Məhkəmə qərarları › İş №2(006)-2795/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2795/2023

25.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2795/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə X3 arasında bağlanmış 1810 ABŞ dolları məbləğində kreditin illik faizlə 24 ay müddətinə verilməsinə dair xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474091 nömrəli kredit müqaviləsi üzrə kredit (borc) alan X1 öhdəliyinə Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474099 nimrəli zaminlik müqaviləsi onun öhdəliyinə kredit (borc) alan X1 vəfat etməsi və pul tələbinə dair iddia müddətinin üzrlü səbəb olmadan ötürülməsi əsası ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan X3 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinin Bərdə filialından xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474091 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə 1810 ABŞ dolları kredit (borc) almışdır. Kreditin (borcun) təminatı olaraq Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC və onunla xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474090 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. X3 götürdüyü krediti ağır xəstəliklərdən müalicəsinə sərf etmiş, buna baxmayaraq xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Beləliklə də kredit götürən (borc alan) X3 müqavilə şərtlərinə sağlığında onun risk dairəsinə daxil olmayan üzrlü səbəblərdən, yəni ağır xəstəliyə tutulması, xəstəliyi ilə əlaqədar işləyib qazanc əldə etmək imkanından məhrum olması səbəbindən əməl edə bilməmişdir. X1 vəfat etməsi barəsində Cavabdeh Bank Omayan Kredit Təşkilatı ASC vaxtında xəbərar olmuşdur. Buna baxmayaraq cavabdeh xx.xx.2015-ci il tarixli PB/0xx/xx/474091 nömrəli müqavilə üzrə X1 öhdəliyinə nə onun ölməsi əsası, nə də pul tələbinə dair mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin üzürlü səbəb olmadan buraxılması əsası ilə Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsi ilə indiyədək xitam verməmişdir. Hesab etmişdir ki, cavabdeh onunla bağlanmış xx.xx.2015-ci il tarixli, 10xx/xx/474090 nömrəli zaminlik müqaviləsi üzrə onun öhdəliyinə də kredit götürən borcalan X1 ölməsi və pul tələbinə dair mülki qanunvericiliklə müəyyənləşdirilmiş 3 illik iddia müddətinin üzürlü səbəb olmadan buraxılması əsası ilə xitam verməli olduğu halda, bunları etmir. Halbuki, xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/474090 nömrəli zaminlik müqaviləsində kredit götürən (borc alan) X1 vəfat edəcəyi təqdirdə, kredit borcunun onun tərəfindən ödənilməli olması barədə öhdəliyi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin zaminlik müqaviləsinə əsasən onun zaminliyinin müddəti 24 ay müəyyənləşdirilməklə xx.xx.2017-ci il tarixdə başa çatmışdır, yəni təxminən 6 il bundan əvvəl başa çatmışdır. İddiaçı məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh BOKT ASC-nin cavabdehlər X2 və İddiaçı qarşı borcun və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan kredit verən Cavabdeh BOKT ASC ilə kredit alan X3 və zamin İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə kredit alana 24 ay müddətinə 28 faiz dərəcəsi ilə 1810 ABŞ dolları məbləğində borcun verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə kredit alan X3 və zamin İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə zaminin X1 Cavabdeh BOKT ASC qarşısında olan öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı əsas borclunun ölümü səbəbindən ona qarşı müddətin keçməsi ilə bağlı zaminlik müqaviləsi üzrə öhdəliyə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Məhkəmə iddiaçının zaminlik müqaviləsi üzrə öhdəliyinə müddətin keçməsi səbəbindən xitam verilməli olmasına dair dəlillərinə qarşı qeyd edir ki, kredit verən Cavabdeh BOKT ASC kredit alan və zaminə qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş lakin iddia ərizəsi baxılmamış saxlanmışdır. O cümlədən, zaminlik müqviləsinin 5.2-ci maddəsinə əsasən müqavilənin hər hansı şərtinin (şərtlərinin) qəsdlə və ya ehtiyatsızlıqdan pozulması tərəfləri və üçüncü aidiyyatı şəxsləri öhdəliyin icrasından azad etmir bəndi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında: “Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.” göstərilmişdir. Bu səbəbdən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı öhdəliyə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar