Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2758/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.883 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərcləri və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.413 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı «xxxx» ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cəmiyyət tərəfindən iddia ərizəsində qeyd olunan 500 manat işlərin görülməsi xərcinin vətəndaşa güzəşt xarakterli olaraq azaldılması qərara alındığını qeyd etmiş, 1.883 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.913 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə Cavabdeh arasında 24.09.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Opel Astra» markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 26.10.2017-ci il tarixdə «Opel Astra» markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri S.Vurğun küçəsində yolnəqliyyat hadisəsi törətmiş və «BMW 535» markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 1.883 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-dən ünvanlarına 26.10.2017-ci il tarixli TYP 134818 saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYPİ-nin «xxxx» ASC-yə təqdim etdiyi 30.10.2017-ci il tarixli 046-46766 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qanunvericiliyə əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1.883 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 19.02.2018-ci il tarixli AS-18/278 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında 24.09.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə «Opel Astra» markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İcbari sığorta müqaviləsi 1 il müddətinə, 24.09.2017-ci il tarixdən 24.09.2018-ci il tarixədək bağlanmışdır. Cavabdeh 26.10.2017-ci il tarixdə «Opel Astra» markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və «BMW 535» markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 27.10.2017-ci il tarixdə dəymiş ziyanın hesablanması üçün avtomobil tədqiq edilmiş və ehtiyat hissələrinin alınması və görülməli işlərə ümumilikdə 1.883 manat pul vəsaiti tələb olunduğu qeyd edilmişdir. 07 noyabr 2017-ci il tarixdə yuxarıda qeyd olunan, baş vermiş yol-nəqliyyat hadisəsi barədə sığorta aktı tərtib olunmuşdur. Həmin zərərin aradan qaldırılması üçün «xxxx» ASC 07 noyabr 2017-ci il tarixli BO000006865 saylı ödəniş tapşırığı üzrə 1.883 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 26.10.2017-ci il tarixdə tərtib olunmuş TYP 134818 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYPİ-nin «xxxx» ASC-yə təqdim etdiyi 30.10.2017-ci il tarixli 046- 46766 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər zərəri vurmuş Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş 1.883 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş 1.883 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2758/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2758/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver