Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2893/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «soyadı daşımanın qadağan edilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «soyadı daşımanın qadağan edilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilova soyadının daşınmasının Cəlilova (Zoxrabova) Elnarə Rauf qızına qadağan edilməsi və cavabdehin hərəkətləri ilə ona vurulmuş mənəvi zərər qismində 50.000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Cəlilova (Zoxrabova) Elnarə Rauf qızı arasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) 1274 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra X8 onun soyadını götürmüş və həmin tarixdən cavabdehin soyadı «Cəlilova» olmuşdur. Onlar bir ailə kimi yaşadıqları son dövrdə cavabdeh ona xəyanət etmiş, başqa-başqa şəxslərlə münasibət qurmuş, buna baxmayaraq onunla da ailə münasibətlərini saxlamış, əsas məqsədi isə onun maddi imkanlarından istifadə etmək olmuşdur. Həmin ərəfədə o, şəhərdə məşhur şirkətlərdən biri olan «xxxxxxxxxx» MMC-nin Baş Direktoru olmuş və soyadı ilə ölkədə kifayət qədər nüfuzlu bir şəxs kimi tanınmışdır. Sonradan cavabdeh onun öz biznesində iflasa uğradığını görüb, ona xəyanət etməsini artıq gizlətməmiş və ondan boşanmaq istədiyini bildirmişdir. Hətta, cavabdeh ona yalnız hər ay 3.000 manat verəcəyi təqdirdə onunla rəsmi nikah münasibətlərini saxlaya biləcəyini və həftədə bir dəfə onunla ər-arvad münasibətində (intim əlaqə) ola biləcəyini ona təklif etmişdir. Bu zaman illərcə özünə həyat yoldaşı bildiyi və hər anı ilə paylaşdığı bu qadının əsl siması ona bəlli olmuş və o, başa düşmüşdür ki, artıq cavabdehlə ailə münasibətləri davam etdirilə bilməz. O, cavabdehə ayrılmaq barədə qəti fikrini bildirmiş və həmin vaxtdan cavabdehə ancaq və ancaq nifrətlə yanaşır. Bundan sonra, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Onunla Cavabdeh arasında olan nikahın pozulması Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə qeyd edilmişdir. Onların arasında olan ailə münasibətləri məhz cavabdehin ləyaqətsiz hərəkətlərinə görə pozulduğundan o, cavabdehin onun soyadını daşımasını artıq istəməmiş, bu üzdən birgə uşaqlarının olmasına baxmayaraq, cavabdehlə rəsmi nikahlarının ləğv edilməsini, cavabdehlə bütün mənəvi və rəsmi bağlılıqların pozulmasını istəmişdir. Lakin, aralarında olan nikah pozulduqdan sonra da, cavabdeh onun soyadını daşımaqda davam etmişdir. Halbuki, cavabdeh kimi şəxslərin onun soyadını daşımağa mənəvi haqqı yoxdur. Onun soyadında belə bir şəxsin olmasını istəmir, istəmir ki, kimsə cavabdehə Cəlilova kimi müraciət edib, onun soyadını alçaltsın. Cəlilov onun atasının soyadıdır. O, atası ilə fəxr edir. Atasının 83 yaşı var, sağ və salamatdır. X3 xx xxxxxx 1936-cı il tarixdə Şuşa şəhərində doğulmuşdur. 2 oğul atasıdır. X2 birgə 2001-ci ildən «xxxxxxxxxx» MMC-nin Baş təsisçisi olmuşdur. X17 tanınmış əməkdar jurnalist, dramaturq, Fəlsəfə və Tarix Elmləri namizədi, Azərbaycan Respublikası Yazıçılar İttifaqının Üzvü, 1950-ci ildən başlayaraq, ilk əvvəl «Pionerskaya Pravda» qəzetinin müxbiri, sonradan uzun illər (25 il) «Molodyoj Azerbaydjana» və «Binkinskiy Raboçiy» qəzetlərinin Baş Redaktoru, «İzvestiya» qəzetinin müxbiri, «Azerinform»un Baş Direktoru, C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının Baş Redaktoru, bir sıra kinofilmlərin, o cümlədən, ən məşhur və sevimli «Yol Əhvalatı», «Avqust gələndə», «Arayış», «Yay günlərinin xəzan yarpaqları», «Şeytan göz qabağında» kimi bədii filmlərin ssenari müəllifi olmuşdur. «Anın quruluşu», «Gözlə məni» və «Ailə» bədii filmlərinin isə redaktoru olmuşdur. Hətta, 1987-ci ildə Bakıda keçirilmiş Ümumittifaq Festivalında atasının yazdığı «Çertik pod lobovım steklom» filmi Festivalın «Qran-Pri» Mükafatını qazanmışdır. X5 bir sıra elmi kitabların müəllifi olmaqla yanaşı, korifeydir, onun yazdığı oçerklər əsasında bu günə kimi Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində «Oçerklərin yazılması» Tədris Proqramı ilə tələbələrə mühazirələr oxunur. X17 durmadan Azəbaycanın rifahı üçün çalışan bir insan olmuşdur, anası Həqiqət Cəlilova ilə 65 il ruhdan cana yaşamışlar və bu günə kimi evlilikləri davam edir. Onlar bu insanın nəslidirlər və onların nəslində ərinə xəyanət edən qadın olmamışdır. Necə olur ki, o, 17 il yaxşı kişi, yaxşı valideyn olmuşdur, amma pulu qurtaran kimi, ona xəyanət edilir, ailə, dostları və el içində rüsvay olunur və bunlarla yanaşı onun soyadı daşınır? Ərinə xəyanət edən iki oğul anasının nəinki ərinin soyadını daşımaq, hətta onun Azərbaycan qadını adını daşımaq hüququ yoxdur. Azərbaycan qadını anadır, müqəddəsdir və cavabdeh kimi şəxslərin Azərbaycan qadını sıralarında yeri yoxdur. O cümlədən, cavabdeh onun soyadını da daşımamalıdır. Qanunvericiliyə əsasən şəxsin adı onun adı, ata adı və soyadından ibarətdir. Bu isə o deməkdir ki, onun adı onun şərəf və ləyaqəti ilə bağlıdır və adına ləkə gətirilməsi şərəf və ləyaqətinin alçaldılması deməkdir. Bu baxımdan onun öz adını qorumaq hüququ vardır. Cavabdehin əxlaqa, mənəviyyata, ailənin milli dəyərlərinə zidd olan hərəkətləri artıq onun şərəf və ləyaqətinin alçalmasına səbəb olduğundan, ona mənəvi zərər dəymişdir. Bu üzdən, ona məxsus soyadın cavabdehdən alınması və ona vurulmuş mənəvi zərərə görə cavabdehdən 50.000 manat kompensasiya alınması üçün, məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cəlilova soyadını daşıması X4 qadağan edilməli və cavabdehin hərəkətləri ilə ona vurulmuş mənəvi ziyan qismində 50.000 manat pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə mülki işə onun iştirakı olmadan baxılması barədə ərizə və iddia ərizəsinə qarşı etirazla müraciət etmiş, iddia ərizəsinə etirazda göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə onunla iddiaçı arasında olan nikah pozulmuşdur. Nikahın pozulma səbəbi məhz İddiaçı evlilikləri boyunca ona etdiyi xəyanətlər olmuşdur. Belə ki, iddiaçı özü də qeyd etdiyi kimi «xxxxxxxxxx»nın Baş direktoru olmuşdur və o dövrdə maddi vəziyyəti o qədər artmışdır ki, iddiaçıda müvəffəqiyyətdən baş gicəllənmə olmuş və o, əldə etdiyi pulları qadınlara və kef məclislərinə xərcləməyə başlamışdır. Cəlilov X1 bir nömrəli müştərisi idi. «xxxxxxxxxxxxx» KB QSC-dən götürdüyü kreditlər hesabına bankın pullarını kazinolarda uduza-uduza sovuran zaman onun bir ailəsinin və iki oğlunun olması onun qəti yadına düşmürdü. İddiaçı, yəni keçmiş həyat yoldaşının iddiasında onun haqqında yazdıqları nalayiq fikirlər tamamilə yalan, böhtan və onun beyni ilə vəkilinin təxəyyülünün məhsuludur. Birgə evlilikləri müddətində o, sadiq həyat yoldaşı və fədakar ana olmuşdur. Bu faktı onların ailəsini tanıyan hər kəs təsdiqləyə bilər. O, 20 ildir ki, tibb işçisi, həkim-cərrah oftolmoloqdur. İşi ilə, əxlaq və tərbiyəsi ilə, nümunəvi davranışı ilə iş yoldaşlarının, eləcə də xəstələrinin rəğbətini qazanmışdır. Hesab edir ki, iddiaçının yazdığı böhtanlar və iftiralar iddiaçının onunla digər məhkəmə çəkişmələrini uduzması və istədiklərini ələ edə bilməməsi ilə bağlıdır. İddiaçı və onun vəkili Janna Bağırovanın ona qarşı olan planlarının heç biri həyata keçməmiş və ən sonunda adı çəkilən «möhtəşəm ikili» son çarəyə əl atmış və bu şəkildə ondan istədiklərini ala biləcəklərini düşünmüşlər. O isə öz növbəsində, digər məhkəmə çəkişmələrində olduğu kimi yenə də həqiqi faktlara əsaslanaraq, məhkəmə ədalətinə güvənmiş və şükürlər olsun ki, məhkəmələr barəsində qanuna və ədalətə əsaslanan qətnamələr qəbul etmişlər. İddiaçının jurnalist, dramaturq və s. oğlu olduğunu nəzərə alaraq bu dəfə yeni bir ssenari düşünərək hüquq elmində və məhkəmə praktikasında novatorluq etmək istəyərək qeyri-adi iddia ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin iş yükünü süni şəkildə artırmaqla məşğuldur. İddiaçı öz ərizəsində Mülki Məcəllənin 26.8-ci maddəsini (fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda bu Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir) əsas gətirərək ona mənəvi zərər vurduğunu iddia etmiş və mənəvi zərər qismində ondan 50.000 manat pul vəsaiti tələb etmişdir (yəqin ki, iddiaçı ondan 50.000 manat istəyir ki, uşaqlarına borclu olduğu 10.000 manatdan yuxarı yığılıb qalan aliment məbləğini ödəsin). Qanunun tələbindən də göründüyü kimi, maddədə ad və soyadın təhrifindən, eləcə də işgüzar nüfuza toxunan üsullarla istifadəsindən söhbət gedir. Bu situasiyada bu halların heç biri mövcud deyil. Çünki iddiaçının söylədikləri quru böhtandır, faktlara əsaslanmır. İddiaçı ondan boşanmasını qəbul etmək istəməyərək boşanma ərizəsi verildiyi tarixdən ona qarayaxma ilə məşğuldur. Göründüyü kimi, bu maddənin tərkibi belə bu iddiada mövcud deyildir. Hesab edir ki, iddiaçı ona sağ ol deməlidir ki, o, bu gün onun soyadı ilə ölkədə məşhur oftalmoloq kimi fəaliyyət göstərir. Soyad məsələsinə gəldikdə isə, o, xx xxxxxxxx 1999-cu il tarixdən etibarən Cəlilova soyadını daşıyır. Yəni İddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra. Belə ki, əmək fəaliyyəti boyunca bütün xəstələri və iş yoldaşları onu məhz Cavabdeh olaraq tanımış və yaddaşlarına həkk etmişlər. Eləcə də, 1999-cu ildən bu günə qədər keçən 21 il müddətində onun əldə etdiyi bir çox nailiyyətlərdə (xarici sertifikatlar, diplomlar, getdiyi seminar və treninqləri təsdiqləyən sənədlər) Cəlilova soyadı qeyd olunmuşdur. O cümlədən, şəxsi, məişət zəminində mövcud olan bütün sənədlər (bank kartları, götürülmüş kreditlər və s.) də bu soyad ilə rəsmiləşdirilmişdir. O isə hər dəqiqəsi dolu olan işgüzar bir səhiyyə işçisi olduğundan buna sərf edəcək zamanı yoxdur. Belə ki, boş işlərə sərf edəcək zamanda təcili bir xəstəni əməliyyat etməli ola bilər. Qanunvericiliyə görə, nikah pozulandan sonra öz soyadına qayıtmaq onun hüququdur, vəzifəsi deyildir. Soyadın dəyişdirilməsi şəxsin öz iradəsi və arzusu ilə həyata keçirilir. Onun isə belə bir arzu və ya istəyi yoxdur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh ərizəsini nəzərə alaraq, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər xx xxxxxxxx 1999-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar, cavabdehə nikah bağlandıqdan sonra Cəlilova soyadı verilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş iki övladları var, onlardan xx xxxxxx 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmamış, xx xxxxxx 2001-ci il təvəllüdlü X7 isə yetkinlik yaşına çatmışdır. Tərəflər arasında ailə münasibətləri pozulmuş və Cavabdeh nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı Səadət Sarayında 1274 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların atasından uşaqların anasının xeyrinə aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə Qeydiyyat şöbəsinə təqdim edilmiş və tərəflərə nikahlarının xx xxxxx 2016-cı il tarixdə 59 saylı akt qeydi ilə ləğv edilməsi barədə şəhadətnamə təqdim olunmuşdur. Nikah pozulandan sonra cavabdeh keçmiş ərinin soyadında qalmışdır. İddiaçı cavabdehin soyadının məcburi qaydada dəyişdirilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – yəni, cavabdehin iddiaçıya mənəvi ziyan vurmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Soyadın dəyişdirilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Göründüyü kimi, cavabdehin soyadını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququ var. Qanunda keçmiş arvadın nikahdan öncəki soyadını bərpa etməli olmasına dair imperativ göstəriş yoxdur. Bu səbəbdən, qeyd olunan hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «soyadı daşımanın qadağan edilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «soyadı daşımanın qadağan edilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2893/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2893/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver