Məhkəmə qərarları › İş №2(006)-2799/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2799/2020

21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2799/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızı katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Tağıyev Emilə qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tağıyev Emilə qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İsveç krallığı vətəndaşı Emil Tagıevlə adət-ənənə ilə 2017-ci ilin sentyabr ayında rəsmi nikah bağlanmadan ailə həyatı qurub İsveçə getmişdir. Təxmini 7 aya yaxın İsveçdə yaşamışdır. Başlanğıcda ailə münasibətlərində problemləri olmamışdır. Həyat yoldaşına qarşı çox yaxşı münasibət saxlamış, qayğısını çəkmişdir. Qısa müddət keçdikdən sonra qaynananası və baldızının daimi müdaxilələri nəticəsində aralarında problemlər yaşanmağa başladı. Bunun nəticəsində həyat yoldaşı İsveç Krallığında rəsmi nikah bağlamaq fikrindən daşındı (Qarşı tərəfin rəsmi nikahı İsveç Krallığında bağlamaq istəyinə görə, Azərbaycan Respublikasında rəsmi nikahın bağlanmamasına heç bir etiraz etmədi.). Bir müddət sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə birləşməsi üçün İsveç miqrasiyasına müraciyyət etdilər. Lakin 1 il müddətində barışıqları uzun çəkmirdi. Yenidən eyni problemlər yaşanırdı. 2019-cu ilin iyun ayında münasibətlər yenidən düzəlməyə başladı, lakın həmin ilin setyabr ayının 16-da həyat yoldaşı yenidən onunla tam olaraq əlaqəni kəsdi, bu dəfə heç bir izah vermədən. 2019-cu ilin noyabr ayında İsveç miqrasiyasından məktub aldı, adı çəkilən məktubda Emılin ailə birləşməsindən imtina etdiyi və iddiaçıdan ayrıldığı barədə yazılı müraciət etdiyi yazılmışdı, həmin məktuba əsaslanaraq onların müraciətinə imtina qərarını verdiklərini və yazılı şəkildə iddiaçıya açıqlama verərək imtina cavabını göndərmişdilər. Uşaq anadan olandan iddiaçıya valideynləri kömək edir, Emil daima ailəsinə maddi və mənəvi dəstək olmaqdan boyun qaçırıb. Cavabdeh uşağın saxlamasında iştirak etmir, uşaqla maraqlanmır. Uşağın ilk ad günündə Bakıda olmasına baxmayaraq gəlmədi, zəng etmədi. Bu 1 il müddətində demək olar ki, hər ay Bakıya gəlir. Sonuncu dəfə iddiaçıda olan dəqiq məlumata görə Bakıda dekabr və fevral aylarında olub. Yüksək əmək haqqısı, və digər gəlirləri var. (20.000 kron ə/h vergini çıxanda) ona görə də iddiaçı qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etmək istəyir. Cavabdeh valideyn kimi uşağına baxmağa borcludur, bu, qanunla onun üzərinə qoyulmuş vəzifədir. Göstərilənlərə əsasən, tərəflərin övladı - xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Tagıev Emilin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və 3 yaşına çatanadək uşağa qulluqla əlaqədar olaraq hər ay 230 (iki yüz otuz) manat alimentin cavabdeh Tagıev Emildən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini qismən qəbul etdiklərini, Tagıev Emilin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasına etiraz etmədiklərini, lakin 3 yaşına çatanadək uşağa qulluqla əlaqədar olaraq hər ay 230 (iki yüz otuz) manat alimentin tutulması hissəsində iddianı qəbul etmədiklərini bildirmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 158480 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Tagıev Emil, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər faktiki ailə münasibətlərində olmuş, bu münasibətdən bir övladları olmuşdur. İddiaçı cavabdeh Tagıev Emilin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və 3 yaşına çatanadək uşağa qulluqla əlaqədar olaraq hər ay 230 (iki yüz otuz) manat alimentin tutulmasını tələb edir, cavabdeh isə iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmçinin, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianın qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, iddiaçının X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Tagıev Emilin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması hissəsində tələbi tam əsaslıdır və təmin edilməlidir. İddia tələbi digər hissədə, yəni uşaq 3 yaşına çatanadək ona qulluqla əlaqədar olaraq hər ay 230 (iki yüz otuz) manat alimentin cavabdeh Tagıev Emildən tutularaq iddiaçıya ödənilməsi hissədində qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi, xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 hazırda 3 yaşına çatmamışdır. Məhkəmə iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, X3 3 yaşına çatanadək cavabdeh Tagıev Emildən hər ay 50 (əlli) manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. İddiaçı cavabdehdən 230 (iki yüz otuz) manat məbləğində alimentin tutulması üçün lazımi əsasları və cavabdehin bu vəsaiti ödəmək iqtidarında olmasına dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment məbləğləri həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, Tagıev Emildən xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment, habelə X3 3 yaşına çatanadək Tagıev Emildən hər ay 50 (əlli) manat pul məbləğində aliment xx xxxx 2020-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Tagıev Emildən xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və əlavə olaraq X3 3 yaşına çatanadək Tagıev Emildən hər ay 50 (əlli) manat pul məbləğində aliment xx xxxx 2020-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar