Məhkəmə qərarları › İş №2(006)-2938/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2938/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2938/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin və hesablanmış dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin və hesablanmış dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən 63297,97 manat sığorta ödənişinin və sığorta ödənişi məbləğinin gecikdirilməsinə görə hesablanmış 13860,51 manat dəbbə pulunun, cəmi 77158,48 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X8 23 sentyabr 2022-ci il tarixdə "xxxx" Mənzil- Tikinti Kooperativinə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. O, həmin tarixdən 20 fevral 2023-cü il tarixədək Kooperativdə işləmişdir. 20 fevral 2023-cü il tarixdə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində atası X8 vəfat etmişdir. Belə ki, o, inşa edilən binanın 8-ci mərtəbəsindən yıxılaraq yer səthinə düşmüşdür. Qeyd edir ki, "xxxx" MTK-ya münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta "xxxx" Sığorta Şirkəti ASC (bundan sonra "Cavabdeh" adlanacaq) tərəfindən həyata keçirilmişdir. Bunun müqabilində Kooperativ tərəfindən müvafiq sığorta haqları Cavabdehə ödənilmişdir. Atasının vəfatından sonra cavabdehə müraciət olunaraq, baş vermiş sığorta hadisəsinə görə, müvafiq sığorta ödənişinin verilməsi xahiş edilsə də, cavabdeh bundan imtina etmişdir. Sığorta hadisəsinə görə, cavabdeh tərəfindən ona ödənilməli sığorta ödənişi 63297,97 manat təşkil edir. Nəzərə alınsa ki, 14 sentyabr 2023-cü il tarixdən etibarən cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmişdir, bu halda ödəniş 219 gün gecikdirilmişdir. Odur ki, Qanunun 16.5-ci maddəsinin tələbi baxımından 25 aprel 2024-cü il tarixədək hesablanmış dobbə pulunun məbləği 13860,51 manat (=63297,97 manat x 0,1 % = 63,29 (bir gün üzrə dəbbə pulu məbləği) x 219 gün) təşkil edir. Sonradan, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "sığorta ödənişinin və hesablanmış dəbbə pulunun ödənilməsi tələbi"nə dair 2(006)- 2938/2024 saylı mülki iş üzrə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışlar ki, iddiaçının atası X3 sığortaolunanlar siyahısına daxil edilməsinə dair **********345 saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" Sığorta müqaviləsinə AH**********/1 saylı Əlavə bağlanmışdır. Yuxarıda qeyd olunan AH**********/1 saylı Əlavə üzrə sığorta haqqının ödənilməli olan tarixi 18 yanvar 2023-cü il razılaşdırılsa da, Əlavə üzrə sığorta haqqı qeyd olunan müddət ərzində ödənilməmiş, bu isə sığorta təminatının başlanmaması ilə nəticələnmişdir. Bədbəxt hadisə isə sığorta təminatı başlamadığı müddətdə, yəni 20 fevral 2023-cü il tarixində saat 11:30-da baş vermiş, yalnız bundan sonra 22 fevral 2023-cü il tarixində saat 10:43-də sığorta haqqı ödənilmişdir. Nəticədə, iddiaçının atası X8 bədbəxt hadisə baş verən zaman "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığorta olunmamışdır. Göründüyü kimi, 20 fevral 2023-cü il tarixində baş vermiş hadisə zamanı Əlavə üzrə sığorta haqqı ödənilmədiyindən sığorta təminatı başlanmamışdır. Sığorta təminatı başlamayıbsa, bu zaman söhbət gedə bilməz. Yəni sığorta təminatı siğorta hadisəsindən, nəticədə sığorta ödənişindən başlanmayan Müqavilədə hadisəyə görə ödəniş tələb etmək qanunvericiliyin pozulması olub, sığortanın mahiyyətinə, prinsiplərinə ziddir. Qanunvericiliyə görə, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalı və sığorta riski isə siğorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisənin sığorta hadisəsi kimi qiymətləndirililməməsi ilə bağlı hüquqi mövqe "xxxx" Sığorta Şirkətinin kassator qismində iştirak etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-196/2021 saylı iş üzre çıxarılmış yeni qərarında əks etdirilmişdir. AR Ali Məhkəmənin Kommersiya Kollegiyasının 18 may 2021-ci il tarixli 2-2(102)-196/2021 saylı Qərarında qeyd olunur ki, "sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin definisiyada məhz "risklər" sözündən istifadə olunması mümkün siğorta hadisəsinin baş vermə imkanının ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun onilliklər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta instituna məhz bu kontekstən baxılır. Ciddi (nüfuzlu) siğorta şirkətinin artıq baş vermiş (yaxud baş verməsi öncədən dəqiq məlum olan) hadisəyə görə siğorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkünsüzdür". Göründüyü kimi, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Bir sözlə, sığorta haqqı ödənilən zamanı iddiaçının atasına münasibətdə bədbəxt hadisə artıq baş vermişdir. Bu isə sığortanın mahiyyətinə, prinsiplərinə ziddir və sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçının tələbi ilə bağlı bildirirəm ki, sığorta ödənişinin məbləğinin hesablanması AR Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması" Qaydasına müvafiq olaraq hesablanır. Yəni iddiaçının tələb etdiyi məbləğ Qaydalara müvafiq olaraq hesablanmalıdır. Bu isə hazırda iş materialları ilə aşkarlanmır. Qeyd olunandan əlavə isə, 01 may 2023-cü il tarixli Təhqiqat Aktından da görünür ki, hadisə ilə bağlı əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər kimi "xxxx"MTK-nın həm briqadiri, həm də sahə rəisi qeyd olunmuşdur. Bu isə o deməkdir ki, baş vermiş hadisə ilə bağlı işəgötürənin cavabdehliyi müəyyən olunmuşdur. Nəticədə, AR Əmək Məcəlləsinə görə, İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini bütövlükdə ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək və verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «İşəgötürən» qismində "xxxx" MTK ilə «İşçi» qismində X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, X8 “Xəmsə Palace 2021" MTK-ya Fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 fevral 2014-cü il tarixli, AZ-İİİ seriyalı 258042 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Oqtay oğlunun atası X6r. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 330039 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında aki qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 313 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinun "xxxx" MTK-ə ünvanladığı 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əmri ilə yaradılmış komissiya "xxxx" Mənzil Tikinti Kooperativinin işçisi X3 xx.xx.2023-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmışdır. Bədbəxt hadisənin təhqiqat aktının 5-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi və görülmüş tədbirlər haqqında X10 Xidmətinə məlumat verilməsi üçün materiallar göndərilir. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2023 saylı aktdan görünür ki, "xxxx" MTK-nın işçisi X8 2023-cü il tarixində işə başlamazdan əvvəl briqada üzvləri ilə birlikdə briqada nəzarətçisi Ceyhun Hacıyev tərəfindən şifahi təlimatlandırılmış və həmin gün görəcəyi işlər barədə tapşırıq almışdır. Saat 09:00-da aldığı iş tapşırığına müvafiq olaraq Bakı şəhəri, Binəqədi şosesi, S.S.Axundov küçəsinin şimal hissəsində inşa edilən 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində döşəmənin perimetri boyu qurulan mühafizə quraşdırılması işinin icrasına başlamışdır. Yəni təhlükəsizlik qaydalarına uyğun olaraq binanın hər iki mərtəbəsindən bir, döşəmədən 2.0 metr kənara çıxan taxta materialından əlavə döşəmə qurulur ki, aşağı düşmənin qarşısı alınsın. Eyni zamanda binanın sütunları boyu kəndir çəkilmişdir ki, döşəmənin kənarında işləyən işçi təhlükəsizlik kəmərini həmin kəndirə keçirsin. Zərərçəkən O.Ələkbərov saat 11:00-da başlayan çay fasiləsindən sonra işinə davam etmiş, yəni bir tərəfi dəmir xamutla binaya bərkidilən 122x100 mm ölçüdə taxtaları quraşdırmağa başlamışdır. Təqribən 4.0 metr uzunluğunda olan həmin taxtaların uzunluğu olan beton döşəmədən kənara çıxmalı, digər uc hissəsi betona bərkidilmiş dəmir xamuta idi. O.Ələkbərov həmin taxtalardan birinin uc hissəsinin -dəmir xamuta keçib-keçmədiyini yoxlamadan əlindən buraxmış və taxtanın ağırlığı onun 8-ci mərtəbədən yıxılaraq yerə düşməsinə səbəb olmuşdur. O, həmin işi tək başına icra etmişdir. Hadisə baş verən zaman saat 11:30 radələrində səs-küy sahə rəisi Ə.Hüseynov, briqada nəzarətçisi C.Nəbiyev və digər iş yoldaşları O.Ələkbərov düşdüyü yerə getmişlər. Sonradan məlum olmuşdur ki, O.Ələkbərov işi görərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Dərhal hadisə baş verən yerə təcili yardım briqadası çağırılmış, müayinədən sonra Ələkbərov Oqtayın hadisə nəticəsində öldüyü təsdiq edilmişdir. Hadisə nəticəsində vəfat etmiş X3 meyiti müayinə olunması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi kspertiza və Pataloji Anatomiya Birliyi" publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinə aparılmışdır. 5 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZE İİ N 330039 nömrəli “Ölüm haqqında şəhadətnamə "də X4 xx.xx.2023-cü ildə "Bədəni bir neçə nah. əhatə edən digər müştərək sınıqları səbəbindən ölməsi qeyd edilmişdir. Bədbəxt hadisənin səbəbləri: 1) "xxxx" MTK-nın rəhbərliyi tərəfindən təsdiq edilimiş xx.xx.2022-ci il tarixli "Fəhlənin vəzifə Təlimatının" 5-ci bəndinin (təhlükəsizlik, əməyin hafizəsi və iş metodlarının təlimatlandırılması qaydalarını bilməlidir və bunlara riayət etməlidir) taləbinə riayət edilməməsi. "xxxx" MTK təsdiq etdiyi xx.xx.2022-ci il tarixli "Briqada nəzarətçisi vəzifə Təlimatının" 1-ci abzasının 3-cü cümləsinin (fərdi mühafizə vasitələrinin düzgün istifadə olunmasına zarət etməlidir), həmin təlimatın "b" bəndinin (əmək qanunvericiliyinin və texniki təhlükəsizlik aydalarının pozulmasına görə məsuliyyət daşıyır ) tələblərinə riayət edilməməsi. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016 tarixli, 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 4.12-ci bəndinin (Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir) tələblərinə əməl edilməməsi. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: "xxxx" MTK - nin fəhləsi ay Ələkbərov , briqadiri Ceyhun Nəbiyev , sahə rəisi Əlizamin Hüseynov. Bədbəxt hadisənin şahidləri: Ceyhun Nəbiyev, Nihad Məmmədli. İş materiallarında olan “Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması” haqqında xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, bədbəxt hadisə "xxxx" MTK-nın işçisi X3 xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində həmin MTK tərəfindən Bakı şəhəri, Binəqədi şosesi, S.S.Axundov küçəsinin şimal hissəsində inşa edilən 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mərtəbələrarası mühafizə çəpərini quraşdırarkən 8-ci mərtəbədən təxminən 24.5 metr hündürlükdən yıxılaraq yer səthinə düşməsi nəticəsində baş vermişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol verilmiş şəxslər haqqında komissiyanın rəyindən gprünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən "xxxx" MTK-nın fəhləsi X3 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən briqada nəzarətçisi X7 nəzarətsizliyini, 4.3-cü bəndinə əsasən "xxxx" MTK-nın sahə rəisi X1 cavabdehliyini müəyyən etmişdir. X3 ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarına uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MTK- da uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi "xxxx" MTK-nın rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənin ailə üzvləri ilə görüşmüş və onlara sosial təminat hüquqlarını qanunvericliyin tələblərinə müvafiq qaydada izah etmişlər. İş materiallarında olan Hesab Fakturasından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 22 fevral 2023-cü il tarixində saat 10:43-də sığorta haqqı ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2.3-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü faydalanan şəxs hesab edilirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı sığortalı və vəfat etmiş X3 oğlu olduğundan, o hazırki iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur və onun belə bir iddia qaldırmağa subyektiv hüququ vardır. Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır və istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir. Sığorta insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində tutarlı bir iqtisadihüquqi kateqoriyadır. Sığorta münasibətləri Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu sahədə aparıcı yer tutan Mülki Məcəllə ilə yanaşı digər qanunvericilik, normativ-hüquqi aktlarla və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi - istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasən müəyyən edililr. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri sayılır. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılması olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması halı sayılır. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən sığortaçının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılmasında iştirak etmək hüququ vardır. Həmin Qanunun 16.3.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması» Qaydalarının 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Göstərilən Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalı, sığorta riski isə siğorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik olmalıdır. Məhkəmə hesab edir ki, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin definisiyada məhz "risklər" sözündən istifadə olunması mümkün siğorta hadisəsinin baş vermə imkanının ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun onilliklər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta instituna məhz bu kontekstən baxılır. Ciddi (nüfuzlu) siğorta şirkətinin artıq baş vermiş (yaxud baş verməsi öncədən dəqiq məlum olan) hadisəyə görə siğorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkünsüzdür. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş Hesab Fakturasından görünür ki, sığorta haqqı sığorta təminatı başlamadığı müddətdə, yəni 22 fevral 2023-cü il tarixində saat 10:43-də ödənilmişdir. Nəticədə, iddiaçının atası X8 bədbəxt hadisə baş verən zaman "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığorta olunmamışdır. Bir sözlə, sığorta haqqı ödənilən zamanı iddiaçının atasına münasibətdə bədbəxt hadisə artıq baş vermişdir. Bu isə sığortanın mahiyyətinə, prinsiplərinə ziddir və sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı “cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-dən 63297,97 manat sığorta ödənişinin ona ödənilməsi” tələbi əsassız olduğundan, onun “sığorta ödənişi məbləğinin gecikdirilməsinə görə hesablanmış 13860,51 manat dəbbə pulunun ona ödənilməsi” tələbi ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin və hesablanmış dəbbə pulunun ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin və hesablanmış dəbbə pulunun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar