Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-277/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylə hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində baş beynindən aldığı güllə yaralarından ağır yaralanan, 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat edən mərhum şəhid övladı X4 görə ödənilməli olan 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, məhrum şəhid övladı sabiq əsgər 16 oktyabr 1982-ci il təvəllüdlü X6 09.07.2003-cü il tarixdə SHXÇDX-nin Nəsimi rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində baş beynindən aldığı güllə yaralarından ağır yaralanmışdır. 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat etmişdir. Çox qəribə də olsa oğlunun həlak olması ilə əlaqədar verilməli olan sığorta pulu 11.000 (on bir min) manat (qan pulu) indiyə qədər ona ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 14 yanvar 2020-ci il tarixli məktubunda guya 27 fevral 2004-cü il tarixdə ona 5.500.000 (beş milyon beş yüz min) manat (1100 AZN) sığorta ödənişi verilmişdir. Bu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ağ yalanıdır. Övladını itirən bir valideyn üçün çox böyük haqsızlıqdır. 1997-ci ildə hərbi qulluqçuların icbari sığorta olunması barəsində qanun qəbul olunmuşdur. Həmin qanunlar qəbul olunmamışdan qabaq həlak olan hərbi qulluqçulara ödənilməli olan sığorta pulu uzun müddət mübahisələrə səbəb oldu. Ona görə də həmin qan pulunun hərbi qulluqçulara ödənilməsi barəsində çox saylı məhkəmə qətnamələri verilmiş və icra olunmuşdur. Həmin mübahisəli hal barəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də qəbul etdiyi Qərarı ilə "qan pulunun" şəhid olan hərbi qulluqçulara ödənilməsi barəsində müsbət qərar vermişdir. Xeyli sayda hərbi qulluqçular məhkəmə qətnaməsi ilə həmin pulu almışlar. Lakin həmin vaxtlarda bildirdilər ki, gələcəkdə bu haqqda Prezidentin Fərmanı olacaqdır. Ona görə də o, məhkəməyə müraciət etməmişdir. Həqiqətən də 19 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənabları tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi barəsində Fərman verilmişdir. Lakin həmin Fərmanın verilməsindən sonra da övladının şəhid olması ilə əlaqədar ona sığorta (qan pulu) ödənilməmişdir. Göstərilənlərə əsasən, 29.01.2004-cü il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində düşmənlə təmas xəttində N saylə hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfinin atdığı odlu silah nəticəsində baş beynindən aldığı güllə yaralarından ağır yaralanan, 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat edən mərhum şəhid övladı X4 görə ödənilməli olan 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaçı tərəfə sığorta ödənişinin ödənildiyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 13 dekabr 1982-ci il tarixdə verilmiş İX-ЖГ seriyalı 274268 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 16 oktyabr 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 3677 nömrə ilə qeyd edilmişdir. 08.02.2004-cü il tarixli, N nömrəli N saylı hərbi hissə komandirinin əmrindən çıxarışın surətindən görünür ki, 2 MAT-un hərb qulluqçusu əsgər X7 29.01.2004-cü il tarixdə hospitalda vəfat etdiyi üçün bütün növ təminatlardan; şəxsi heyət siyahısından çıxarılmış və adı hospitalda olanlar siyahısından silinmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin komandiri İ.Əliyev tərəfindən 08.02.2004-cü il tarixdə verilmiş 62 nömrəli bildirişin surətindən görünür ki, əsgər X7 29.01.2004-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən odlu silahdan açılan atəş nəticəsində aldığı yaradan 08.02.2004-cü il tarixdə 214 saylı hərbi klinik hospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin elektron informasiya bazasından çıxarışdan görünür ki, 27.02.2004-cü il tarixdə 5.500.000 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 14.01.2020-ci il tarixli, 07-07-09 nömrəli cavabın surətindən görünür ki, Şirkətin elektron informasiya bazasına əsasən M.İddiaçı həlak olması ilə əlaqədar onun varisinə (vərəsələrinə) 27 fevral 2004-cü il tarixdə Nəsimi rayon Dövlət Sığorta Filialı tərəfindən 5.500.000 (beş milyon beş yüz min) manat (1100 AZN) sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğlu X7 hərbi xidmət dövründə həlak olmuşdur. X3 həqiqi hərbi xidmətdə olduğu zaman həlak olması ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilmiş və sığorta ödənişi verilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-277/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-277/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver