Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2932/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və müavinət tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər uşağın saxlanılması üçün əmək haqqından ¼ hissəsi miqdarında pulun tutulması, xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh onun xeyrinə 150 manat pulun tutulması, mediasiya xərcinin də cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 21 aprel 2019cu il tarixdə qeydiyyat orqanında nikah qeyd edilməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 05 aprel 2021-ci ildə X4 anadan olmuşdur. Uşağın atası olmasına baxmayaraq cavabdeh uşağın saxlanması üçün vəsait verməkdən boyun qaçırır. Halbuki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı halhazırda işləmir və azyaşlı birgə nikahdan olan uşağına baxır. Bu səbəbdən də uşağın 3 yaşına çatana qədər cavabdehdən müavinətin tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmamış və mediasiya ilə bağlı xərclər iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün onun yetkinlik yaşına çatana kimi hər ay 200 (iki yüz) manat sabit pul məbləği formasında alimentin, həmçinin İddiaçı saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 150 (yüz əlli) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment və müavinətin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin cavabdeh qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 023703 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, tərəflərin arasında 21 aprel 2019-cu il tarixdə nikah bağlanaraq bu barədə akt qeydləri kitabında 847 saylı qeyd aparılmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 584176 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, tərəflər xx.xx.2021-ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR TN Üzeyir Hacıbəyli ad.Bakı Musiqi Akademiyasından verilən Arayışdan görünür ki, Cavabdeh həqiqətən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvəzçi kimi internet koordinatoru vəzifəsində işləyir. Aylıq əmək haqqı 420 manat və ələ çatan məbləği 329.70 manat təşkil edir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, bu Arayış İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 13:00-14:00-da keçirilən nikahın pozulması tələbinə dair iş üzrə ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Qeyd edilir ki, iddia tələbi üç hissədən ibarətdir. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və özünün saxlanılması üçün uşaq 3 yaşına çatanadək 150 (yüz əlli) manat sabit pul məbləğində müavinət tutulmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir və bu məbləğ tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün zəruridir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat, həmçinin İddiaçı saxlanılması üçün 100 (yüz) manat sabit pul məbləğində aliment və müavinət tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da diqqətə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş üzrə ilkin mediasiya sessiyası üçün iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti AR Mülki Prosessual Məcəlləsinin 119.2, 124.1 və “Dövlət rüsumu haqqında” AR Qanununun 9.4-cü maddəsinə əsasən, Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 05 aprel 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və İddiaçı saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 (yüz) manat, cəmi 293 (iki yüz doxsan üç) manat məbləğində aliment və müavinət alınaraq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyası üçün iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Aliment və müavinət məbləğinin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentə və müavinətə dair hissə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi andan 1(bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2932/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2932/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver