Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2774/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 ölümü ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə sığorta ödənişi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X2 21 noyabr 2018-ci il tarixdə «ürək çatışmamazlığı» xəstəliyindən vəfat etmişdir. O, qardaşının qanun üzrə birinci növbədə vərəsəsidir. Mərhum qardaşı X2 1992-ci ildən vəfat edənədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ədliyyə mayoru rütbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Prokurorluq işçisi kimi dövlət tərəfindən sığorta olunmuşdur. Hazırda sığorta ödənişini almaq istəyir. Bu barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yazılı müraciət etmişdir. Müraciətinə 26.01.2021-ci il tarixli 07-05-02 saylı cavabda qeyd edilmişdir ki, «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» 05 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, xəstəlik sığorta hadisəsi sayılmır. Ona görə də, qardaşının ölümü xəstəlik ilə əlaqədar olduğu üçün onun varisinə (vərəsələrinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədrinin birinci müavini A.Hacıyev tərəfindən ərizəsinə verilmiş 05 oktyabr 2021-ci il tarixli 07-05-02 saylı cavabı qanunsuz və əsassız hesab edir. Qeyd etdiyi kimi, mərhum qardaşı X2 1992-ci ildən vəfat edənədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ədliyyə mayoru rütbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Prokurorluq işçisi kimi dövlət tərəfindən sığorta olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin öz öhdəliklərinin icrasından birtərəfli qaydada imtinası əsassızdır. X3 həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onun 5 illik əmək haqqı məbləğində sığorta edilmişdir. İcbari sığorta haqqında qanunlarda nəzərdə tutulan sənədləri toplayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tələbi əsassız olaraq təmin edilməmişdir, bu barədə ona əsaslandırılmış cavab verilməmişdir. Hesab edir ki, qardaşının ölümü sığorta ödənişinin ona verilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsidir və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti icbari sığorta qanunları ilə nəzərdə tutulmuş onun 5 illik əmək haqqı məbləğində birdəfəlik sığorta ödənişi ödəməlidir. Tələbinin təmin edilməməsi üçün «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» 05 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hesab edir ki, cavabdeh Şirkətin prokurorluq işçisi kimi dövlət tərəfindən sığorta olunmuş qardaşı X1 ölümü ilə əlaqədar sığorta ödənişi verilməsindən imtina barədə qərarı qanuna ziddir və hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olur. Ona görə də, prokurorluq işçisi kimi dövlət tərəfindən sığorta olunmuş qardaşı X1 ölümü ilə əlaqədar sığorta ödənişi verilməsini cavabdeh Şirkətdən tələb edə bilər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mərhum X1 qardaşı olmaqla, qanun üzrə vərəsəsidir. X2 21 noyabr 2018-ci il tarixdə Bakı şəhərində ürək çatmamazlığından vəfat etmişdir. X2 vəfat etdikdən sonra, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qardaşının qanun üzrə birinci növbə vərəsəsi kimi sığorta ödənişi verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 26 yanvar 2021-ci il tarixli 07-05-02 saylı məktubundan görünür ki, İddiaçı qardaşı, 07.09.1959-cu il təvəllüdlü X1 vəfat etməsi ilə əlaqədar onun varislərinə məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığı ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisələri hesab edilir. Məlum olduğu kimi, mərhum Ş.İ.Qasımov «ürək çatmamazlığı» xəstəliyi ilə əlaqədar vəfat etmişdir. «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xəstəlik sığorta hadisəsi sayılmır. Buna görə də, ölümü xəstəlik ilə əlaqədar olduğu üçün onun varisinə (vərəsələrinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, ərizəçinin qardaşı xəstəlikdən vəfat etmişdir. Sığorta hadisəsi baş verməmişdir. Mərhumun xəstəliyi xidməti vəzifələrinin icrası ilə əlaqədar deyildir. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; İ dərəcə - 80 faiz; İİ dərəcə - 60 faiz; İİİ dərəcə - 40 faiz; ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Yuxarıda qeyd edilən maddənin məzmunundan göründüyü kimi, sığorta hadisəsinə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması aiddir. Qeyd edilən sığorta hadisəsi baş verdikdə, sığorta olunana sığorta məbləği (ödənişi) ödənilir. Lakin hazırda iddiaçı tərəfindən qardaşının vəfat etməsi səbəbi ilə sığorta ödənişinin ödənilməsi tələb edilsə də, iş materiallarından göründüyü kimi, iddiaçının qardaşı sığorta hadisəsi nəticəsində deyil, xəstəlikdən vəfat etmiş və hər hansı sığorta hadisəsi baş verməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2774/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2774/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver