Məhkəmə qərarları › İş №2(006)-2792/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2792/2021

11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2792/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh «X16 və Ticarət Anonim» şirkətinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X16 və Ticarət Anonim» şirkətinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X16 və Ticarət Anonim» şirkətindən ona vurduğu maddi zərərə görə 4.000 manat, mənəvi zərərə görə 4.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8.030 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «X16 və Ticarət Anonim» şirkətinə 22.06.2018-ci il tarixdə montajçı vəzifəsinə işə qəbul edilmişdir. Hər ay 800 manat əmək haqqı almışdır. 07 avqust 2018-ci il tarixdə saat 17.00 radələrində «X16 və Ticarət Anonim» şirkətində işləyən zaman istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Belə ki, «X16 və Ticarət Anonim» şirkətinin səhlənkarlığı nəticəsində yıxılmış, sağ ayağının diz nahiyəsindən xəsarət almışdır. Sumqayıt şəhərində yerləşən «Unikal» Klinikasında rentgen müayinəsi olunduqda sağ ayağının diz qapağının sınması müəyyən olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığına görə şirkətin rəhbərliyi qanuna müvafiq tədbirlər görməli olsa da, bunu etməmişdir. Onun müalicə olunub sağalmasına maddi köməklik göstərəcəyinə söz verib onu aldatmışlar. Bu hadisəni müvafiq orqanlardan gizlətmişlər. Həmin vaxtdan işə çıxa bilməmiş, işləyə bilməmişdir. Çünki, ayağı sınmışdı deyə hərəkət edə bilmirdi. Cavabdeh «X16 və Ticarət Anonim» şirkəti 29.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən onu işdən öz xahişi ilə çıxarılmasına dair aldadıb ona ərizə yazdırmışdır. Ancaq müalicə olunmasına heç bir maddi köməklik göstərməmişdir. Ona heç bir ödəniş etməmişdir. İstehsalat zamanı aldığı xəsarətə görə uzun müddət işləyə bilməmiş, borca düşmüşdür. Nəhayət 30 avqust 2019-cu il tarixdə borc alıb istehsalat zamanı sınmış ayağını cərrahiyyə əməliyyatı etdirmişdir. Bu müddət ərzində işləyə bilməmişdir, qazancı yoxdur, himayəsində olan iki azyaşlı uşaqları aclıq, səfalət içində yaşamağa məhkum olunublar. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 %-i miqdarında ödəniş müəyyən edilir. Cavabdehin qanunsuz əməlləri barədə etdiyi şikayət ərizəsi əsasında X10 Xidmətinin Azər İsmayılov adlı əməkdaşı araşdıran zaman onu qəbul etmişdir. X10 Xidməti «X16 və Ticarət Anonim» şirkətinin qanunsuzluğunun üstünü ört-basdır etmişdir. X10 Xidmətinin Azər İsmayılov adlı əməkdaşı ona zəng edib çağırmış, izahatını almış və onun həqiqətən iş zamanı yıxılaraq ayağının sınaraq xəsarət almasını təsdiq edən şahidlərin izahatının alınmasına zərurət olmasını ona bildirmişdir. Buna görə, «X16 və Ticarət Anonim» şirkətində işləmiş və 07 avqust 2018-ci il tarixdə saat 17.00 radələrində «X16 və Ticarət Anonim» şirkətində işləyən zaman yıxılaraq sağ ayağının diz nahiyəsindən xəsarət almasını görən, təsdiq edən iki nəfər şahidin adını araşdırmaya təqdim etmişdir. Həmin şahidlər izahat verib təsdiq etmişlər ki, o, «X16 və Ticarət Anonim» şirkətində 07 avqust 2018-ci il tarixdə saat 17.00-da işləyən zaman yıxılaraq ayağı sınmış və xəsarət almışdır. X10 Xidməti ona göndərdiyi məktubunda qeyd etmişdir ki, məhkəməyə müraciət edə bilər. Cavabdeh «X16 və Ticarət Anonim» şirkətindən vurduğu maddi zərərə görə 4.000 manat və mənəvi zərərə görə 4.000 manat alınaraq ona verilməlidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin İddiaçı ünvanladığı 19 iyul 2019-cu il tarixli **********9 saylı məktubundan görünür ki, «X16 və Ticarət Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 07 avqust 2018-ci il tarixdə xəsarət alması barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə X10 Xidmətində baxılmışdır. Aparılmış araşdırma zamanı «X16 və Ticarət Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən təqdim olunmuş məktubda 07 avqust 2018-ci il tarixdə iş vaxtı xəsarət alması barədə məlumatın qeydə alınmadığı və evdə aldığı xəsarətlə bağlı Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etdiyi göstərilmişdir. "xxxx" MMC-dən təqdim edilmiş arayışda «sağ baldırın əziyi» diaqnozu ilə 07 avqust 2018-ci il tarixdə klinikaya müraciət etdiyi və dediyinə görə evdə yıxılaraq xəsarət aldığı qeyd olunmuşdur. Yuxarıda qeyd olunan səbəblərdən səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Ərizədə qeyd etdikləri ilə bağlı müəssisə ilə arasında mübahisəli hal yarandığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı iddia tələbinin əsaslı olmasını sübut etmək üçün məhkəmə iclasına şahidlərinin dəvət olunaraq, ifadələrinin alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini təmin etmiş, X6 və X2 ifadələri dinlənilmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun iş yoldaşı olub. «X16 və Ticarət Anonim» şirkətində və bir neçə yerdə birlikdə işləmişlər. Hadisə 07 avqust 2018-ci il tarixdə işdə olarkən baş vermiş, sonra o, İddiaçıla birlikdə özünə məxsus avtomobillə Unikal Klinikaya getmişlər. Ertəsi gün İddiaçı işə gəlməmiş, bir gün keçdikdən sonra gəlmiş və Şirkətə məxsus avtomobillə ikinci dəfə klinikaya aparılmışdır. Lakin sonra baş verənləri görməmişdir. Məhkəmə X3nun ifadəsini mötəbər sübut hesab etmir. Çünki, o, ümumi sözlərlə «hadisənin 07 avqust 2018-ci il tarixdə işlə olarkən baş verdiyi»ni bildirir. Lakin nə iddiaçı, nə də şahid, hadisəni müfəssəl şəkildə izah etmirlər, hadisənin nə vaxt, saat neçədə, hansı şəraitdə, hansı işlərin yerinə yetirilməsi zamanı baş verdiyini, yıxılma hadisəsi doğrudan baş vermişsə, yıxılmağa nəyin səbəb olduğunu, iş görülən sahədə kimlərin olduğu və s. barədə heç nə bildirmirlər. Bu, şahid ifadəsini şübhə altına alır. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Hadisə 07 avqust 2018-ci il tarixdə baş vermişdir. Yoldaşı işdən gəldikdən sonra axsayırdı və dizdən aşağı ayağı şişmişdi. İki gün sonra yenidən işə qayıtmış və ikinci dəfə xəstəxanaya aparılmışdır. Məhkəmə X1nın da ifadəsini mötəbər sübut hesab etmir. Çünki, şahid iddiaçının həyat yoldaşı olmaqla, iddiaçının mənafeyinə uyğun ifadə verir. İkinci bir tərəfdən, şahid Kəmalə Hüseynova iddia olunan yıxılma hadisəsini öz gözləri ilə görməmişdir. Onda hadisənin nə vaxt, saat neçədə, hansı şəraitdə, hansı işlərin yerinə yetirilməsi zamanı baş verdiyi, yıxılma hadisəsi doğrudan baş vermişsə, yıxılmağa nəyin səbəb olduğu, iş görülən sahədə kimlərin olduğu və s. barədə obyektiv olaraq məlumat yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olsa da, iddia ərizəsi səthi əsaslandırılmış, iddia olunan hadisənin nə vaxt, saat neçədə, hansı şəraitdə, hansı işlərin yerinə yetirilməsi zamanı baş verdiyi, yıxılma hadisəsi doğrudan baş vermişsə, yıxılmağa nəyin səbəb olduğu, iş görülən sahədə kimlərin olduğu və s. barədə heç nə bildirilməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının doğrudan da iş yerində hər hansı işlərin görülməsi zamanı yıxılması öz təsdiqini tapmır. Klinikadan X10 Xidmətinə bildirildiyinə görə, iddiaçı evdə zədələnmiş, bununla bağlı klinikaya müraciət etmişdir. Araşdırma zamanı iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə mübahisəyə baxılarkən də bu iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmadı. "xxxx" MMC-nin 09.02.2019-cu il tarixli arayışı, 10.06.2021-ci il tarixli 96B saylı məktubu və əlavə edilmiş rentgen müayinəsinin nəticəsinə dair tibbi sənəd də nəzərdən keçirilmiş, həmin sənədlərdə iddiaçının hansı tarixdə həkim müayinəsində olduğu, müayinə zamanı qoyulmuş diaqnoz, həkim təyinatı ilə iddiaçının diz oynağına tutor gipsi qoyulması öz əksini tapmışdır. Həmin sənədlərdə iddiaçının sağ qamış sümük qabarının korçikal qatının kiçik ölçülü qopuğunu hansı şəraitdə alması barədə hər hansı məlumat qeyd olunmamışdır. İddiaçının cavabdeh şirkətlə əmək müqaviləsi əsasında işləməsi, öz ərizəsinə əsasən işdən azad edilməsinə dair hallar işin mübahisəsiz halları olduğundan, qeyd olunan faktları təsdiq edən sənədlərin qətnamədə qeyd edilməsinə məhkəmə zərurət görmür. Əmək kitabçası, əmək müqaviləsi, işdən azad olunma xahişi qeyd olunan ərizə, işdən azad olunma barədə əmr və s. sənədlər iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh «X16 və Ticarət Anonim» şirkətinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X16 və Ticarət Anonim» şirkətinə qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar