Məhkəmə qərarları › İş №2(006)-2853/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2853/2023

05.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2853/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış GL/0xx/xx/226634 saylı kredit və girov müqaviləsinin ləğv edilməsinə, məhkəməmühasibatlıq ekspertizası təyin edilməklə cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin tam silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 21000 (iyirmi bir min) manat, 15 adda olan 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 21,67 qram olan boyunbağı, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 23,67 qram olan komplekt, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 4,20 qram olan üzük, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 9,56 qram olan komplekt, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 0,14 qram olan üzük, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 4,90 qram olan üzük, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 9,48 qram olan bir cüt sırğalar, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 4 qram olan lom, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 9,58 qram olan kulon, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 22,40 qram olan boyunbağı, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 44,48 qram olan qolbağ, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 6,47 qram olan üzük, 1 ədəd İİR istehsalı olan 500 əyarlı, çəkisi 5 qram olan üzük, 1 ədəd Rusiya Federasiyasının istehsalı olan 583 əyarlı, çəkisi 33,70 qram olan saat + qolbağ, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 32,38 qram olan boyunbağıdan ibarət qızıl-zinyət əşyalarının girovdan azad edilib ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini inkişaf etdirib genişləndirmək, yəni sahibkarlıq fəaliyyətinə investisiya etmək məqsədilə (pərdə satışı sahəsində) cavabdehlə müqavilə münasibətlərinə daxil olmuş və onlar arasında hazırda mübahisələndirilən müqavilələr bağlanmışdır. Lakin sonra pandemiya olduğundan, onun işləri yaxşı getməmiş, buna görə borcunu ödəyə bilməmişdir. Cavabdeh tərəfindən isə faiz borcunun əsassız şişirdilməsinə görə hazırki iddianın əsaslı olduğunu bildirdi və təmin edilməsini məhkəmədən xahiş etdi. İşin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi və məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsinin məhkəmə hazırlıq iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ilə Cavabdeh ASC arasında 27 yanvar 2020-ci il tarixdə bağlanılmış GL/0xx/xx/226634 nömrəli kredit (borc) və girov müqaviləsindən görünür ki, müqavilənin predmeti kreditor-girov saxlayanın borclu-girov qoyana verdiyi 11473 (on bir min dörd yüz yetmiş üç) AZN pul vəsaitidir və onun müqabilində girov predmeti olan daşınar əmlak üzərində yüklülük yaranır. Kredit illik 40 % ödənilməsi şərtilə 12 (on iki) ay müddətinə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.2016-cı ildə iri sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Şəxsi məlumat” bölməsindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) əsas fəaliyyəti “lombardların fəaliyyəti”dir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Cavabdeh ASC (VÖEN: **********) isə açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında yaradılan kommersiya hüquqi şəxsidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. Deməli, hazırki mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini genişləndirmək, yəni sahibkarlıq fəaliyyətinə investisiya etmək məqsədilə Cavabdeh ASC-dən 11473 manat məbləğində pulu illik 40 % ödənilməsi şərtilə kredit götürmüş, əvəzində özünə məxsus qızıl-zinyət əşyalarını girov qoymuşdur. Deməli, iddiaçının krediti götürməkdə niyyəti investisiya edərək gəlir əldə etmək olmuşdur. Cavabdeh ASC isə lombard fəaliyyəti ilə məşğul olan və təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyəti olan kommersiya hüquqi şəxsi olduğundan, onun nizamnaməsinə uyğun olaraq göstərdiyi fəaliyyətdən, yəni iddiaçıya illik 40 % ödənilməsi şərtilə verdiyi kreditdən gəlir əldə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Deməli, iddiaçı tərəf cavabdehdən kredit götürüb investisiya etməklə, cavabdeh tərəf isə iddiaçıya kredit verməklə kommersiya münasibətlərində olmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit və girov müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar