Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2771/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2-ci dərəcəli müddətsiz əlilliyə görə 6.600 manatın ona birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı xx.xx.2011-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır və daimi müalicə almışdır. Hər komissiyada 2-ci əlillik qrupu təsdiqlənib və yeni müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən 2-ci dərəcəli müddətsiz «əmək qabiliyyətsiz» statusu verilmişdir. Cavabdehə poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə müraciətinə cavab alınmadığından, təkrar olaraq xx.xx.2021-ci il tarixdə müraciətinə də cavab verilməmişdir. Bu il, yəni xx.xx.2022-ci il tarixdə qəbulda olmuş, ərizə ilə bərabər bütün sənədlərinin qəbulundan imtina edərək bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə gəlsin. O, məcburiyyətdən xx.xx.2022-ci il tarixdə yenə qəbulda olmuş, bu dəfə isə ona bildirmişlər ki, «yuxarıdan bizə sənəd və ərizələri mart ayınadək qəbul etməyin göstərişi verilib». Bütün bu süründürməçiliyə son qoymaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun xx.xx.2011-ci il tarixdə ordu sıralarında xidmətinə xitam verildikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında uzun müddət müalicə olunduğu üçün həmin hospitalın fevral 2015-ci ildə verilmiş şəhadətnaməyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli Forma № TSEK-1 SER TSE-01 № 085714 saylı aktına əsasən «hərbi xidmət» dövründə alınmış xəstəliyə görə müddətli 2-ci qrup əlillik verilmişdir. Bu xəstəliklə əlaqədar daim nəzarətdə, müayinə və müalicə aldığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən 2-ci dərəcəli müddətsiz «əmək qabiliyyətsiz» statusu verilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ikinci dərəcəli əlil olduğuna görə ona 6.600 manat sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş məlumatına əsasən, iddiaçı xx.xx.2011-ci ildə hərbi xidmətdən tərxis olunmuş, bundan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müalicə olunmuş və 2015-ci ilin fevral ayında xəstəlik haqqında şəhadətnamə əldə etmiş, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏƏSMN-nin 1 nömrəli TSEK-nın xx.xx.2015-ci il tarixli, 085714 nömrəli aktına əsasən şəxsə ilk dəfə hərbi xidmət dövründə alınmış xəstəliyinə görə 2-ci qrup əlillik təyin edilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş ƏƏSMN-nin TSEKnin arayışına əsasən, şəxsə sonuncu müayinəsi ilə əlaqədar xx.xx.2021-ci ildə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və maddənin «ç» bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: İ dərəcə əlilliyə görə - 80 faiz; İİ dərəcə əlilliyə görə - 60 faiz; İİİ dərəcə əlilliyə görə - 40 faiz. Qanunun 1.1 -ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunması hallarını təsbit edir və həmin Məcəllənin 935.1.8ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Sığorta qanunvericiliyinin istinad olunan normalarına əsasən, bildirirəm ki, hərbi xidmət dövründə alınmış xəstəliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün sığorta olunan hərbi xidmətdən tərxis olunduğu gündən 3 il müddətində ona qeyd olunan əsasla əlillik təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Eyni zamanda qeyd olunan hüquqi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin de təcrübəsi nəzərə alınmalıdır. Belə ki, iddiaçı H.H.H.-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2406/2022 nömrəli qərarın 15-ci bəndində qeyd olunur ki, «Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur.» Qərarın 30-cu maddəsinə görə, «məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tam əsassız olmamışdır. Apellyasiya məhkəməsinin «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanununun 5-ci maddəsinin «c» bəndində nəzərdə tutulmuş müddətin hazırki qərarın 15-ci bəndində qeyd olunmuş formada şərh edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Qərara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Həmçinin, Qərarda qeyd olunur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışma göndərilməlidir. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına və mövcud məhkəmə təcrübəsinə əsasən, bildirirəm ki, iddia əsassızdır və rədd edilməlidir. Buna görə də, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx xxxx 1984-cü il təvəllüdlüdür. İddiaçının hərbi bileti iş materiallarına əlavə olunmuşdur. 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini idarəetmə mühəndisliyi ixtisası üzrə bitirmişdir. Hərbi uçot ixtisası və s. barədə müfəssəl məlumatlar hərbi biletdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in sonuncu müayinəyə dair məlumatından görünür ki, 05 mart 2021-ci il tarixə iddiaçıya təyin edilən diaqnoz – üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar. Qeyd olunan diaqnoza əsasən iddiaçıya 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 063 saylı xx.xx.2011-ci il tarixli əmri ilə iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «Ə» bəndinə əsasən hərbi xidmət dövründə alınmış müddətli 2-ci qrup əlilliklə əlaqədar ehtiyata buraxılmışdır. Xəstəlik tarixindən çıxarışlardan və tibbi sənədlərdən görünür ki, iddiaçı davamlı şəkildə müalicə almışdır, lakin bu, iddiaçının sağlamlığında pozitiv dəyişikliklərə gətirib çıxarmamışdır. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi xidmət dövründə alınmış/qazanılmış «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar» diaqnozlu xəstəliklərə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup əlil olması faktı aşkardır. İddiaçı psixoloji problemlərlə bağlı səhiyyə müəssisələrində uzun müddət müalicə almışdır və bu səbəbdən, qanunla müəyyən edilmiş 3 illik müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə hesab edir ki, müddətin ötürülməsinin səbəbi üzürlü hesab edilməli, iddiaçıya müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir. Göründüyü kimi, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunmnalıdır ki, iddiaçı hərbçi həyatı yaşayıb, xidmət dövründə səhhəti pozulub və 2-ci qrup əlillik dərəcəsi təyin olunub. Əhalinin sosial qayğıya və diqqətə daha çox ehtiyacı olan, həmçinin bu cür diqqət və qayğı göstərilməsinə haqqı çatan hissəsini təmsil edir. Ona təyin olunmuş diaqnoz - «üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları və psixotik daxilolmalar ilə. Müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar (emosional qeyri stabillik, aqressiv və nizamsız davranışlar) və dekompensasiyalar» - psixoloji durumu ilə bağlıdır. Müddəti ötürməsi üzürlü səbəblərdən baş vermişdir, çünki uzun müddətdir davamlı şəkildə təyin olunmuş diaqnoz üzrə xəstəliyinin kəskinləşməməsi üçün müalicələr alır. Məhkəmə qeyd olunan məsələləri hazırkı qətnamədə vurğulamağı ona görə zəruri hesab edir ki, Dövlət müharibə iştirakçılarına, əlillərinə, Şəhidlərə və onların ailələrinə, həmçinin ömrünü hərbi sahə ilə bağlamış insanların sosial və digər qayğılarının həll edilməsinə həssas yanaşır və bu məqam istər məhkəmələr, istər digər şəxslər tərəfindən diqqətə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2771/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2771/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver