Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2832/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişi məbləği və dəbbə pulunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişi məbləği və dəbbə pulunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1.500 manat sığorta ödənişi məbləği, 135 manat dəbbə pulu (1.500 manat sığorta ödənişi * 90 gün * 0,1 % dəbbə = 135), 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.665 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26.11.2020-ci il tarixdə ona məxsus «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Xəlilov küçəsində B.Vahabzadə küçəsi istiqamətindən Ə.Haqverdiyev küçəsi istiqamətinə yolun sağında dayanmışdır. Qarşısında dayanan «Toyota» markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək onun avtomobilinin qabaq hissəsini vurmuşdur. Dərhal hadisə yerinə DYP-nin əməkdaşları yaxınlaşmış, hadisəni aktlaşdırmış, Toyota markalı avtomobilin sürücüsü hadisənin baş verməsində günahkar olduğuna görə mülki məsuliyyətini sığortaladığı sığorta şirkətinin nümayəndəsini hadisə yerinə çağırmış və sığorta şirkətinin nümayəndəsi də sığorta hadisəsinin təfərrüatlarını sənədləşdirmişdir. Onun mülkiyyətində olan «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış X1 etibarnamə əsasında idarə etdiyi «Toyota» markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı DİN BŞBPİ DYPİ tərəfindən müvafiq yoxlama aparılmış, 27.11.2020-ci il tarixdə toplanmış materialların surəti, o cümlədən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən digər sənədlər "xxxx" ASC-yə təqdim olunmuşdur. Lakin bunlara baxmayaraq "xxxx" ASC zərər çəkmiş kimi onunla ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərərini vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş zəmanət müqaviləsinin surətindən görünür ki, onun mülkiyyətində olan avtomobil 13.06.2018-ci il tarixdən 13.06.2021-ci il tarixədək "xxxx" MMC-də zəmanətdədir və avtomobil bu müddət ərzində həmin MMC-nin servis mərkəzindən kənarda təmir olunduğu halda zəmanət öhdəliyi vaxtından əvvəl qüvvəsini itirir. Bu səbəbdən, o, hadisədən sonra avtomobilini təmir üçün Wolksvagen-in rəsmi servisi olan "xxxx" MMC-nin servis mərkəzinə aparmış və avtomobili orada təmir edilərək ona təhvil verilmişdir. Görülmüş bütün işlərin müqabilində o, "xxxx" MMC-yə 1.500 manat ödəniş etmiş, həmin servis tərəfindən ona görülmüş işlərin siyahısı və qiymətləri olan təmir kartı, eləcə də ödənişə dair qəbz təqdim edilmişdir. "xxxx" ASC isə həmin məbləğin yarısından belə az məbləğdə ziyan dəyəri müəyyən edərək ona təklif etmiş, o da təbii olaraq bu təklifi qəbul etməmişdir, halbuki, rəsmi sənədlərlə onun avtomobilinə vurulmuş zərərin məbləği öz təsdiqini tapır. Bundan başqa, DYPİ tərəfindən müvafiq sənədlər 27.11.2020-ci il tarixdə "xxxx" ASC-yə təqdim edilməsinə baxmayaraq, artıq 3 aydır ki, cavabdeh tərəfindən ona vurulmuş zərər ödənilmir, əsassız süründürməçiliyə yol verilir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «Toyota» markalı «Land Cruiser-Prado» modelli ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də mülki məsuliyyətin sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – X3 26.11.2020-ci il tarixdə saat 18.20-də idarə etdiyi «Toyota» markalı «Land Cruiser-Prado» modelli ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Z.Xəlilov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və İddiaçı idarə etdiyi «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Hadisə nəticəsində «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. X2 iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq protokol tərtib edilmiş, onun barəsində inzibati tənbeh vermə haqqında 26.11.2020-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş təmir kartından (P000007639 saylı) göründüyü kimi, İddiaçı idarə etdiyi «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və usta xidmətlərinə görə zəhmət haqqı üçün cəmi 1.500 manat vəsait tələb olunur. İş üzrə ədalətli, obyektiv hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli 2(006)-2832/2021 saylı qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 9/2621 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 11.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı «Wolksvagen Polo» markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.500 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı məktubdan görünür ki, o, dəymiş zərərin həmin Sığorta Şirkəti tərəfindən ona ödənilməsini xahiş etmiş, lakin "xxxx" ASC iddiaçının haqlı tələbini yerinə yetirməmişdir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Mülki Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş maddi zərər qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş maddi zərər məbləğinə münasibətdə məhkəmə, ekspert rəyində qeyd olunan dəyərləndirmə ilə razılaşaraq hesab edir ki, avtomobilə vurulmuş 1.500 manat məbləğində maddi zərər həddində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia dəbbə pulunun tutulmasına dair hissədə əsassız olduğundan təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.500 manat sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.500 manat sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2832/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2832/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver