Məhkəmə qərarları › İş №2(006)-2843/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2843/2023

27.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2843/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə1 Əhmədağa oğlu və Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 MMC-yə qarşı “əlavə işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əlavə işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əməyin ödənilməsi ilə bağlı tələb üzrə ödənilməyən 20.000 (iyirmi min) manat əlavə işə görə əmək haqqının Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət “Qafqaz Motors” şirkətində sürücü kimi əmək fəaliyyətinə başlamış, əmək öhdəliyi həmin şirkətin müqavilə əsasında xidmət göstərdiyi digər hüquqi şəxslərin əməkdaşlarına sürücülük etməkdən ibarət olmuşdur. Məhz bu əmək fəaliyyəti nəticəsində iddiaçı hazırki iddia ərizəsi ilə barəsində şikayət etdiyi Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işə başladı. İşə başladığı zaman sürücülərin fəaliyyətinə nəzarəti cavabdehin əməkdaşı olan Əlixan adlı şəxs həyata keçirirdi. İlk vaxtlar iş şəraiti normal olsa da, sonradan Əlixan adlı həmin əməkdaş iddiaçının və bir neçə əməkdaşın iş yükünü əsassız artırmağa başlamışdır. İşsiz qalmamaq və işlədiyi müəssisənin işgüzar nüfuzuna xələl gətirməmək məqsədi ilə iddiaçı ilk vaxtlar edilən haqsızlıqlara göz yumsa da, Əlixan qanunsuz əməllərini daha da artırmağa başlamışdır. O, onlara avtomobilləri təmiz saxlamaq üçün ayrılan pulu mənimsəməklə yanaşı, hər ay ondan rəhbərliyə müxtəlif hədiyyə almaq adı altında vəsait yığmağa da başlamışdır. İddiaçı bu əməllərə qarşı çıxdığı üçün isə onu rəhbərliyin gözündə nüfuzdan salmağa başladı, nəticədə Əlixanın diqtəsi ilə cavabdeh onu ötən ilin sentyabr ayında təzyiq göstərərək məzuniyyətə yolladı, oktyabrında isə işdən azad etdi. Maraqlıdır ki, iddiaçı işdən çıxarılandan sonra son haqq hesab pulu hesablanıb ona ödənilərkən əlavə iş saatlarına görə ödənilməli olan vəsait ona ödənilmədi, lakin, iddiaçı hər dəfə Əlixandan artıq işlədiyi saatların ödənişlərinin niyə ödənilmədiyini soruşarkən, Əlixan həmin vəsaitin əlavə işə görə olduğundan məzuniyyət götürən zaman ona ödəniləcəyini bildirirdi. Bu illər ərzində isə iddiaçı məzuniyyət götürmədiyindən həmin vəsaitin şirkətdə yığıldığını düşünürdü, lakin bu belə olmadığından iddiaçı cavabdehə mediasiya təklifi göndərmək və həmin vəsaitin ödənişini təmin etmək qərarına gəldi. Məhz bu mərhələdə ona məlum oldu ki, Əlixan 46 ay işlədiyi dövrün 40 ayını kiminləsə əlbir olaraq Əlixan əvəzinə saxta imzalar çəkməklə ona verilməli olan pul vəsaitini ələ keçirmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən Bakı 8 saylı Mediasiya Təşkilatının ‘"İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”dan görünür ki, cavabdeh təşkilat məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Aralarında olan mübahisənin məhkəmədən kənar həllinin olmadığını gördüyü üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir Məhkəmə baxışı dövründə Cavabdeh2 MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-ni cavabdeh qismində işə cəlb edərək əməyin ödənilməsi ilə bağlı tələb üzrə ödənilməyən 20.000 (iyirmi min) manat əlavə işə görə əmək haqqının cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının gedişində məlum oldu ki, cavabdehlə üçüncü şəxs arasında olan münasibətlərə görə o, əlavə gəlirlərdən məhrum olunmuşdur. Bu səbəbdən də həmin hissədə iddianın dəqiqləşdirilməsi və həcminin artırılması qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 təmsil etdiyi şəxsin izahatlarına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əlavə işə görə ödənilməmiş 20.000 manatın cavabdehdən alınması barədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında əmək münasibəti olmamışdır. Belə ki, İddiaçı Cavabdeh2 MMC-nin əməkdaşı olmaqla, Cavabdeh2 MMC ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış və hazırda qüvvədə olan “sürücü xidmətlərinin təqdim edilməsi haqqında” 004-2018№-li, 14 dekabr 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli əlavə əsasında Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sürücü xidməti göstərmək üçün təhkim edilmişdir. İddiaçı iddia ərizəsində özü bunları etiraf edir və həqiqətən də keçən ilin oktyabrına qədər Cavabdeh2 MMC-nin işçisi olduğunu qeyd etmişdir. İddiaçının cavabdehə qarşı belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, aralarında əmək münasibəti və əmək müqaviləsi olmamışdır. Cavabdeh2 MMC öz əməkdaşı olan İddiaçı şəxsində Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sürücü xidmətləri göstərmişdir və cavabdeh də həmin xidmətlərin göstərilməsinə görə Cavabdeh2 MMC-yə ödəniş etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sürücülərin vəzifə, hüquq və öhdəlikləri Cavabdeh2 MMC ilə sürücülər arasında Mülki Məcəlləyə və Əmək Məcəlləsinə əsasən tənzimlənir. Məhkəmə iclasında Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə1 Əhmədağa oğlu təqdim edilmiş etirazın məzmununu uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti əsasında Cavabdeh2 MMC cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 da iddia tələbləri ilə razılaşmayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Xidmət göstərən Cavabdeh2 MMC ilə xidmət alan Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanan xx.xx.2018-ci il tarixli, ***-**** nömrəli sürücü xidmətlərinin təqdim edilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən xidmət göstərən xidmət alana 3 nəfərdən ibarət olmaqla sürücülük xidmətlərini göstərəcək. Sürücü xidmətləri üçün təqdim ediləcək xidmət haqqı brut maliyyətin üzərinə 6% əlavə olunmaqla, hesab-faktura hazırlanacaq. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən işlər/xidmətlər üçün ödəmələr hesab faktura alındıqdan sonra 30 təqvim günü ərzində xidmət göstərənin bank hesabına köçürüləcək. - 004-2018-ABB Limited nömrəli müqaviləyə 14 dekabr 2021-ci il tarixli Əlavə 1-dən görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında sürücü xidmətlərinin təqdim edilməsinə dair 14 dekabr 2018-ci il tarixində imzalanmış müqavilənin müddəti 14 dekabr 2021-ci il tarixindən 13 dekabr 2024-cü il tarixinə qədər uzadılmışdır. - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2018-ci il tarixdə 8№-li Əmrlə Cavabdeh2 MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir - xx.xx.2022-ci il tarixli, 18№-li Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdən görünür ki, Cavabdeh2 MMC-də sürücü vəzifəsində işləyən İddiaçı Fərhad oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 nömrəli maddəsinin b-işçilərin sayı və ya ştatları ixtisar edildikdə bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. - Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı ilə aralarında əmək münasibətləri olmamışdır. Bu səbəbdən də 2018-ci ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək barəsində olan əmək cədvəllərini (Time Sheet) mövcud olmadığından məhkəməyə göndərilməsi mümkün olmamışdır. - Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh2 MMCdə sürücü peşəsində işləmiş və hazırda əmək müqaviləsinə Cəmiyyət tərəfindən xitam verilmiş İddiaçı iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının aparılması öhdəliyi Cavabdeh2 MMC-yə aiddir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 MMC tərəfindən əmək hüquqlarının pozulması barədə müraciəti əsasında araşdırma aparılaraq Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyatı üzrə göndərilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iş vaxtı cədvəllərinin saxtalaşdırılması və əmək haqqının mənimsənilməsi barədə müraciəti əsasında araşdırma başlanılmış, araşdırma zamanı qeyd edilən iş vaxtı cədvəllərinin əsilləri məhkəmə qərarı əsasında götürülərək məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Araşdırma nəticəsində fakta görə Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanaraq istinta aidiyyatı üzrə göndərilmiş, iş vaxtı cədvəllərinin əsilləri istintaq materiallarına əlavə edilmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı əmək münasibətləri Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə deyil, Cavabdeh2 MMC ilə olmuş və o, həmin MMC-də bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləməyə başlamış, sözügedən MMC-nin xx.xx.2022-ci il tarixli, 18№-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən də bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış və hazırda qüvvədə olan “sürücü xidmətlərinin təqdim edilməsi haqqında” 004-2018№-li, 14 dekabr 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli əlavə əsasında iddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sürücü xidməti göstərmək üçün təhkim edilmişdir. İddiaçı iddiasında Cavabdeh2 MMC şirkətində sürücü kimi əmək fəaliyyətinə başlamasa da, əmək öhdəliyinin həmin şirkətin müqavilə əsasında xidmət göstərdiyi digər hüquqi şəxslərin əməkdaşlarına sürücülük etməkdən ibarət olmaqla Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işə başlamasını etiraf etmişdir. İddiaçı ödənilməyən 20.000 (iyirmi min) manat əlavə işə görə əmək haqqını 46 ay işlədiyi dövrün 40 ayını kiminləsə əlbir olaraq Əlixan adlı şəxsin əvəzinə saxta imzalar çəkməklə ona verilməli olan pul vəsaitini ələ keçirməsi ilə əsaslandırmışdır. Başqa sözlə, iddiaçı 2018-ci ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək olan dövr üçün 46 ay işlədiyi dövrün 40 ay ərzində ona əlavə iş saatlarına görə ödənilməli olan vəsaiti, yəni 20000 manatın Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməli olmasını iddia edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən. əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 12-ci maddəsinin 1-ci hissəsinin «a» və «b» bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxil edilmişdir. Hazırki iş üzrə iddiaçının tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 162 və 165-ci maddələri təşkil edir. Əmək Məcəlləsinin 162-ci maddəsinin İ hissəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Həmin normanın İİ hissəsinə əsasən əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 165-ci maddəsinin İ hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, eləcə də əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Qeyd edilən normanın İİİ hissəsinə görə isə iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102-ci maddəsinin İ hissəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məhkəmə daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının işə götürəni Cavabdeh2 MMC olsa da, onun iş vaxtının və iş vaxtından artıq işlənmiş saatları olduğu təqdirdə onun dəqiq, dürüst uçotunu aparmaq artıq işəgötürənin deyil, müqavilə əsasında faktiki olaraq iddiaçının işlədiyi Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialın üzərində olmuşdur. Həmçinin də müəyyən edilmişdir ki, Cavabdeh2 MMC Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “sürücü xidmətlərinin təqdim edilməsi haqqında” 004-2018№-li, 14 dekabr 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli əlavə əsasında öz əməkdaşı olan İddiaçı şəxsində Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sürücü xidmətləri göstərmiş və sonuncu da həmin xidmətlərin göstərilməsinə görə Cavabdeh2 MMC-yə sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən ödəniş etmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 MMC tərəfindən əmək hüquqlarının pozulması və Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iş vaxtı cədvəllərinin saxtalaşdırılması və əmək haqqının mənimsənilməsi barədə müraciəti əsasında başlanılmış araşdırma nəticəsində fakta görə Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aidiyyatı üzrə göndərilmiş, iş vaxtı cədvəllərinin əsilləri istintaq materiallarına əlavə edilmişdir. Beləliklə də, məhkəmənin müvafiq qərardadı olmasına baxmayaraq iddiaçı tərəfin vəsatəti əsasında 2018-ci ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək barəsində olan əmək cədvəlləri (Time Sheet) yuxarıda göstərilənlərə əsasən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə hesab edir ki, göstərilən halların mövcud olmasına baxmayaraq bu, cavabdehlərin iddiaçı qarşısında 2018-ci ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək olan dövr üçün 46 ay işlədiyi dövrün 40 ay ərzində ona əlavə iş saatlarına görə ödənilməli olan vəsaitlə bağlı məsuliyyət daşıyıcısı olmasını sübut etmir. Belə ki, əvvəla, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələblərinə uyğun əsasən son 1 il ərzində (pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) ona ödənilməyən əlavə iş saatları üçün vəsaiti tələb edə bilər. Bundan əlavə, məhkəmə həmçinin də qeyd edir ki, iddiaçı istər son 1 il, istərsə də, 46 ay işlədiyi dövrün 40 ay ərzində iş saatlarından əlavə işləməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq idarəsində araşdırma nəticəsində başlanılmış cinayət işi isə hazırki iddianın əsaslı olması üçün sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, cinayət işi fakt üzrə qaldırılmış və araşdırma zamanı iddiaçının iş saatından əlavə işlədilməsi faktı müəyyən olunsa da belə, bu və iddiaçının əmək haqqı cədvəllərinin saxtalaşdırması halları ilə bağlı yekun, qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyildir. Həmçinin də, məhkəmənin qənaətinə görə iddiaçı özünün etirafına görə hüquqlarının pozulması faktı, yəni iş vaxtından əlavə işləməyə görə əmək haqqı ödənilməməsi halı ona məlum olan kimi və ondan az müddət sonra nəyə görə bu məsələni hər hansı rəsmi formada (işəgötürənə, əmək müfəttişliyinə şikayət və s.) qaldırmamasının səbəblərinə dair gətirdiyi arqumentlər ağlabatan və inandırıcı olmamışdır. Halbuki, hüququnun pozulması faktı baş verməsini bildiyi andan iddiaçının bu hüququnun bərpası ilə müvafiq qaydada şikayət etməyinə hər hansı formada maneə olması müəyyən edilməmişdir. Əksinə, iddiaçı özü iddiasında onun təbirincə deyilsə hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq iş münasibətlərini uzun müddət davam etməsini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq idarəsində araşdırma nəticəsində başlanılmış cinayət işi üzrə istintaq davam etməsindən asılı olmayaraq hazırki mövcud vəziyyətdə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə bununla bağlı qeyd edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, iddiasının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 MMC-yə qarşı “əlavə işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 MMC-yə qarşı “əlavə işə görə əmək haqqının ödənilməsi”tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar