Məhkəmə qərarları › İş №2(006)-2789/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2789/2021

21.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2789/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 11032014/105760 nömrəli X3 müqaviləsinə xitam verilməsinə; cəmi 3653,99 ABŞ dolları məbləğində borcun – bundan 3073,49 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 580.50 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014- cü il tarixli 11032014/105760 nömrəli X3 müqaviləsinə (bundan sonra Lizinq Müqaviləsi) əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Lizinq alanın sifariş etdiyi və həmin Lizinq müqaviləsində göstərilən əmlakı (bundan sonra Lizinq obyekti) yəni “JAC HFC5020K” markalı (Tip:furqon soyuducu, Buraxılış ili- 2008, rəngli ağ, Şassi:LJl 1KBBC6********) öz mülkiyyətində əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 8050 (səkkiz min əlli) ABŞ dolları, o cümlədən lizinq obyektinin qiyməti 8050 (səkkiz min əlli) ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********041 saylı 07.01.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 11 dekabr 2020-ci il tarixə lizinq üzrə borcu cəmi 3653.99 ABŞ dolları təşkil edir. Bundan 3073.49 (Üç min yetmiş üç ABŞ dolları 49 sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 580.50 (Beş yüz səksən ABŞ dolları 50 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş tədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alana dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayraq ardıcıl olaraq 2 (iki) dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə 30 mart 2018-ci il tarixində 147.06 (bir yüz qırx yeddi ABŞ dolları 06 sent) ABŞ dolları ödəniş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq və zaminlik müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1-ci, 747-5.1-ci və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Beləliklə, lizinq müqaviləsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:

1. Lizinq verənin maliyyələşdirmə (investisiya qoyma) marağının olması. Yəni lizinq obyekti bir əşya kimi lizinq verən üçün əhəmiyyət kəsb etmir, məhz gəlir əldə etmək məqsədi ilə alınır və lizinq ödənişləri lizinq obyektinə qoyulmuş kapitaldan əldə olunan gəlirdir.

2. Lizinq obyekti bir qayda olaraq, lizinq alanın seçimi üzrə və onun tərəfindən göstərilən satıcıdan əldə olunur. İddiaçı ilə Cavabdeh (cavabdeh-lizinq alan) arasında bağlanmış 11.03.2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçı, yəni lizinq verən lizinq obyektini “Furqon soyuducu” avadanlığını lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Lizinq verən lizinq obyektini lizinq alana təhvil vermiş, lizinq alan isə lizinq obyektini qəbul etmişdir. Yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmişdir. Cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 18.12.2020-ci il tarixli maliyyə arayışına əsasən 3073,49 ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən 580,80 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, cəmi 3653,99 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mədaxil qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən lizinq müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, lizinq müqaviləsi üzrə lizinq verənin lizinq obyektini lizinq alana verməsi müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditoriddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın “11 mart 2014-cü il tarixli, 11032014/105760 nömrəli X3 müqaviləsinə xitam verilməsi” tələbi ilə əlaqədar ilk öncə qeyd edir ki, mübahisə predmeti olan müqavilə 11 mart 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilənin qüvvədə olma müddəti artıq qurtarmış, faktiki olaraq mövcudluğuna son qoyulmuşdur. Bu hal məhkəmə iclasında iştirak edən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən öz təsdiqini tapmışdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, mövcud olmayan müqaviləyə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 399.4-cü maddəsinə istinadən həmçinin qeyd etməyi zəruri sayır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə bu maddənin tələblərini nəzərə alaraq hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilədən irəli gələn öhdəliklərin xitam verilməsinə əsas deyildir və bu iddia tələbinin rədd olunması iddanın digər tələblərinə təsiri yoxdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 3073,49 ABŞ dolları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu üzrə 580,80 ABŞ dolları, cəmi 3653,99 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı pul alınaraq iddiaçı LPO «Amrahbank” ASC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Əsas borc üzrə 3073,49 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla faiz borcu üzrə 580,80 ABŞ dolları, cəmi 3653,99 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pul Cavabdeh alınaraq iddiaçı LPO «Amrahbank” ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar