Məhkəmə qərarları › İş №2(006)-2874/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2874/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2874/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «cəbhə bölgəsində olan hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «cəbhə bölgəsində olan hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı həlak olan oğlu X3 atası (vərəsəsi) kimi ona 11.000 manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən və ölüm haqqında şəhadətnamədən də göründüyü kimi, Müdafiə Nazirliyinin tabeliyində olan və cəbhə bölgəsində olan N saylı hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olan xx.xx.1985-ci il təvəllüdlü oğlu, X8 03 iyul 2004-cü il tarixdə Masallı rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2005-ci il tarixdə yuxarıda göstərdiyi kimi, Müdafiə Nazirliyinin tabeliyində olan və cəbhə bölgəsində olan N saylı hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olmuşdur. Yuxarıda göstərilən halları iddia ərizəsinə əlavə etdiyi aşağıdakı yazılı sənədlər təsdiq edir: 1) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin komandiri tərəfindən xx.xx.2005-ci il tarixdə Masallı rayon Hərbi Komissarlığına göndərilən bildiriş. Həmin bildirişdə göstərilmişdir: «Masallı rayon Hərbi Komissarlığına Bildiriş: Sizə bildirirəm ki, Masallı rayonu Tüklə kəndində yaşayan İddiaçı yoldaşa bildirəsiniz ki, onun oğlu xx.xx.1985-ci il tarixdə Masallı rayonu Tüklə kəndində doğulmuş, xx.xx.2004-cü il tarixdə Masallı rayon hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin aidiyyəti motoatıcı taborunun müvafiq bölüyünün əsgəri X8 xx.xx.2005-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində Tər-Tər rayonu Həsənqaya kəndi ərazisində həlak olmuşdur». N saylı hərbi hissənin komandiri. 2) Silahlı Qüvvələrin Məhkəmə X6 tərəfindən 31 may 2005-ci il tarixdə verilən ölüm haqqında həkim şəhadətnaməsi № 27; 3) Masalı rayon İHB-nin Tüklə ərazisi üzrə nümayəndəliyi tərəfindən verilən 04 iyun 2005-ci il tarixli AZ-İ seriyalı 145577 saylı ölüm haqqında həkim şəhadətnaməsi. Həmin şəhadətnamədə vətəndaş X3 ölüm səbəbi olaraq güllə yaralanması göstərilmişdir. «Hərbi qulluqçuların X10 sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə əsasən, sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman öldükdə sığorta hadisəsi hesab edilir və buna görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 100 faizi nisbətlərində verilir, 4-cü maddə ilə də həmin məbləğ 1100 manat nəzərdə tutulmuşdur. Qanunla həlak olan hərbi qulluqçunun varisi kimi ona ödənilməli olan sığorta pulu indiyə qədər müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməmişdir. Məlumat üçün onu da bildirir ki, axırıncı dəfə o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün aidiyyəti dövlət orqanlarına, yəni Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Dəhşətlisi odur ki, surətini hətta Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına ünvanladığı ərizəyə də aidiyyəti dövlət orqanlarının heç birindən ona cavab belə göndərilməmişdir. O, görəndə ki, aidiyyəti dövlət orqanları bir vətəndaş kimi göndərdiyi ərizəyə cavab belə vermirlər, onda məcbur qalıb Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və X1 İctimai Birliyinin üzvü kimi, İctimai Birliyin rəhbərliyinə bu barədə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi müraciətdən də göründüyü kimi, həmin İctimai Birliyin rəhbəri Tahir Məmmədov o da daxil olmaqla bir neçə həlak olan hərbi qulluqçulara sığorta pulunun verilməməsi ilə əlaqədar 20 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları başda olmaqla digər aidiyyəti dövlət orqanlarına ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı ancaq bir aidiyyəti dövlət orqanından 2 cavab göndərilmişdir. Hər ikisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini tərəfindən aşağıda göstərilən tarixdə və formada göstərilmişdir: Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və X1 İctimai Birliyinə (birdəfəlik ödəmənin verilməsi haqqında). Birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 6 may 2022-ci il tarixli 11/1203 nömrəli məktubla daxil olmuş müraciətə, eləcə də 18 may 2022-ci il tarixli, 15274 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Bildirilmişdir ki, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu həlak olması, ölməsi və xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının 1991-ci il oktyabr tarixində qəbulu ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmişdir. Sözügedən birdəfəlik ödəmə həmin tarixdən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının vərəsələrinə şamil olunur. Eyni zamanda bildirilmişdir ki, İddiaçı övladı X8 2005-ci ildə həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün İddiaçı Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və X1 İctimai Birliyinə (birdəfəlik ödəmənin verilməsi haqqında). Bu da onu göstərir ki, aşağıda göstərdiyi aidiyyəti maddi hüquq normalarının imperativ xarakteri daşıyan normalarına əsasən qanunda nəzərdə tutulan 1.100 manat məbləğində olan qan pulunu ona həlak olan hərbi quluqçunun varisi (atası) kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi xidmətə və toplanışa çağırılan hərbi qulluqçular hərbi qulluqçu statusunu aldığı gündən dövlət tərəfindən məcburi icbari qaydada sığorta olunurlar. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. «Hərbi qulluqçuların X10 sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən həmin 11.000 manat həlak olan bütün hərbi qulluqçulara verilməlidir. (Qanunun 2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan vəzifəli şəxslər aid edilirlər. Qanunun 3-cü maddəsində birbaşa göstərilir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Qanunun 4-cü maddəsində birbaşa deyilir ki, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin tələbinə əsasən, sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman öldükdə sığorta hadisəsi hesab edilir və buna görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 100 faizi nisbətlərində verilir. Bütün bunlara baxmayaraq yuxarıda göstərdiyi kimi, 19 ildən çoxdur ki, hərbi qulluqçu kimi dünyasını dəyişən oğlunun varisi kimi həmin qan pulunu ala bilməmişdir. Məlumat üçün onu da bildirir ki, bu məsələ 2007-ci ildən sonra ciddi şəkildə gündəmə gəldikdən sonra, xeyli sayda hərbi xidmət zamanı həlak olan hərbi qulluqçuların varisləri məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Bildiyi qədər 2013-cü ilə qədər həmin pulun varislərə ödənilməsi barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 1000ə qədər məhkəmə qətnamələri verilmişdir. 2013-cü ildə o da məhkəməyə müraciət etmək istəyəndə, ona bildirmişlər ki, bu barədə Konstitusiya Məhkəməsinin qərarı olacaq, ona görə Binəqədi Məhkəməsində bu kateqoriyadan olan işlərin baxılması dayandırılmışdır. 2014-cü ildə isə ona bildirmişlər ki, Konstitusiya Məhkəməsinin bu barədə Qərarı var, Milli Məclis və Prezident bu barədə Sərəncam verməlidirlər. Həqiqətən də, 2018-ci ilin aprel ayında Prezident 1992-ci ildən 1997-ci ilin avqust ayına qədər (Hərbi qulluqçuların sığorta olunması barəsində qanun qəbul olunana qədər) həlak olan hərbi qulluqçulara sığorta pulu kimi 11.000 manat məbləğində pul verilməsi məsələsinin həllini Dövlət Sığorta Şirkətinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırmışdır. 2018-ci ilin axırlarında bu məsələyə aydınlıq gətirildikdən sonra ona bildirmişlər ki, Prezidentin Fərmanına əsasən 1997-ci ilin avqust ayına qədər həlak olan bütün hərbi qulluqçuların siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Sonradan mətbuatda gedən məlumatlara görə 2018-ci ilin oktyabr-noyabr aylarında pulun verilməsi başlanılacaqdır. Lakin hələ 2018-ci ilin axırlarında belə bir məlumatlar yayılmağa başladı ki, Prezidentin Fərmanı ancaq 02 avqust 1997-ci ilə qədər şəhid olan əsgərlərin varislərinə aid olduğu üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin pulun varis kimi ona verilməsi həmin Fərmanla nəzərdə tutulmamışdır. Yuxarıda göstərdiyi kimi, o, həmin məsələni dəqiqləşdirmək üçün, yuxarıda göstərdiyi kimi, ərizə ilə aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilən cavablardan məlum olur ki, həmin pulu ona Dövlət Sığorta Şirkəti ödəməlidir. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, hərbi xidmət zamanı həlak olan hərbi qulluqçunun varisi kimi, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri olan sosial təminat hüququ pozulmuşdur. Belə ki, yuxarıda göstərilənlərlə o da təsdiq olunur ki, hərbi xidmət zamanı ölən hərbi qulluqçunun ölməsi ilə əlaqədar varislərinə verilən qan pulu, yaxınlarının ölməsi ilə əlaqədar pisləşən sosial vəziyyətinin qismən də olsa yaxşılaşdırılmasına yönəldilmişdir. Bu da göstərir ki, həmin pulun ödənilməməsi onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla nəzərdə tutulan hüquqlarının kobud surətdə pozulmasıdır. Bütün bunları nəzərə alan məhkəmə qərar verərkən aidiyyəti normativ hüquqi aktları tətbiq etməlidir. İddia ərizəsində göstərilən normativ hüquqi aktlarla təsdiq olunur ki, oğlunun hərbi xidmət zamanı ölməsi ilə əlaqədar sığorta pulunun (qan pulunun) ona ödənilməsi ilə əlaqədar heç bir hüquqi maneə yoxdur. Əksinə olaraq həmin pulun ödənilməməsi onun vətəndaş kimi hüquqlarının kobud surətdə pozulmasıdır. Əlavə olaraq onu da bildirir ki, 1997-ci il tarixdə qəbul edilmiş «Hərbi qulluqçuların X10 sığortası haqqında» Azərbaycan Respublikası Qanununa qədər hərbi xidmətlə bağlı baş vermiş sığorta hadisələri ilə əlaqədar sığorta pulunun ödənilməsinə 2014-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, 1997-ci ildən qüvvədə olan «Hərbi qulluqçuların X10 sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Plenum Qərarına əsasən, həmin Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçularla bağlı qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, bildirmişdir ki, oğlu şəhid olduğu dövrdə o, ölkə xaricində olmuşdur. Hətta özü də oğlunun dəfnindən sonra yaşadığı rayona qayıtmış və bütün dəfn xərclərini özü təkbaşına çəkmişdir. Həmin dövrdə onun arvadının və qaynının deməsinə görə onlara rayon İcra Hakimiyyətindən müəyyən məbləğdə kömək olunmuşdur. Lakin həmin məbləğ istər həmin dövrdə də, istər indiki dövrdə də oğlunun dəfninə çəkdiyi xərclərin heç bir mislini belə kompensasiya etmir. Onun oğlundan əvvəlki və habelə sonrakı dövrdə də şəhid olmuş şəxslərin ailə üzvləri belə həmin sığorta pulunu ala biliblər. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı övladı X8 xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə ilə yaralanmış və vəfat etmişdir. İddia tələbi ilə əlaqədar Şirkətdə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifələrini yerinə yetirərkən aldığı güllə yarası ilə həlak olmuş şəhid X3 həyatını itirməsi ilə əlaqədar 5.500.000 (beş milyon beş yüz min) manat, yəni cari ilin ekvivalentinə uyğun olaraq 1.100 (bir min yüz) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən 22965 №-li, xx.xx.2005-ci il tarixli sərəncam ilə ödənilmişdir. Qeyd edilənlərdən məlum olur ki, iddiaçı tərəfindən irəli sürülən tələbin əsaslandığı sığorta hadisəsi üzrə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilmişdir. Odur ki, Şirkət üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə yazılı mülahizə göndərərək göstərmişdir ki, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də «Hərbi qulluqçuların X10 sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Qanunvericiliyin müddəasından göründüyü kimi, bu Fərman 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara şamil edilir. X3 xx.xx.2005-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi mümkün deyildir. Mövcud qanunvericiliyə əsasən qeyd olunan məsələnin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səlahiyyətləri xaricində olmasının məhkəmə tərəfindən nəzərə alınması xahiş olunmuşdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı övladı, xx.xx.1985-ci il təvəllüdlü X3 03 iyul 2004-cü il tarixdə Masallı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılması, xx.xx.2005-ci il tarixdə Müdafiə Nazirliyinin tabeliyində olan və cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində Şəhid olması işin mübahisə edilməyən halı olduğundan, bununla bağlı sənədlərin (Xİ-JQ seriyalı 254489 saylı doğum haqqında şəhadətnamə; № saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli bildirişi; AZ-İ seriyalı 145577 saylı ölüm haqqında şəhadətnamə; «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmasına dair vəsiqə) sadalanmasına zərurət yoxdur. Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı özü, eləcə də, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin Baş idarəsi vasitəsi ilə müxtəlif instansiyalara, həmçinin hazırda ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək, oğlunun şəhadəti ilə bağlı sığorta ödənişinin şəhid ailəsi kimi ona ödənilməsinin təmin edilməsini, bu məsələ ilə əlaqədar ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 may 2022-ci il tarixli, **********2 saylı və 29 iyun 2022-ci il tarixli, **********3 saylı məktublarından görünür ki, birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətlərə baxılaraq, müraciət edən şəxsə qanunvericiliyin tələbləri izah edilmiş və İddiaçı övladı X8 2005-ci ildə həlak olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Hərbi qulluqçuların X10 Sığortası üzrə 28 iyun 2005-ci il tarixli ********* saylı sərəncamdan görünür ki, «Azərsığorta» DSKŞ tərəfindən 5.500.000 AZM pul vəsaitinin sıravi X3 şəhadəti ilə əlaqədar köçürülməsinə dair sərəncam verilmişdir. Sərəncam verilməsinə səbəb olan sənəd 16 iyun 2005-ci il tarixdə «Azərsığorta» DSKŞ-yə təqdim olunmuşdur. Müvafiq tənzimlənmə tarixi isə sərəncamın verildiyi tarix olan 28 iyun 2005-ci ildir. Məhkəmə işə tam və hərtərəfli baxılması üçün Maraqlı şəxs ASC-yə sorğu ünvanlayaraq ödəniş əməliyyatı ilə bağlı olan müvafiq sənədlərin məhkəməyə təqdim olunmasını tələb etmiş və Maraqlı şəxs ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, sorğu olunan əməliyyatdan uzun müddət (xx.xx.2005) keçdiyinə görə, həmin ödəniş üzrə sənədlər bank əməliyyat sistemində mövcud deyil. İddiaçı cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinin iddia tələbinə etiraz ərizəsinə etiraz edərək göstərmişdir ki, oğlu 31 may 2005-ci il tarixində olanda o da bir çox vətəndaşlar kimi, şəhid olan oğlu da daxil olmaqla övladlarına bir tikə çörək qazanmaqdan ötrü Rusiyada olmuşdur. Gələndən sonra da baş verənlərin şokundan aylarla özünə gələ bilməmişdir. Keçən məhkəmə iclasında cavabdeh tərəfindən şəhid övladına görə sığorta pulunun ödənilməsi barəsində verilən qəbzdən sonra, oğlunun yas mərasimini təşkil edən qardaşından vəziyyət barəsində soruşanda bildirdi ki, həqiqətən oğlunun 40 mərasimi ərəfəsində qardaşı həyat yoldaşı ilə birlikdə Masallı şəhərinə çağırılaraq o dövrün pul vahidi olan “Şirvan” pul vahidi ilə müəyyən məbləğdə pul verilmişdir. Həmin pulun nə qədər olduğunu deməkdə çətinlik çəkərək bildirir ki, (dollarla götürəndə təxminən 1.000 dollar olduğu deyilirdi), həmin pul 200 nəfərlik insanın iştirak etdiyi 40 mərasiminin ərzağına çatmadı. Üstünə bir o qədər də qoyularaq 40 mərasimini keçirmişlər. O, heç istəməzdi deyə ki, cənub bölgəsi olan Masallı rayonunda həmin vaxtlarda 7 gün, 7 gecə ölən üçün yas saxlayaraq ehsan verirdilər. Sonra da 40 mərasiminə qədər olan cümə axşamları da ehsan verilirdi. Bu hesabla o, ancaq ehsan verməyə 10.000 dollar pul xərcləmişdir. Baş daşının da qoyulmasına da həmin vaxtı 4.000 dollar pul xərcləmişdir. Belə olan halda ancaq şəhid oğlunun yası və dəfni ilə bağlı 16.000 manatdan çox pul xərclənmişdi. O da daxil olmaqla həmin vaxtı şəhid olan əsgərlərin valideynləri bu məsələni qaldıranda, deyilirdi ki, Prezident bu yaxınlarda sığorta pulunu da qaldıracaq və şəhid olan əsgərlərin yas mərasimi, dəfn olunması və baş daşının qoyulması üçün ayrıca vəsait ayıracaqdır. Onda olan məlumatlara görə Prezident 2016-cı ildə şəhid olan əsgərlərin valideynlərinə 3.000 manat dəfn pulunun verilməsi barəsində Sərəncam vermişdir. Dəhşətlisi də odur ki, eşitdiyi digər məlumatlara görə Konstitusiya Məhkəməsi həmin dəfn pulunun 2016-cı ildən qabaq şəhid olanlara verilməsinə qadağa qoymuşdur. 2018-ci ildə isə Prezident 11.000 manat sığorta pulunun verilməsi barəsində Fərman versə də, sonralar bildirdilər ki, həmin Fərman 1997-ci ilə qədər şəhid olanların varislərinə aiddir. Guya verilən 1.000 manata görə, şəhidin varisini 11.000 manatdan məhrum etmək ədalətsizlik deyilmi? Konstitusiyaya görə verilən məhkəmə qətnaməsi qanuni və ədalətli olmalıdır. Onun isə şəhid övladının dəfni üçün xərclədiyi 16.000 manatının dövlət ancaq 1.000 manatını vermişdir. Qalan 15.000 manatının müəyyən hissəsini Prezidentin Fərmanını alternativ maddi hüquq norması kimi tətbiq edib verilən ədalətli məhkəmə qətnaməsi ilə ödəmək mümkün olsa da, hələ də tam müstəqil ola bilməyən məhkəmələr bunu etmək cəsarətində olmadıqları uçun, onun kateqoriyasında olan şəhidlərin varislərinin hüquqları kobud surətdə pozulur. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 2 iyun 2008-ci il tarixli, 618-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 620 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 1544 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2-ci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2. Müəyyən edilsin ki: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində, 7-ci maddəsinin birinci hissəsində və 9-cu maddəsində nəzərdə tutulmuş “dövlət sığorta orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların X10 sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların X10 sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçının oğlu xx.xx.2005-ci il tarixdə şəhid olmuşdur. Bundan sonra iddiaçıya həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq (xx.xx.2008-ci il tarixli dəyişiklikdən əvvəl) qanunla müəyyən edilmiş sığorta məbləği ödənilmişdir. Lakin sonradan qanunvericilikdə dəyişiklik edilməklə qeyd edilən sığorta məbləği artırılmışdır. Sığorta məbləğinin artırılması artıq bir dəfə həmin sığorta məbləğindən faydalanmış şəxsə yeni məbləğlə ödəniş edilməsini istisna etdiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, «Azərsığorta» DSKŞ tərəfindən 5.500.000 manat (1.100 manat) pul vəsaitinin sıravi X3 şəhadəti ilə əlaqədar aidiyyəti üzrə köçürülməsinə dair sərəncam verilmişdir. Bununla əlaqədar olaraq iddiaçı özü də oğlu şəhid olduqdan sonra müvafiq sığorta məbləğinin onun digər ailə üzvünə (arvadı X4) təqdim edilməsini təsdiq etmişdir. Göründüyü kimi iddiaçı oğlu X3 xx.xx.2005-ci il tarixdə şəhid olmasından sonra qanunla müəyyən edilmiş, həmin dövrdə 5.500.000 manat məbləğində sığorta ödənişini almışdır və hazırda iddiaçının qanunvericiliyə xx.xx.2008-ci il tarixdə edilən dəyişikliyə əsasən yeni məbləğin ödənilməsini tələb etməsi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «cəbhə bölgəsində olan hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «cəbhə bölgəsində olan hərbi hissədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə yaralanması nəticəsində həlak olaraq şəhid olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar