Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-295/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ödənilməmiş 1.560 manat sığorta məbləğinin, "xxxx" Firmasına xidmət haqqı olaraq ödənilmiş 50 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi və mülkiyyətində olan “Opel Zafira minik” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış “Hyundai İX-35” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X.Həbibullayeva tərəfindən idarə edilərkən iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyməsi və ona məxsus “Opel Zafıra minik” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 820 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müəyyən edilmiş məbləğ həddindən artıq az hesablanmışdır və iddiaçı buna öz etirazını bildirmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ekspert rəyi verilmişdir və bu rəydə də vurulmuş maddi zərərin miqdarı bazar qiymətinə uyğun hesablanmamışdır, cəmi 1.040 manat dəymiş zərər müəyyən edilmişdir. Verilmiş rəy də real bazar qiymətlərinə uyğun olmamışdır. İddiaçı dəymiş zərərin bazar qiymətinin müəyyən edilməsi ilə bağlı "xxxx" Firmasının “Opel” servisinə müraciət etmiş, firma tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmiş və arayışda: “1. Arxa baqaj 350 manat, 2. Arxa bufer 200 manat, 3. Arxa sağ stop 180 manat, 4. Baqajın zamoku 80 manat, 5. Baqajın üstündə olan xrom kant 80 manat, 6. Baqajın iç plastması 40 manat və 7. Arxa buferin salaskası 50 manat olmaqla ehtiyyat hissələri 980 manat” hesablanmışdır. Həmçinin, dəmirçi işinə görə 300 manat, rəngsaz işinə görə 280 manat müəyyən edilmişdir. İddiaçıya ümumilikdə 1560 (min beş yüz altmış) manat maddi ziyan vurulmuşdur və bu məbləğdə sığorta ödənişi ona ödənilməlidir. Sığorta ödənişi həyata keçirilmədiyindən avtomobil təmir edilməmiş qalmışdır və bu da iddiaçı üçün əlavə yükdür, halbuki dəymiş zərər tam şəkildə ona ödənilməli idi. İddiaçı bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh qanunvericiliyin tələblərini yerinə yetirməmiş, iddiaçıya dəymiş real zərəri ödəməmişdir. Buna görə də sığorta məbləği tam olaraq cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmçinin, avtomobilə dəymiş maddi ziyan müəyyən edilərkən iddiaçı tərəfindən "xxxx" Firmasına 50 (əlli) manat məbləğində ödəniş edilmiş və bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin qismən, yəni tələbin 1040 manat hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə saat 16:30-da Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış X1 tərəfindən idarə olunan “Hyundai İX-35” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən idarə olunan “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş və hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş edilmiş müddət ötürülmədən “Opel Zafira” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 820 manat məbləğində müəyyən edilmişdir. O, məbləğlə razılaşmadığından zərərin qiymətləndirilməsi üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müstəqil ekspertin təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə şirkətə müraciət etmiş, ərizəyə əsasən, zərərin qiymətləndirilməsi üçün "xxxx" MMC seçilmişdir. Həmin ekspertiza mərkəzi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş zərər 1040 manat müəyyən edilmişdir. Lakin iddiaçı bu qiymətlə də razılaşmamış və bilavasitə öz təşəbbüsü ilə "xxxx" adı ilə fəaliyyət göstərən müəssisəyə müraciət etmiş və həmin müəssisənin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 1560 manat məbləğində zərər dəyməsi hesablanmışdır. Qeyd edilmişdir ki, "xxxx" firması sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi reyestrində qeydə alınmamışdır. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin qurumun qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirmiş olsa belə, iş üzrə əhəmiyyət kəsb edə bilməz. Həmin zərər aktı real hesab edilə bilməz, bu səbəbdən də məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməməlidir. Həmçinin, cavabdeh qeyd edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün "xxxx" firmasına ödəniləcək 50 manat məbləğində pulun cavabdehdən tələb edilməsi tam əsassızdır. Göstərilənlərə əsasən, iddia tələbinin qismən, yəni 1040 manat hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi və dövlət rüsumunun iddiaçıya aid edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddianı qismən qəbul edib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə müəyyən edilmiş 1070 manat hissəsində iddianın qismən təmin edilməsinə cavabdeh tərəf etiraz etmir. Məhkəmə xərcləri isə iddiaçıya aid edilməlidir. Bu səbəbdən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehdin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və etirazı mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 798518 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2006-cı il buraxılışlı, 99NC036 qeydiyyat nişanlı, “Opel Zafira minik” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində İddiaçı məxsus “Opel Zafira minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı Şirkət tərəfindən 820,00 (səkkiz yüz iyirmi manat) məbləğində müəyyən edilmiş, İddiaçı ilə Şirkət arasında dəyən zərərin miqdarı barədə razılıq əldə olunmadığından məhz zərərçəkmiş şəxsin seçimi əsasında nəqliyyat vasitəsi Şirkətlə əməkdaşlıq edən “Volvo” avtoservis tərəfindən təmir edilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertlərdən birini seçməsi ondan xahiş olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 5982 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 510 manat, işçilik xidmətləri isə 530 manat olmaqla, cəmi zərər 1040 (bir min qırx) manat müəyyən olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" Firması tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 001 nömrəli təmir kartından görünür ki, ehtiyat hissələrinə görə 980 manat, dəmirçi işinə görə 300 manat, rəngsaz işinə görə isə 280 manat olmaqla, “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1560 manat müəyyən olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" Firmasına servis xidməti üçün 50 manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vurulan maddi zərərin məbləği "xxxx" MMC tərəfindən 1040 (bir min qırx) manat müəyyən edilmişdir. Qiymətləndirmənin nəticəsi ilə razı olmadığı təqdirdə avtomobili Şirkətin əməkdaşlıq etdiyi servis-təmir müəssisələrinin birinə təqdim etməsi ondan xahiş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7750 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il buraxılışlı “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1070 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 37 manat məbləğində dövlət rüsumu ödənilmiş, 0.60 manat qalıq qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində cavabdeh tərəfindən sığortalanan “Hyundai İX-35” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yolnəqliyyat hadisəsi törədilmiş və iddiaçıya məxsus olan “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus avtomobilə dəyən maddi ziyanın məbləği barəsində narazılıq yaranmış, belə ki, iddiaçı avtomobilə dəyən zərərin 1560 manat məbləğində olmasını bildirərək, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh avtomobilə dəymiş ziyanın 1040 manat hissəsi ilə razılaşmışdır, bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddia tələbini 1070 manat hissəsində qəbul edərək, iddianın həmin hissədə qismən təmin edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə görə 2006-cı il buraxılışlı “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1070 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-922.2-ci maddələrinə müvafiq olaraq, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2 və 18.1-ci maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin, sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məkhəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7750 nömrəli ekspert rəyinə əsasən, 2006-cı il buraxılışlı “Opel Zafira” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1070 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “ödənilməmiş 1.560 manat sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə qismən, yəni ekspert rəyinə müvafiq olaraq 1070 manat məbləğində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia qismən təmin edildiyindən, - qüsur aktının tərtib edilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 35 (otuz beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı aid edilməli; - iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 35 manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 15 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli; - ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, qalan 11 (on bir) manat hissəsi isə İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1070 (bir min yetmiş) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı verilsin. Qüsur aktının tərtib edilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 35 (otuz beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilsin, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı aid edilsin. Ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilsin, qalan 11 (on bir) manat hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 35 (otuz beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-295/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-295/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver