Məhkəmə qərarları › İş №2(006)-2930/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2930/2020

17.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2930/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və cavabdehin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə X2 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 və “xxxx” Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 və “xxxx” Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, qətnaməsi ilə Cavabdeh1 ASC-nin ona və X5 qarşı kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiası qismən təmin edilmiş, onlardan müştərək qaydada 29703,78 manat əsas, 1144,52 manat faiz, 266 manat cərimə borcu olmaqla cəmi 3114,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, ona məxsus ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsi ilə satışı hesabına həyata keçirilməsi qət edilmişdir. Sonradan “xxxx” Şirkətlər Qrupu MMC-nin hərracın yekunları barədə protokolu ilə tanış olan zaman ona aydın olmnuşdur ki, qətnamənin icrası ilə əlaqədar olaraq sifarişçi Cavabdeh2 “xxxx” Şirkətlər Qrupu MMC-yə sifariş verilmiş və xx.xx.2018-ci ildə hərrac keçirilmiş və ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş ilkin olaraq 15% endirim edilməklə 38.250 manata satılmadığından sonradan 25% endirimlə yəni 28.687 manata iddiaçı bank tərəfindən alınmışdır. O hesab edir ki, hərrac mərkəzi onun iştirakı olmadan və onun həmin mənzilin satılması ilə bağlı ilk olaraq ona təklif etməli olduğu halda bunu etməmiş və onun hüquqlarını pozmuşdur. Hərrac mərkəzi açıq-aşkar bankın sifarişini yerinə yetirməklə mənzilin onun və ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilini çox aşağı qiymətə banka təhvil vermişdir. Ona hərracın keçirildiyi yer və vaxtı barədə heç bir rəsmi məlumat verilməmiş, ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşdur. “xxxx” Şirkətlər Qrupu MMC qərəzli olaraq madi və prosessual hüquq pozuntularına yol verməklə qeyriobyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Göstərilənlərə əsasən, “xxxx” Şirkətlər Qrupu MMC-nin ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə xx.xx.2018-ci il tarixli, 27/5 saylı yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahat verərək bildirmişdir hərrac protokolunun və tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab ediləsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Şirkətlər Qrupu MMC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Odur ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 və “xxxx” Şirkətlər Qrupu MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 27/5 saylı hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(010)-3085/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 29703,78 manat əsas, 1144,52 manat faiz, 266.26 manat cərimə borcu olmaqla cəmi 31114,56 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 ASC-nə ödənilməsi, müvafiq ödəniş İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil açıq hərrac vasitəsi ilə satışı hesabına həyata keçirilməsi və iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(103)-7132/2016 saylı İcra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 29703,78 manat əsas, 1144,52 manat faiz, 266.26 manat cərimə borcu olmaqla cəmi 31114,56 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 ASC-nə ödənilməsi, müvafiq ödəniş İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil açıq hərrac vasitəsi ilə satışı hesabına həyata keçirilməsi, mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi və iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğ cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 01/115№-li və xx.xx.2018-ci il tarixli, 01/115-1№-li açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən borclu İddiaçı və X5 hərracların keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Həmin bildirişlərdə hərracın Cavabdeh2 sifariş məktubu əsasında təşkil ediləcəyi göstərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən borclu İddiaçı hərracların keçirilməsi barədə bildirişlər göndərilmiş məktublar ünvanda yaşamadığından geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 25-xx xxxxxx 2017-ci il tarixdə dərc edilmiş Kaspi qəzetindəki elandan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılacağı və mənzilin ilkin qiymətinin 45.000 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixdə dərc edilmiş Kaspi qəzetindəki elandan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılacağı və mənzilin qiymətinin 38.250 manat təşkil etdiyi qeyd edilmişdir. iş materiallarında olan hərrac təşkilatının hərracın yekunları barədə 27/5 №-li protokolundan görünür ki, sifarişçi Cavabdeh2 tərəfindən “xxxx” Şirkətlər Qrupu MMC-yə sifariş verilmiş və mənzilin dəyəri xx.xx.2018-ci ildə hərrac keçirilmiş və ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş ilkin olaraq 15% endirim edilməklə 38.250 manat, sonradan 25% endirimlə yəni 28.687 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə Müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil 28.687 manata alıcı ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən alınmışdır. Hazırda iddiaçı, “xxxx” Şirkətlər Qrupu MMC-nin ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə xx.xx.2018-ci il tarixli, 27/5 saylı yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir; Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Qüvvədə olan ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). əvvəlki redaksiyada isə deyilirdi: Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qeyd olunan qanunvericiliyin normalarından da aydın görünür ki, qanunverici bildirişin hərrac iştirakçısına çatdırılmasını deyil, yalnız göndərilməsini nəzərdə tutmuşdur. Hərrac təşkilatının vəzifəsi bildirişi vaxtında qeydiyyat ünvanına göndərilməsi olmasıdır. Bu normalara iş materiallarında olan sənədlərə əsasən hərrac təşkilatı tərəfindən riayət olunmuş və bunun nəticəsində hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas qalmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 və “xxxx” Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2 və “xxxx” Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar