Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2847/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********14639 saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 3 noyabr 2020-ci il tarixdə **********14639 saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 7Bdə, bina 1, mənzil 61, sahəsi 130.6 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 192 240 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 120 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 6-ı tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 6952 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında X1 Saziş vardır və həmin öhdəliyə uyğun kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 7B-də, bina 1, mənzil 61, sahəsi 130.6 kv.metr olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən MTK-dan ipotekaya mənzil götürülmüşdür. Ödənişlər edilsə də, müəyyən dövr üçün ödənişlərin həyata keçirilməsində gecikmələr yaranmışdır. Öhdəliklərini ödəməkdən boyun qaçrmırlar, lakin müəyyən müddət verilməsi zərurəti yaranmışdır. Məhkəmədən ödənişləri ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, **********14639 saylı Payçı müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmışdır. Müqavilənin: * 1-ci bəndinə əsasən, İddiaçı MTK pay qismində çıxış edən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 7B ünvanında inşa olunan 1-ci bina 1-ci blok 14-cü mərtəbə 61 nömrəli 3 otaqlı mənzili tikib Cavabdeh (payçının) mülkiyyətinə verməyi; Cavabdeh isə sözügedən mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi, həmçinin İddiaçı MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. * 2-ci bəndinə əsasən, mənzilin hesablaşma sahəsi 130.6 kv.metr təşkil edir. Mənzilin kv.metri – 1840 manat olmaqla, müqavilənin ümumi dəyəri 240304 manat təşkil edir. Mənzilin ilkin ödənişi 20%, yəni 48064 manat. Payçı müqavilə qiymətinin qalan 192240 manata bərabər tutulan məbləğini, payçı MTK və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. * 4.2.7-ci bəndinə əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında İddiaçı MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda İddiaçı MTK, "xxxx" ASC və Cavabdeh arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn Cavabdeh (payçının) öhdəliklərini yerinə yetirməlidir. * 8.1-ci bəndinə əsasən, cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil təkrar satılanadək bankda hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri, mənzildə yaşayış olduğu halda mənzilin ilkin vəziyyətə gətirilmə xərci (yəni divar kağızların yeni payçının zövqünə uyğun sökülüb dəyişdirilməsi, sanitar qovşaq aksesuarlarının dəyişdirilməsi, daxili qapıların dəyişdirilməsi, döşəmə parketin dəyişdirilməsi və digər işlər) payçı tərəfindən ödənilməli və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. * 8.11-ci bəndinə müvafiq olaraq, Cavabdeh (payçı) tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Cavabdeh (payçı) qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. - İddiaçı MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, 1-ci bina 1-ci blok 14-cü mərtəbə hesablaşma sahəsi 130,6 kv.metr 3 otaqlı 61 saylı mənzilin dəyəri 240304 manatdır. Cavabdeh tərəfindən 48064 manatı ödənilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı MTK ilə "xxxx" ASC arasında bağlanmış X1 saziş çərçivəsində "xxxx" ASC Cavabdeh 120 ay müddətinə kreditdən istifadəyə görə illik 10% ödəmək şərtilə 192240 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti qaytarmağı və ona hesablanmış faizləri "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşlər. - "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015-K.A saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsindən irəli gələn pul tələbləridir. - "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 336 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönləndiriləcəkdir. - "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2739/2024 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 192240 manat məbləğində kredit verildiyi, Cavabdeh aldığı kredit vəsaitini 120 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 6-ı tarixindən gec olmayaraq ödəməli olduğu, Cavabdeh kredit vəsaitindən istifadə etdiyi, lakin xx.xx.2024-cü il tarixə qeyd olunan müqaviləyə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borcun 6952 manat təşkil etdiyi, bununla da borcalanın müqavilə şərtlərini pozduğu, 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 6952 manat məbləğində borc ödənilmədiyi halda, "xxxx" ASC borcu tələb etməklə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK-ya müraciət edəcəyi, o, isə öz növbəsində alğı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Ak.H.Əliyev küçəsi 7B bina 1 blok 1 mərtəbə 14 ümumi sahəsi 130.6 kv.metr olan 3 otaqlı 61 nömrəli mənzili öz sahibliyinə keçirərək "xxxx" ASC qarşısında borcu bağlamaq hüququna malik olduğu bildirilmişdir. - İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il, 09 saylı məktubdab görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında payçı müqaviləsinin bağlanıldığı, müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu Ak.H.Əliyev küçəsi 7B bina 1 blok 1 mərtəbə 14 ümumi sahəsi 130.6 kv.metr olan 3 otaqlı 61 nömrəli mənzilin ona satıldığı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 10145 manat borc yarandığı, qrafik üzrə kredit ödənişi 5 ay 23 gün müddətində gecikdirildiyi, bununla da müqavilənin kobud şəkildə pozulduğu, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilmədiyi, qısa bir zamanda borcun ödənilməsinin tələb edildiyi bildirilmiş, əks halda qanunauyğun olaraq müvafiq tədbir görülməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 598.2-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 598.4-cü maddəsinə müvafiq olaraq, əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı MTK arasında mənzilin əldə edilməsinə dair payçı müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə görə müqavilə iştirakçılarından hər biri üzərinə müəyyən öhdəlik götürmüş və tərəflərin icra etməli olduqları öhdəliklər təfsilatı ilə müqavilədə əks olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli, **********14639 saylı Payçı müqaviləsinə əsasən İddiaçı MTK pay qismində çıxış edən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 7B ünvanında inşa olunan 1-ci bina 1-ci blok 14-cü mərtəbə 61 nömrəli 3 otaqlı mənzili tikib Cavabdeh (payçının) mülkiyyətinə verməyi, Cavabdeh isə sözügedən mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi, həmçinin İddiaçı MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Cavabdeh 48064 manat məbləğində ilkin ödəniş etməklə yanaşı bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə banka borcu yaranmışdır. Bununla da qabaqcadan razılaşdırılmış müqavilə şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyinə görə İddiaçı MTK müqavilənin müvafiq bəndlərindən çıxış edərək, onun ləğvini və müqavilədən əmələ gələn digər tələblərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etmişdir. Məhkəmənin qənaətinə görə isə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli, 015 saylı təminatlı kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını pozmuş, bank bu barədə MTK-ya bildiriş göndərmiş və bank MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir. Bununla da cavabdehin (müqaviləyə əsasən payçının) müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması işdə olan sübutların məcmusu ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslı hesab edilməklə, təmin edilməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzinə əsaəsn iddia tələbi ilə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Kristal Abşeron” MTK ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli **********14639 saylı payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 7B, 1-ci bina, mənzil 61 ünvanında yerləşən mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılmalıdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli **********14639 saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 7B, 1-ci bina, mənzil 61 ünvanında yerləşən mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MTKya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2847/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2847/2024
10.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver