Məhkəmə qərarları › İş №2(006)-2902/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2902/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2902/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09.08.2014-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olsa da, Nəsimi Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi ilə bu nikaha xitam verilməsi və bu nikahdan anadan olmuş 03.09.2016-cı il təvəllüdlü X2 saxlanması üçün cavabdehdən hər ay 500 manat alimentin tutulması qət edilmişdir. Boşandıqdan sonra 19 ay müddətin keçməsinə və aliment üzrə 9500 manat (19 ay x 500 manat) borcun yaranmasına baxmayaraq, iddiaçının çoxsaylı şikayətlərindən sonra cavabdeh cəmi 500 manat pul ödəmişdir. Cavabdehin bu cür davranışı iddiaçını və oğlunu çətin durumda qoyur. Belə ki, David “meningit, tetraventrikulyar hidrosefaliya və iki tərəfli toxum ciyəsinin kistası” diaqnozu üzrə mütəmadi müalicə aldığına görə onun saxlamaq və müalicə xərclərini ödəmək iddiaçı üçün çox çətindir. Bu xərcləri təsdiq edən maliyyə sənədlərini əldə etmək bir çox halda mümkün olmur. Bu səbəbdən burada xərclərin bir qismini təsdiq edən hallar bunlardır: 09.12.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 69 manat pul ödəmiş, 10.12.2019-05.01.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə və müalicə olduğu üçün 15084,18 manat pul ödəmiş, 26.12.2019-cu ildə Bakıda yerləşən “X3” tibb müəssisəsində müayinədən keçdiyinə görə 255 manat pul ödəmiş, 26.12.2019-cu ildə Bakıda yerləşən “X3” tibb müəssisəsində müayinədən keçdiyinə görə 47 manat pul ödəmiş, 14.01.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 89 manat pul ödəmiş, 17.01.2020ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 75 manat pul ödəmiş, 22.02.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 80 manat pul ödəmiş, 24.02.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 50 manat pul ödəmiş, 28.02.2020-29.02.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə və müalicə olduğu üçün 1700 manat pul ödəmiş, 27.07.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müayinədən keçdiyinə görə 40 manat pul ödəmiş, 30.07.2020-ci ildə Bakıda yerləşən “X15” tibb müəssisəsində müalicə olduğu üçün 560 manat pul ödəmişdir. Göründüyü kimi bu günədək iddiaçı oğlunun müayinə və müalicəsi üçün faktiki olaraq 18049,18 manat pul xərcləmiş, lakin cavabdeh bu xərclərdə iştirak etmədiyi üçün, bu məbləğ əlavə xərc olaraq cavabdehdən tutulmalıdır. 10.12.2019-ci il tarixində iddiaçının qayınanası Məlahət xanım tərəfindən 500 manat, 03.01.2020-ci il tarixində 1400 manat pul oğlu xəstəxanada olanda gətirib vermişdir. Bundan başqa, iddiaçının oğlunun müayinə və müalicəsi hələ də davam edir. Bu baxımdan, iddiaçının oğlunun müayinə və müalicəsi üçün gələcəkdə çəkiləcək zəruri xərclərə görə cavabdehdən əlavə olaraq aylıq 500 manat əlavə xərc də tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçının oğlu X2 müayinə və müalicəsi üçün faktiki olaraq çəkilmiş cəmi 18049,18 manat miqdarında vəsaitin əlavə xərc olaraq cavabdehdən tutulması, X2 reabilitasiyası məqsədilə aparılacaq zəruri müayinə və müalicəsi üçün gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edərək cavabdehdən sabit pul məbləğində aylıq 500 manat miqdarında əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, oğlu X4 müayinə və müalicəsi üçün faktiki olaraq çəkilmiş cəmi 18049,18 manat miqdarında vəsaitin yarısının cavabdehdən tutulması (cavabdeh tərəfindən faktiki olaraq ödənilmiş 1900 manat məbləğində pul vəsaitinin nəzərə alınaraq) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, iddia tələbinin təmin olunaraq 7124,09 manat məbləğində pulu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 11.09.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 828529 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 03 sentyabr 2016-cı ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, X1 meningit, tetraventrikulyar hidrosefaliya və iki tərəfli toxum ciyəsinin kistası qeydə alınır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(006)-1962/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 09 avqust 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1156 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 03 sentyabr 2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh 30.01.2019-cu il tarixdən başlayaraq, 03 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 500 (beş yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan hesab-faktura qəbzlərindən görünür ki, X2 müayinə və müalicə xərcləri 18049,18 manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.). Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, cavabdehin ərizəsini, eyni zamanda 03.09.2016-cı il təvəllüdlü X2 mənafeyini və xəstəliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh övladı X2 müalicəsi üçün əlavə xərclərin ödənilməsi ilə bağlı 7124,09 (yeddi min yüz iyirmi dörd manat, doqquz qəpik) manat (18049,18:2-1900=7124,09 manat) məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh övladı X2 müalicəsi üçün əlavə xərclərin ödənilməsi ilə bağlı 7124,09 (yeddi min yüz iyirmi dörd manat, doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar