Məhkəmə qərarları › İş №2(006)-2831/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2831/2021

09.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2831/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" KB ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin ləğvi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X4 arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi bağlanmış, həmin əsas kredit müqaviləsinə əsasən 1 000 000 maant məbləğində 60 ay müddətinə kredit xətti açılmışdır. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”-nə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC ilə X4 arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi sözügedən ipoteka müqaviləsi yalnız "xxxx" KB ASC ilə X4 arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatıdır. Başqa sözlə, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”-nə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin deyil, yalnız "xxxx" KB ASC ilə Qəhrəmanov Əflatun Qəhrəman oğlu arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bununla da, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi yüklü edilməmiş və bu barədə tərəflər arasında hər hansı bir ipoteka müqaviləsi, ipoteka müqaviləsinə əlavə və ya əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, X4 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi bağlanaraq həmin tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xəttinin şərtlərinə əhəmiyyətli dəyişikliklər edilsə də, sözügedən ipoteka olan əmlakla bağlı subyektiv hüquq sahibi və mülkiyyətçi olan İddiaçı bu barədə yazılı razılığı alınmamış və onun yazılı razılığı ilə hər hansı bir əlavə ipoteka müqaviləsi və ya ipoteka müqaviləsinə əlavə bağlanmamışdır. Başqa sözlə tərəflər arasında aşağıdakı kredit müqavilələri mövcud olmuşdur: 22.04.2014-cü il tarixli 09QB/14 saylı əsas kredit müqaviləsi - ipoteka təminatı qismində 22.04.2014-cü il tarixli İpoteka müqaviləsi və zaminlik təminatı qismində 22.04.2014-cü il tarixli zaminlik müqaviləsi; 24.04.2014-cü il tarixli, 09QB14-1 saylı əlavə kredit müqaviləsi; 30.10.2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsi; 03.09.2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi. Göründüyü kimi, 22.04.2014-cü il tarixli İpoteka müqaviləsi 24.04.2014-cü il tarixli 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi, 03.09.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinin ipoteka təminatı olmadığından həmin kredit müqavilələri üzrə tutma sözügedən ipoteka müqavilələrinin predmetinə yönəldilə bilməz. İş üzrə materiallardan göründüyü kimi, tərəflər arasında bağlanmış 22.04.2014-cü il tarixli, 09QB/14 saylı əsas kredit müqaviləsinin ipoteka təminatı olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 ilə İddiaçı ümumi birgə nikah dövründə əldə etdikləri əmlak olmuş və həmin əmlakın sözügedən əlavə kredit müqavilələri üzrə üzrə ipoteka ilə yüklü edilməsinə X4 hər hansı yazılı razılıq verməmiş və bunun qəti əleyhinə olmuşdur. Göründüyü kimi, Əflatun Qəhrəman oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli 09QB/14- 2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqavilələri ilə həmin kontragentlər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə dair sazişin mahiyyəti, ölçüsü və icra müddəti, eləcə də ödəniş planı dəyişdirilsə də ipoteka predmetinin mülkiyyətçisi və həmin predmetə dair subyektiv hüquq sahibi İddiaçı iştirakı ilə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamış, başqa sözlə həmin dəyişikliklər barədə ipoteka qoyanın məlumatı və razılığı olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”-nin X4 ilə iddiaçı "xxxx" KB ASC arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, 09QB14-İ saylı əlavə kredit müqaviləsi, 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03 sentyabr 2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə münasibətdə bağlanmamış hesab edilməsi, həmin əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilmiş öhdəliklər kimi qiymətləndirilməməsi, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2014-cü il tarixli “İpoteka müqaviləsi”-nə xitam verilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin "xxxx" KB qarşısında ipoteka yüklülüyünün ləğv edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianın məzmununa uyğu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" KB ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi öz nümayəndəsini iştirakını təmin etməmişdir, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə X4 arasında 22 aprel 2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 1 000 000 manat məbləğində 60 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 24 ay müddətinə illik 24 faizlə 30000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 03 sentyabr 2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 24 ay müddətinə illik 28 faizlə 2000 manat kredit verilmişdir İş materiallarında olan 30 oktyabr 2014-cü il tarixli, 09QB/14-2 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 36 ay müddətinə illik 24 faizlə 13000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 22 aprel 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinə daxil olan əmlakın ilkin satış dəyəri 36000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17 aprel 2018ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X4, X9 və İddiaçı- qarşı iddia ərizəsi qismən təmin edilmiş, X4 və X6 24 aprel 2014-cü il tarixli, 09QB/14-1 saylı əlavə kredit müqaviləsinə görə 18173,79 ABŞ dolları əsas, 5357,90 ABŞ dolları faiz, 62,80 ABŞ dolları cərimə və 30 oktyabr 2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsinə görə 10674,91 ABŞ dolları əsas, 3109,25 ABŞ dolları faiz, 43,96 ABŞ dolları cərimə, cəmi, 37.422,61 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatına ekvivalent məbləği, 03 sentyabr 2014-cü il tarixli, 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsinə əsasən 1995,13 manat, 240, 15 manat faiz, cəmi, 2235,28 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 2295,28 manatın müştərək qaydada alınaraq "xxxx" KB ASC-ə verilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan, 0,594 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 53.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.06.2020-ci il tarixli, 2(105)-85/2020 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 18/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər X4 və X6 24.04.2014cü il tarixli, 09QB/14-1 saylı əlavəyə görə əsas borc üzrə 18012.25 (on səkkiz min on iki dollar, iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 5133.49 (beş min yüz otuz üç dollar qırx doqquz sent) ABŞ dolları, cəmi 23208,54 (iyirmi üç min iki yüz səkkiz ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, 03.09.2014-cü il tarixli 6mspXCHZ/14 saylı əlavəyə görə əsas borc üzrə 1963,91 (min doqquz yüz altmış üç manat doxsan bir qəpik) manat, cəmi 2204,41 (iki min dörd manat qırx bir qəpik) manat, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavəyə görə əsas borc üzrə 10655,16 (on min altı yüz əlli beş dollar, on altı sent) ABŞ dolları, faiz borcu üzrə 3036,72 (üç min otuz altı dollar yetmtiş iki sent) ABŞ dolları, cəmi 13736,28 (on üç min yeddi yüz otuz altı dollar, iyirmi səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 54.000 (əlli dörd min) manat olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.11.2020-ci il tarixli, 2(102)-5451/2020 saylı qərarı ilə cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2020-ci il tarixli, 2(105)-85/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə borc alan (ipoteka qoyan) arasında Quba şəhərində bağlanmış 22 aprel 2014-cü il tarixli, 09QB/14 saylı kredit müqaviləsinə görə borcverən (ipoteka saxlayan) borcalana (ipoteka qoyana) 1.000.000 manat 60 ay müddətinə 22 aprel 2019-cu il tarixədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir, borcalan (ipoteka qoyan) isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqaviləsində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda borcunu borcverənə (ipotekasaxlayana) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunduğu kimi iddiaçı ipoteka müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi kredit müqavilələri üzrə Banka olan borc tam ödənilməmişdir. Bu səbəbdən ipoteka müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən mübahisəli müqavilələr ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda tutmanın sonrakı ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" KB ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin ləğvi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin ləğvi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar