Məhkəmə qərarları › İş №2(006)-2936/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2936/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2936/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin məcburi qaydada ödənilməsi” tələbinə dair mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 15.03.2021-ci il tarixində iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, ailəsilə birlikdə Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün düşmüşdür. Beş ildir ki, İmişli rayonunun Ağamalı kəndində məskunlaşmışdır. 23.07.2018-ci ildə yaşadıqları Ağamalılar kəndinin girişində idarə etdiyi "Toyota Hilux" ** XV *** dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini X2 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində avtomobilinə 6.660 (altı min altı yüz altmış) manat maddi ziyan dəymişdir. Onların şikayətləri əsasında yol nəqliyyat hadisəsi ilə bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılmışdır. İmişli rayon Polis Şöbəsində müraciəti əsasında 2 dəfə - 01.08.2018-ci il və 25.10.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ancaq hər 2 qərardan İmişli rayon prokurorluğuna verdiyi şikayət əsasında sözügedən qərarlar qanunsuz və əsasız hesab edilərək ləğv edilmişdir. Sonuncu dəfə bu iş üzrə İmişli rayon Polis Şöbəsinin 30 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda yol nəqliyyat hadisəsinin X2 təqsiri üzündən baş verdiyi öz əksini tapmışdır. Belə ki, qərarda deyilir ki, "23.07.2018-ci il tarixdə saat 19:00 radələrində X9 idarə etdiyi "Mercedes Benz" C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yan məsafə saxlamalı və avtomobilin idarə olunmaz vəziyyətinə düşməsinə yol verməməli olduğu halda bunlara riayət etməmiş və avtomobilini hərəkət etdirərkən qarşıdan gələn körpüyə birinci daxil olmuş İddiaçı Qüvvət oğlunun idarə etdiyi "Toyota Hiluxsurf" markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onunla toqquşmuş, nəticədə özünün yüngül bədən xəsarəti almasına və İddiaçı isə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə səbəb olmuşdur. Bu hal material üzrə əlavə araşdırma zamanı dindirilmiş şəxslərin izahatları, hadisə yerinə baxış protokolu, əlavə məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert rəyi ilə təqsiqini tapmışdır". Sözügedən qərara əsasən X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin X17 Bölməsinə göndərilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Daha sonra İmişli RPŞ-nin İstintaq bölməsinin 03.04.2019-cu il tarixli arayışı və sözügedən qərar əsasında ona sığorta ödənişinin verilməsi ilə bağlı ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Ancaq cavabdeh qurum heç bir qanuni və ciddi əsas göstərmədən İmişli RPŞ-nin 30 mart 2019-cu il tarixli qərarını şübhə altına almış, 22.05.2019-cu il tarixli müraciətlə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Müraciətdə cavabdeh İmişli RPŞ-nin 30 mart 2019-cu il tarixli qərarında guya onunla Rəsul Qanbayovun təqsirə dair öz aralarında razılaşaraq bu yolla sığorta ödənişi alacaqlarına dair razılaşdıqları və İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kamran Vəliyevin yol nəqliyyat hadisəsini əslində olduğundan fərqli qaydada sənədləşdirdiyini göstərmiş, Rəsul Qanbayov, o və müstəntiq Kamran Vəliyevin Azərbaycan Respubılikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etməyi, Kamran Vəliyevin isə əlavə olaraq Cinayət Məcəlləsinin 313-cü müddəsində nəzərdə tutulmuş cinayəti əməli törətməsi barəsində mülahizə irəli sürmüşdür. Cavabdeh ASC-nin bu müraciəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə İmişli rayon Prokurorluğuna göndərilmişdir. İmişli rayon Prokurorluğunun müstəntiqi X12 28 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarla İmişli RPŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən yol nəqliyyat hadisəsinin iştirakçıları olan o və Rəsul Qanbayovun dələduzluq cinayətini törətməyə cəhd etməyinə dair xüsusatın araşdırılması məqsədilə prokurorluqda toplanmış materialın surəti istintaq aidyyəti üzrə İmişli rayon Polis Şöbəsinə göndərilmişdir. İmişli rayon Polis Şöbəsinin 18 yanvar 2020-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə o və Rəsul Qanbayovun əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi olmadığından hər ikiləri barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti həmçinin cavabdeh "xxxx" ASC- yə göndərilmişdir. Ancaq bu 01 ildən çox müddətdə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh orqan müxtəlif bəhanələrlə sığrota ödənişini ödəməkdən imtina etmiş, sonuncu müraciətində isə məsələ ilə bağlı yenidən hansısa əsassız bəhanə ilə hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdiridlməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 4817 manat məbləğində dəymiş ziyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 izahatında bildirdi ki, 4750 manat sığorta pulu X6 ödənilmişdir, lakin sonradan qərar ləğv edildiyinə görə, sıcorta ödənişi məhkəmənin qərarı ilə geri alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon Polis İdarəsinin 18 yanvar 2019-cu il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibi olmadığından hər iki şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Polis İdarəsinin 18 yanvar 2019-cu il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibi olmadığından hər iki şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Polis İdarəsinin 28 dekabr 2019-cu il tarixli cinayət işinin başlanamasının rədd edilməsi barədə qərardan görünür ki, İmişli RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis baş leytenantı Kamran Vəliyev, İmişli rayon polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Mehdi Hüseynzadə və İmişli rayon polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı işləmiş, polis X8 əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsi ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qeyd olunan yol-nəqliyyat hadisəsinin iştirakçıları İddiaçı və X4 dələduzluq cinayətini törətməyə cəhd etmələrinə dair xüsusat üzrə sonuncuların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət tərkibinin olub-olmamasını müəyyən etmək məqsədilə həmin hissədə araşdırmanın davam etdirilməsi, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməsi üçün toplanmış materialın surəti istintaq aidiyyəti üzrə İmişli rayon polis şöbəsinə göndərilməsi, qəbul edilmiş qərarın surəti "xxxx" ASC, İddiaçı və X7 göndərilsin və izah edilsin ki, qərardan narazı qaldığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud İmişli rayon məhkəməsinə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, "23.07.2018-ci il tarixdə saat 19:00 radələrində X9 idarə etdiyi "Mercedes Benz" C180 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yan məsafə saxlamalı və avtomobilin idarə olunmaz vəziyyətinə düşməsinə yol verməməli olduğu halda bunlara riayət etməmiş və avtomobilini hərəkət etdirərkən qarşıdan gələn körpüyə birinci daxil olmuş İddiaçı Qüvvət oğlunun idarə etdiyi "Toyota Hiluxsurf" markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onunla toqquşmuş, nəticədə özünün yüngül bədən xəsarəti almasına və İddiaçı isə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Toyota Hilux” ** XV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4817 manat zərər məbləğinin məcburi qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar