Məhkəmə qərarları › İş №2(006)-2931/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2931/2025

24.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2931/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin iyun-iyul ayları, 2024-cü ilin yanvar-fevral ayları üzrə və mart ayının 15-dək əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində hər ay üzrə 600 manat, ümumilikdə 2700 (iki min yeddi yüz) manat əmək haqqının və 60 manat mediasiya xərcinin Cavabdeh tərəfindən ona ödəbilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı müddətli əmək müqaviləsi əsasında "xxxx" MMC-də (əvvəlki adı "xxxx" şadlıq sarayı) işə qəbul olunmuş və MMC-nin direktorunun əmri ilə icarə müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" şadlıq sarayında xx.xx.2006-cı ildə elektrik vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Sonuncu dəfə əmək müqaviləsi xx.xx.2023-cü ildə yenilənmişdir. Belə ki, Cavabdehn rəhbəri (işə götürən) X2 xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti 2024-cü ilin mart ayının 15-dək uzadılmışdır. O, həmin müddətdə də elektrik vəzifəsində işləmişdir. 2024-cü ilin mart ayının 15-də müqavilə müddəti başa çatdığına görə əmək müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Elektik kimi aylıq məvacibi rəsmi olaraq 345 manat olsa da, şifahi razılaşmaya əsasən hər ay ona 600 azn pul ödənilmişdir. Qeyd edir ki, əmək haqı 600 manatı ona bəzən həmin MMC-nin mühasibi Şahin adlı şəxs, bəzən isə MMC-də işləyən X3 tərəfindən ona təqdim edilən cədvələ imza etməklə ödənilmişdir. Ondan başqa həmin cədvəldə santexnik, qaynaqçı, xadimə və sair şəxslərin adları və onlara aid məvaciblər qeyd edilmişdir. 2023-cü ilin iyuniyul ayları, həmçinin 2024-cü ilin yanvar-fevral ayları üzrə və mart ayının 15-dək işlədiyi əmək haqqı ona ödənilməmişdir. Dəfələrlə bu barədə MMC rəhbərliyinin qəbuluna gedib müraciət etsə də, heç bir nəticəsi olmamış, hazırkı vaxtadək cəmisi 2700 (iki min yeddi yüz) manat əmək haqqı ona ödənilməmişdir. Bu hal onun ailəsinin maddi durumuma, eyni zamanda səhətiylə bağlı müalicə almağına çox pis təsir göstərmişdir. Əmək haqqını tələb etdikdə MMC rəhbərliyi onun artıq işdən azad edildiyini və yaxın vaxtlarda ödənilməmiş əmək haqqını verəcəyinə söz vermiş, lakin hazırki vaxtadək müxtəlif bəhanələr gətirməklə 5 aylıq əmək haqqını ödəməkdən yayınır. İşlədiyi müddətdə həmişə özünü intizamlı aparmış, hər zaman şirkətin rəhbərliyinin əmr və tapşırıqlarını layiqincə yerinə yetirmişdir. İşlədiyi müddətdə heç bir vaxt, intizam (əmək) cəzası almamışdır. Hal-hazırda onun əmək hüquqları pozulmuşdur, ona verilməli olan əmək haqqından qanunsuz olaraq məhrum olunmuşam. Bu vəziyyət ailəsinin və uşaqlarının maddi cəhətdən təmin olunmasına ağır zərbə vurmuşdur. Hesab hesab edir ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı 5 aylıq əmək haqqının qaytarılması məsələsinə məhkəmə qaydasında baxılmalı və "xxxx" MMC tərəfindən heç bir əsas olmadan saxlanılmış qeyd etdiyi müddət üzrə əmək haqqı tam şəkildə ona ödənilməlidir. Qeyd edir ki, "xxxx" MMC ilə aralarında olan əmək haqqı ilə bağlı mübahisənin qarşılıqlı razılaşma, sülh yolu ilə həll edilməsi üçün Mediasiya qurumuna müraciət etdi, lakin qarşı tərəf mediasiyaya gəlmədiyinə görə müsbət nəticə əldə edilmədi. Belə ki, Bakı şəhəri 2 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli sənədinə əsasən Mediasiya sessiyasında iştirak edilməməsi barədə müvafiq arayış ona təqdim edilmişdir. Buna görə məhkəməyə iddia ərizəsi ilə müraciət etməli oldu. 3.Sonradan Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia müddəti ilə yanaşı iddia tələbinin əsassız olduğunu nəzərə alaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini əsaslandıra bilməmiş, formal mülahizələrə və əsassız sözlərə istinad etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən tərəflər istinad etdikləri halalrı subutetməlidirlər. Eyni zamanda iddiaçının rəsmi və şifahi razılaşdırılmış əmək haqqı ilə bağlı qeyd etdikləri cəfəngiyatdır. Çünki belə bir hal mövcud deyil və heç vaxtda olmamışdır. O, əmək müqaviləsi qüvvədə olduğu müddətədə təyin edilmiş rəsmi əmək haqqnı tam şəkildə almışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra onlara vurduğu maddi ziyana və işçi kimi şəxsi keyfiyyətlərinə görə onunla əmək müqaviləsi uzadılmamışdır. Eyni zamanda tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki qanunvericiliyin tələbinə əsasən pul və digər əmlak tələbləri üzrə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 (bir) il ərizəndə məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə iddia qanunla müəyyən edilmiş müddətdən 31 gün sonra verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun rəsmi əməkhaqqı 345 manat təşkil edirdi. Əməkhaqqını nağd şəkildə alırdı, hesabına köçürülmürdü. 2024-cü il mart ayının 15-də əmək müqaviləsinin müddəti başa çatdığına görə ona xitam verilmişdir. Yanvar ayından 15 mart tarixinədək heç bir əməkhaqqı almamışdır. Həmçinin, 2023-cü ildə də iki ay üzrə əməkhaqqı verilməmişdir. Cavabdeh tərəf əməkhaqqının ödənilməsini dəfələrlə gecikdirmiş, 2024-cü ildə isə ümumiyyətlə əməkhaqqı ödənilməmişdir. O, əməkhaqqının ödənilməsini tələb etdikdə isə ona guya işə gəlmədiyi bildirilmişdir. 6.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Belə ki, mülki işin materiallarında olan: -Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehndə “elektromontyor” vəzifəsinə işə götürülmüşdür. İşəgötürən işçiyə işlədiyi hər ay üçün 350 manat əmək haqqı ödəyəcək. Bu əmək müqaviləsi müddətli bağlanılmış və xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. - X4 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müvafiq sənədlər təqdim edilmədiyindən müraciətdə göstərilən hallarla bağlı araşdırmanın aparılması mümkün olmamışdır. Qeyd edilən məsələnin həlli ilə bağlı məhkməyə müraciət etmək hüququ izah olunmuşdur. - Bakı şəhəri 02 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2-00128 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 11:00-da keçirilən mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasının xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən dövlət büdcəsi hesabına ödənilmişdir. -Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh fəaliyyətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;... Maddə 57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 10.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. 11.Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. 12.Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. 13.Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 14.Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). 15.Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). 16.Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. 17.Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. 18.Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. 19.Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş materiallardan göründüyü kimi, iddiaçı ilə cacabdeh arasında olan əmək münasibətlərinə 15 mart 2024-cü il tarixində müqavilə müddəti başa çatdığına görə əmək müqaviləsinə xitam vermişdir. O, 28 fevral 2025-ci il tarixində mediasiya orqanına müraciət etmiş və bu tarix iddia müddətinin axımını müvafiq olaraq dayandıran hüquqi nəticə doğurmuşdur. 20.Beləliklə məhkəmə hesab edir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən — xx.xx.2025-ci ildən — geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. xx.xx.2024-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir. 21.Nəticə etibarilə, cavabdehin iddiaçının iddia müddətini tam şəkildə keçdiyinə dair irəli sürdüyü etirazlar tam əsaslı hesab oluna bilməz, lakin bu etiraz idddiaçının xx.xx.2024-cü ildən əvvəlki dövrə dair tələblərinə münasibətdə əsaslıdır. Beləliklə məhkəmə yalnız xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə irəli sürülmüş tələblərin araşdırılmasına və hüquqi qiymət verilməsinə yol verə bilər. 22.Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 2023-cü ilin iyun-iyul ayları, 2024-cü ilin yanvar-fevral ayları üzrə və mart ayının 15-dək əmək haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh bunun əksini sübut edən, yəni həmin vəsaitlərin ödənildiyini təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən həmin vəsaitlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti qismən ötürüldüyündən, əmək haqqı yalnız xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə hesablanmalıdır. 23.Məhkəmə ona da vurğulamağı zəruri hesab edir ki, İddiaçı Studiya Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddət ərzində 600 manat əmək haqqı aldığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərə, həmçinin iddiaçının məhkəmə iclası zamanı verdiyi izahata əsasən onun rəsmi olaraq 350 manat əmək haqqı aldığı müəyyən edilmişdir. 24.Həmin əsasda, xx.xx.2024–xx.xx.2024 tarixləri arasında hesablanmalı əmək haqqı aşağıdakı qaydada müəyyən edilmişdir: 1.2024-cü ilin fevral ayında işçinin işə çıxdığı günlər yalnız 28 və 29 fevral olmaqla, ümumilikdə 2 iş günü təşkil etmişdir. Həmin ayda ümumilikdə 21 iş günü mövcud olmuş, beləliklə, 345 manatlıq aylıq əmək haqqı 21 iş gününə bölündükdə, 1 iş günü üçün 16 manat 43 qəpik müəyyən edilir. Bu məbləğlə 2 iş günü vurulduqda, fevral ayı üzrə ödənilməli əmək haqqı 32 manat 90 qəpik təşkil edir. 2.mart ayı üzrə hesablamada nəzərə alınmalıdır ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyindən, həmin gün əməkhaqqı hesablamasına daxil edilmir. 2024-cü ilin mart ayında ümumilikdə 21 iş günü olmuşdur və iddiaçının bu dövrdə 10 iş günü (01–14 mart) işlədiyi müəyyən edilmişdir. Hər bir iş gününə görə əmək haqqı məbləği (345 ÷ 21 =) 16 manat 43 qəpik olmaqla, 10 iş günü üzrə iddiaçıya ödənilməli əmək haqqı 164 manat 30 qəpik təşkil edir. 25.Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə əmək haqqı ümumilikdə 197.2 manat təşkil etmişdir. 26.Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı mediasiyaya müraciət etmiş və 60 manat məbləğində rüsum ödənilmişdir. Odur ki, 60 manat məbləğində mediasiya xərcinin 5 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (mütənasiblik nəzərə alınmaqla). 28.Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 197.2 (bir yüz doxsan yeddi manat, iyirmi qəpik) manat məbləğində ödənilməyən əmək haqqı İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 31.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 32.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 197.2 (bir yüz doxsan yeddi manat, iyirmi qəpik) manat məbləğində ödənilməyən əmək haqqı İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 5 (beş) manat hissəsi Cavabdehndən alınaraq İddiaçı verilsin, mediasiya xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar