir. İddiaçı iddiasının hüquqi (maddi) əsası kimi “İcbari Qanundan” əlavə olaraq həmçinin “İcbari sığortalar haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarından maddələrə istinad olunur. Bununla bağlı qeyd olunmalıdır ki, adıçəkilən qanunlardan istinad olunan maddi normaların hazırda baxılan iddiaya heç bir aidiyyəti yoxdur və onun mahiyyəti ilə də uzlaşmır. Qeyd olunduğu kimi iddiaçıya İcbari Qanunun tələblərinə uyğun olaraq hesablanmış 665.46 manat aylıq sığorta ödənişi onun peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edildiyi gündən - xx.xx.2020-ci il tarixdən başlayaraq ödənilməkdədir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan 01/xx.xx.2018 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” Aktın (İZ forması) surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0320/18 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallardan icbari sığorta müqaviləsi”ndən və onun ayrılmaz tərkib hissəsi sayılan 003 nömrəli əlavəsindən görünür ki, iddiaçı, həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar cavabdeh tərəfindən icbari qaydada sığortalanmışdır. İş materiallarında olan cavabdehin xx xxxxxx 2020-ci il tarixli PHS-**********7 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aylıq 665,46 manat olmaqla, 5 il müddətinə cəmi 39927,60 manat sığorta ödənişi təyin edilmişdir. İşə əlavə olunmuş “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli 12 saylı arayışından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixindən iş icraçısı vəzifəsində işləmiş və onun təyin edilmiş vəzifə maaşı 1220 manat, xəsarət baş verdiyi günə qədər olan iş günlərinin saylı 15 iş günü, hesablanmış orta aylıq əmək haqqı 831,82 manat təşkil edir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonun müayinəyə dair məlumatdan görünür ki, iddiaçı əmək zədəsi ilə əlaqədar 80 faiz əmək qabiliyyətini itirdiyindən ona İİ dərəcəli əlillik təyin edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli **********00015 saylı Sığorta aktından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən başlayaraq əlillik müddəti ərzində hər ay 665.46 manat aylıq sığorta ödənişi verilir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli, xx xxxxxx 2021-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 665.46 manat məbləğində sığorta ödənişləri ödənilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı xx.xx.2018-ci il tarixindən “xxxx” ASC-də iş icraçısı vəzifəsində işləmiş və “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0320/18 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallardan icbari sığorta müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi sayılan 003 nömrəli əlavəsinə əsasən iddiaçı, cavabdeh tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2018-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət almış və nəticədə 80 faiz əmək qabiliyyətini itirdiyindən iddiaçıya İİ dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixindən başlayaraq əlillik müddəti ərzində hər ay 665.46 manat aylıq sığorta ödənişi verilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, cavabdeh tərəfindən sığorta ödənişinin düzgün hesablanmamasını bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmiş, eyni zamanda bu dəlilini konkret əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin İcbari Qanunun 17.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hesablandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişinin məbləği, iddiaçının işlədiyi müəssisənin verdiyi arayışa əsasən müəyyən edilən orta aylıq əmək haqqının (831,82 manat) itirilmiş peşə əmək qabiliyyətinin faizi (80 faiz) miqdarında müəyyən edilməklə (831,82 x 80 faiz = 665,46) hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2751/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2751/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver